Əvvəli Tarixə qısa nəzər: EYOF-da Azərbaycan izi - III hissə başlıqlı yazıda.
Gyor-2017
2017-ci il iyulun 23-30-da Macarıstanın Gyor şəhərində XIV Avropa Gənclər Olimpiya Festivalı keçirilib. Festivalda qitənin 50 ölkəsindən 3675 idmançı 10 idman növündə (basketbol, həndbol, gimnastika, voleybol, cüdo, atletika, üzgüçülük, tennis, avarçəkmə, velosiped idmanı) qüvvəsini sınayıb. XIV Olimpiya Festivalında 41 atletlə təmsil olunan Azərbaycan komandası 4 idman növü (cüdo, atletika, velosiped idmanı, tennis) üzrə yarışlarda mübarizə aparıb.
İdmançılarımız Gyor-2017-ni 2 (1 gümüş və 1 bürünc) medalla başa vurublar. Ölkəmizə hər iki medalı cüdoçularımız qazandırıblar. Təmsilçilərimizdən Vüsalə Kərimova (-40 kq) gümüş, Adil Kərimli (-90 kq) isə bürünc medala sahib çıxıb. Komandamız bu nəticə ilə festivalda mübarizə aparan 50 ölkə arasında 33-cü olub.
Bakı-2019
2019-cu il iyulun 21-27-də XV Avropa Gənclər Olimpiya Festivalına Azərbaycanın paytaxtı Bakı şəhəri ev sahibliyi edib. Son illərdə bir çox beynəlxalq idman yarışlarının uğurlu təşkilatçısına çevrilən Azərbaycan bu mötəbər idman tədbirində də yüksək səviyyəli təşkilatçılıqla yadda qalıb. Festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosiyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər. Mərasimdə üçrəngli bayrağımızı 15 yaşlı cüdoçu, 2018-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının və Avropa Kubokunun qalibi Vüqar Talıbov aparıb. Sonra Azərbaycan Respublikası baş nazirinin birinci müavini, Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin rəhbəri Yaqub Eyyubov və Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosiyançiç çıxış edərək idmançılara uğurlar arzulayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev XV Avropa Gənclər Olimpiya Festivalını açıq elan edib.
“Zirvələrə hazırıq” devizi altında keçirilən Bakı-2019 XV Avropa Gənclər Olimpiya Festivalının yarışları paytaxtın 12 idman obyektində yeddi gün davam edib. Festivalda 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarında 135 dəst medal uğrunda mübarizə aparıb. Festivala 122 idmançı ilə təmsil olunan komandamız yarışları 23 (10 qızıl, 7 gümüş və 6 bürünc) medalla başa vuraraq, 48 ölkə arasında dördüncü pillədə qərarlaşıb. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.
Qızıl medalları komandamıza Fərid Sadıqlı, Qurban Qurbanov, Elmir Əliyev, Həsrət Cəfərov, Xasay Həsənli (hamısı yunan-Roma güləşi), Murad Haqverdiyev, Kənan Heybətov, Cəbrayıl Hacıyev (hamısı sərbəst güləş), Hüseyn Məmmədov və Turan Bayramov (hər ikisi cüdo) qazandırıblar.
Gültəkin Şirinova, Elnurə Məmmmədova, Mərziyə Sadıqova (hamısı qadın güləşi), Əbülfəz Nəsirov, Sabir Cəfərov (hər ikisi sərbəst güləş), Səməd Məmmədli (idman gimnastikası) və Vüqar Talıbov (cüdo) gümüş medala layiq görülüb.
Şükran Zamanlı, Məhərrəm İmamverdiyeva, Gülşən Bəşirova (hamısı cüdo), Mircavad Nəbiyev (sərbəst güləş), Nihat Məmmədli (yunan-Roma) və Nigar Mirzəzadə (qadın güləşi) isə bürünc medala sahib çıxıb.
Bakı-2019 XV Avropa Gənclər Olimpiya Festivalında yeddigünlük idman mübarizəsinin yekununda 38 ölkənin təmsilçiləri medal qazanıblar.
İyulun 27-də Bakı-2019 XV Avropa Gənclər Olimpiya Festivalının (EYOF) bağlanış mərasimi keçirilib. “Baku Crystal Hall”da təşkil olunan təntənəli bağlanış mərasimində Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Avropa Olimpiya Komitələrinin (AOK) vitse-prezidenti Nils Nayqaard, növbəti festivala ev sahibliyi edəcək Slovakiyanın Banska Bistritsa bölgəsinin meri Yan Nosko, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər.
Bağlanış mərasiminin iştirakçıları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev də olublar.
Ardınca Y.Eyyubov, N.Nayqard və EYOF-un növbəti ev sahibi – Slovakiyanın Banska Bistritsa şəhərinin meri Yan Noskonun iştirakı ilə Avropa Olimpiya Komitələrinin bayrağı endirilib və qonağa təqdim olunub.
Banska-Bistritsa-2021
XVI Avropa Gənclər Olimpiya Festivalına 2022-ci il iyulun 24-dən 30-dək Slovakiyanın Banska Bistritsa şəhəri ev sahibliyi edib. Əslində, bu şəhərin 2021-ci il iyulun 25-dən 31-dək Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcəyi planlaşdırılsa da, yarış koronavirus pandemiyası səbəbindən 1 il təxirə salınmışdı. Festivalda 50 ölkədən 4 minə yaxın idmançı qüvvəsini sınayıb. 10 idman növü üzrə keçirilən yarışda azərbaycanlı yeniyetmə idmançılar da iştirak ediblər. Atletlərimiz yarışda 7 idman növündə (atletika, tennis, üzgüçülük, velosiped, cüdo, badminton, gimnastika) 33 idmançı ilə təmsil olunublar. İdmançılarımız yarışı 8 (2 qızıl, 4 gümüş 2 bürünc) medalla başa vurublar. Komandamız bu medalların hamısını cüdo yarışlarında əldə edib. Belə ki, festivalda 12 (7 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunan yığmamız fərdi yarışları 7 medalla başa vurub. Qarışıq komanda yarışlarında isə yığmamız bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb.
Fərdi yarışlarda komandamızın heyətində Fidan Əlizadə (-57 kq) qızıl, Könül Əliyeva (-48 kq), Murad Əliyev (-55 kq), Nurlan Kərimli (-60 kq) və İsmayıl Zamanov (-81 kq) isə gümüş medal qazanıb. Bürünc medallara isə Aydan Vəliyeva (-52 kq) və Kənan Nəsibov (+100 kq) sahib çıxıblar.
Festivalın sonuncu günündə isə cüdo üzrə qızlardan və oğlanlardan ibarət qarışıq komanda yarışları keçirilib. Heyətində 4 qız və 6 oğlan cüdoçunun yer aldığı komandamız bütün rəqiblərini məğlub edərək möhtəşəm qələbə qazanıb. Beləliklə, XVI Avropa Gənclər Olimpiya Festivalını 8 medalla başa vuran komandamız bu nəticə ilə medal qazanan ölkələr arasında 18-ci yeri tutub.
Maribor-2023
2023-cü il iyulun 23-29-da Sloveniyanın Maribor şəhərində XVII Avropa Gənclər Yay Olimpiya Festivalı keçirilib. Festivalda 48 ölkədən 3 minə yaxın atlet 11 idman növü üzrə mübarizə aparıb. Azərbaycan Maribor-2023-də 7 (cüdo, gimnastika, tennis, üzgüçülük, atletika, şose velosipedi, dağ velosipedi) idman növü üzrə 36 idmançı ilə təmsil olunub.
Millimiz festivalı 3 qızıl, 3 gümüş və 4 bürünc olmaqla 10 medalla başa vurub. Millimizin aktivinə bütün medalları cüdoçularımız yazdırıblar. Təmsilçilərimizdən fərdi yarışlarda Vüsalə Rzayeva (-48 kq), Xədicə Qasımova (-52 kq), Aslan Kotsoyev (-90 kq) qızıl, Süleyman Şükürov (-73 kq), Ramazan Əhmədov (+90 kq) gümüş, Nihad Məmişov (-50 kq), Ayxan Mirzəzadə (-55 kq), Məhəmməd Musayev (-60 kq) və Cəsur İbadlı (-66 kq) isə bürünc medal əldə edib. Cüdo üzrə qarışıq komandamız isə ikinci yeri tutmaqla ölkəmizə EYOF-2023-ün sonuncu medalını qazandırıb.
Festivalı 10 medalla başa vuran Azərbaycan komandası medal sıralamasında 13-cü pillədə qərarlaşıb.
Azərbaycan idmançıları bu il də EYOF-da uğur qazanmağa çalışacaqlar. Ötən festivallarda qazanılmış zəngin təcrübə, artan peşəkarlıq və yenilənən komanda ruhu qarşıdakı yarışlara olan inamı daha da artırır. İdmançılarımıza bu çətin və şərəfli yolda uğurlar arzulayırıq. İnanırıq ki, komandamız digər festivallarda olduğu kimi, bu dəfə də Vətənə medallarla qayıdacaqlar.
Azər Əlizadə