Əvvəli Şimali Makedoniyada iki, Xorvatiyada isə bir şəhər avropalı idmançıları salamlayacaq - III hissə başlıqlı yazıda
“Centar” Olimpiya üzgüçülük hovuzu
Şimali Makedoniyanın ən böyük üzgüçülük obyekti EYOF-2025-in oğlan və qız iştirakçılarının mübarizə məkanı seçilib. Hovuzda 24/7 fəaliyyət göstərir, texniki imkanları daim nəzarətdədir. Avropanın gələcək Olimpiya çempionlarının yolu məhz “Centar” Olimpiya üzgüçülük hovuzunda kəsişəcək.
Partizan İdman Zalı
Bu idman zalı EYOF-2025-də stolüstü tennis və atıcılıq yarışlarının keçiriləcəyi məkan kimi xidmət edəcək. Skopyenin Karpoş rayonunda yerləşən bu tarixi idman zalı 2023-cü ildə müasir bir obyektə çevrilib. Yenilənmiş infrastruktura və çoxşaxəli tərtibata malik olan zal indi ənənəvi müasirliklə vəhdət təşkil edir.
Skopye Bədən Tərbiyəsi Universiteti
Paytaxtın ali təhsil ocağına məxsus olan fakültənin idman zalı Avropa Gənclər Olimpiya Festivalı zamanı taekvondo yarışlarına ev sahibliyi edəcək. Ümumilikdə fakültənin 1500 kvadratmetr sahəni əhatə edən və 500 yerlik 4 idman zalı var. Onlar ən müasir idman avadanlıqları ilə təchiz olunub. Burada müxtəlif idman növləri üçün mövcud şərait formalaşdırılıb.
Boris Traykovski Arena
Skopyenin Karpoş bələdiyyəsində yerləşən Boris Traykovski İdman Mərkəzi Şimali Makedoniyanın əsas qapalı idman və tədbirlərin keçirildiyi məkandır. Arena 2008-ci ilin mayında öz qapılarını idmançılar və azarkeşlər üçün açıb. Həmin vaxtdan etibarən həm yerli, həm də beynəlxalq tədbirlər üçün mərkəzi arena statusunu qoruya bilib. Boris Traykovski İdman Mərkəzi EYOF-2025-də oğlan və qızladan ibarət voleybol komandalarının dəyişməz ünvanı olacaq.
“Gradski Vrt” yarış zalı
Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçirilən yarışlarından yalnız idman gimnastikası üzrə iştirakçılar Şimali Makedoniyadan kənarda öz bacarıqlarını nümayiş etdirəcəklər. Yarışların Təşkilat Komitəsi bunun üçün Xorvatiyanı seçib. Belə ki, avropalı gimnastlar festivalın fəxri mükafatları uğrunda mübarizə üçün Xorvatiyanın Osiyek şəhərinə yollanacaqlar. Bildirilir ki, idman gimnastikası yarışlarını “Gradski Vrt” zalında 3500-dən artıq azarkeş izləyə biləcək. Xatırladaq ki, bu idman qurğusunda əvvələr əsasən həndbol və basketbol yarışları təşkil edilib. Belə ki, 2009-cu ildə kişilər arasında həndbol üzrə dünya çempionatı, 2017-ci ildə Xorvatiya ilə İspaniya arasında Devis Kuboku matçı keçirilib.
Anar Əhmədov