Tarixə qısa nəzər: EYOF-da Azərbaycan izi - III hissə

Tarixə qısa nəzər: EYOF-da Azərbaycan izi - III hissə

Əvvəli Tarixə qısa nəzər: EYOF-da Azərbaycan izi - III hissə başlıqlı yazıda.
 

Tampere-2009

X Avropa Gənclər Olimpiya Festivalı 2009-cu il iyulun 18-dən 25-dək Finlandiyanın Tampere şəhərində təşkil olunub. 9 idman növü üzrə (atletika, basketbol, velosiped idmanı, gimnastika, həndbol, cüdo, üzgüçülük, tennis və voleybol) keçirilən yarışlarda ümumilikdə 49 ölkədən 3302 idmançı 109 dəst medal uğrunda mübarizə aparıb. Festivalda Azərbaycan 32 (20 oğlan, 12 qız) idmançı ilə cüdo, üzgüçülük, tennis, atletika və velosiped idmanı növlərində təmsil olunub. Komandamız festivalda 2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib çıxıb. Bu medalları komandamızın aktivinə cüdo üzrə yığmamızın üzvləri yazdırıblar. Bütün rəqibləri üzərində inamlı qələbə qazanan cüdoçularımız Kamran Bağırov (50 kq), Cəlil Cəlilov (66 kq) qızıl medal əldə ediblər. Gümüş medalı komandamıza xanım cüdoçumuz Şəfəq Muradzadə (52 kq) qazandırıb. Digər cüdoçumuz Mahir Cəfərli (60 kq) isə festivalın bürünc medalına sahib çıxıb. Cüdo üzrə komandamızın üzvləri ümumi hesabda 2 qızıl, 1 gümüş və 1 bürünc medalla ikinci yerdə qərarlaşıb.
X Avropa Gənclər Olimpiya Festivalında ümumilikdə 37 ölkə medal əldə edib. Yarışın yekunlarına əsasən Azərbaycan komandası 4 medalla festivalda iştirak edən 49 ölkə arasında 19-cu pillədə yer alıb.

Trabzon-2011

XI Avropa Gənclər Olimpiya Festivalı 2011-ci il iyul ayının 24-29-da Türkiyənin Trabzon şəhərində keçirilib. Bu festivalda dünyanın 49 ölkəsindən 4 minə yaxın idmançı atletika, basketbol, velosiped idmanı, gimnastika, həndbol, cüdo, tennis, voleybol və üzgüçülük üzrə yarışlarda iştirak edib. Festivalda Azərbaycanın 35 gənc idmançısı altı idman növü (atletika, cüdo, idman gimnastikası, velosiped idmanı, üzgüçülük, tennis) üzrə yarışlarda qüvvəsini sınayıb.
XI Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan yığma komandası 3 medala (1 qızıl, 2 gümüş) sahib çıxıb. Cüdoçumuz Firudin Dadaşov (73 kq) qızıl, digər cüdoçularımız Hüseyn Rəhimli (66 kq) və Cəlil Şükürov (90 kq) isə gümüş medallara layiq görülüblər. 
Komandamız bu nəticə ilə 49 ölkə arasında 23-cü yeri tutub.
  
 
Utrext-2013

Niderlandın Utrext şəhəri 2013-cü il iyulun 14-dən 19-dək XII Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edib. Yarışda Avropanın 49 ölkəsindən 3143 idmançı mübarizə aparıb. İdmançılar festivalda idmanın 9 növü üzrə keçirilən yarışlarda qüvvələrini sınayıblar. Azərbaycan komandası yarışda 5 (atletika, tennis, üzgüçülük, velosiped idmanı, cüdo) idman növündə 30 idmançı ilə mübarizə aparıb. İdmançılarımız Utrextdə 2 qızıl və 1 bürünc medala sahib çıxıblar. Qızıl medalları ölkəmizə cüdoçumuz Elnur Abbasov (50 kq) və üçtəkanla tullanma yarışlarında mübarizə aparan Nazim Babayev qazandırıb. Bürünc medala isə digər cüdoçumuz Hidayət Heydərov (60 kq) sahib çıxıb. Komandamız bu nəticə ilə 49 ölkə arasında 18-ci yeri tutub.
 
 
Tbilisi-2015

2015-ci il iyulun 26-dan avqustun 1-dək Gürcüstanın paytaxtı Tbilisidə XIII Avropa Gənclər Olimpiya Festivalı keçirilib. Yarışda dünyanın 50 ölkəsindən 3304 idmançı 9 idman növündə mübarizə aparıb. Azərbaycan komandası festivalda 6 idman növü – atletika (10 nəfər), tennis (4), üzgüçülük (5), bədii gimnastika (1), velosiped idmanı (3) və cüdo (12) üzrə 35 idmançı ilə təmsil olunub. İdmançılarımız festivalı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Komandamıza qızıl medalları cüdoçularımız Şəfəq Həmidova (40 kq) və Hasil Cəfərov (73 kq) qazandırıb. Digər cüdoçularımızdan Kəramət Hüseynov (55 kq) gümüş, İbrahim Bayramlı (50 kq) və İsmayıl İbrahimov (60 kq) isə bürünc medala sahib çıxıblar. Azərbaycan komandası bu göstərici ilə ümumi medal sıralamasında 22-ci yeri tutub.
 
Azər Əlizadə

Ardı var...