Mehriban xanım Əliyeva 2004-cü ildən təsis edilmiş Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan cəmiyyəti və dünya xalqları üçün xüsusi əhəmiyyəti ilə seçilən sosial-humanitar layihələrin təşəbbüskarı və reallaşdırıcısı olub. Yarandığı gündən qarşısına qoyduğu ali məqsədlərin gerçəkləşdirilməsi naminə inamla çalışan, qısa müddətdə strateji əhəmiyyət daşıyan bir sıra layihələri gerçəkləşdirən Heydər Əliyev Fondu son 21 ildə cəmiyyətdə xeyirxahlıq ünvanına çevrilib.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi cəmiyyət tərəfindən böyük razılıqla qarşılandı. Uzun illərdir ki, çoxşaxəli fəaliyyəti ilə Mehriban xanım müstəqil dövlətin və xalqın inkişafına böyük töhfələr verib. Azərbaycanın birinci xanımının fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək dəyərləndirirlər.
Faktlarda bunu aydın görə bilərik. Belə ki, Mehriban xanım 2004-cü ildə UNESCO-nun, ondan cəmi iki il sonra ISESCO-nun xoşməramlı səfiri adına layiq görüldü. 2007-ci ildə “Qızıl ürək” beynəlxalq mükafatını alıb. Həmin ildə Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülüb. 2009-cu ildə “XXI əsrin böyük qadını” laureatı olub. 2010-cu ildə Fransanın “Şərəf legionu” ordeninə və UNESCO-nun “Qızıl Motsart” medalına layiq görülüb. Mehriban xanım müxtəlif din mənsublarına xoş münasibət və qayğı göstərməklə də beynəlxalq aləmin diqqətini çəkib. Bu səbəbdəndir ki, Mehriban xanıma “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun “Yaqut Xaç” ordeni verilib, Rus Pravoslav Kilsəsi onu II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib.
Təbii ki, bir azərbaycanlı qadının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi çox sevindiricidir. Mehriban xanım Əliyeva ilə bağlı isə daha önəmlisi onun dövlət, millət və bəşəriyyət əhəmiyyətli proqramlar həyata keçirməsidir. Konkret desək, Azərbaycanın birinci xanımı dünya miqyasında qiymətləndirilən fəaliyyət göstərməkdədir.
Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ötən müddət ərzində başqa sahələrdə olduğu kimi idman və Olimpiya Hərəkatı sahəsində gördüyü işlər xalqımız üçün dövlətimiz üçün, sözün əsl mənasında, dəyərli, faydalı olmuşdur. Ardıcıl və məqsədyönlü fəaliyyət nəticəsində Fond həm respublikamızda, həm də xaricdə, nüfuzlu beynəlxalq qurumlarda böyük hörmət qazanmışdır.
Azərbaycan artıq dünyada idman məkanı kimi tanınır. İdmanın inkişafı məsələsi də Mehriban Əliyevanın fəaliyyətində xüsusi yer tutur. Və bu sahəyə xüsusi önəm verilir. Məlum olduğu kimi, 2004-cü il 28 dekabrda Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilmişdir.
Yeri gəlmişkən, onu da demək zəruridir ki, Mehriban xanımın idmana böyük diqqət yetirməsi təsadüfi deyil. Azərbaycan gənclərinin hərtərəfli inkişafı üçün çalışan Mehriban xanım gənc nəslin intellektual və fiziki inkişafı istiqamətində mühüm işlər görür. İndi hər bir Azərbaycan vətəndaşı tez-tez eşidir ki, Mehriban xanım təhsil, elm, incəsənət sahələrində müntəzəm olaraq proqramlar reallaşdırır. Yeni məktəblər inşa etdirir, təlim-tədris prosesinə lazımi şərait yaratmağa böyük dəstək verir. Bu aspektdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini ayrıca vurğulamaq lazımdır.
"2002-ci ildə Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildi və bu andan müstəqil Azərbaycanda gimnastikanın bütün növlərinin intibahı başladı. 2003-2004-cü illərdə ölkə beynəlxalq gimnastika yarışlarına ev sahibliyi edib. 2015-ci ildə isə Mehriban xanım Azərbaycanda birinci Avropa Oyunlarının və bədii gimnastika üzrə beynəlxalq kubok yarışının uğurla keçməsində böyük rol oynayıb. O, “Eurovision” mahnı müsabiqəsi və IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların yüksək səviyyədə keçirilməsi işinə də bilavasitə rəhbərlik edib.
Dövlətin qayğısı və diqqəti nəticəsində özünün genişmiqyaslı inkişaf mərhələsinə qədəm qoymuş idman sahəsində əldə edilmiş uğurların miqyasından hamı xəbərdardır. İdmançılarımızın Dünya və Olimpiya yarışlarında ölkəmizi layiqincə təmsil etmələri dövlətin göstərdiyi güclü dəstək sayəsində mümkün olduğu da hamıya məlumdur. Respublikada inşa edilən və ən müasir avadanlıqla təchiz olunan Olimpiya idman komplekslərinin sayı 50-ni ötmüşdür. Belə vacib prosesə fəal qoşulan Heydər Əliyev Fondu da idmanımızın inkişafına dəstək göstərir, sağlam gəncliyin yetişməsi işinə öz töhfəsini verir. “İdman sağlamlıq rəmzidir, idman gözəllik rəmzidir, idman milli qürur və milli həmrəylik rəmzidir”,- deyən Mehriban xanım Əliyeva idmanın cəmiyyətin həyatında oynadığı rolu yüksək qiymətləndirərək, onun həm də birləşdirici gücünün olduğunu vurğulayır. Bundan başqa, bədii gimnastika üzrə 27-ci Dünya çempionatının, son dəfə 30-cu Avropa çempionatının ölkəmizdə uğurla keçirilməsi Azərbaycan Bədii Gimnastikası Federasiyanın prezidenti kimi Mehriban xanım Əliyevanın bu idman növünün inkişafı ilə yanaşı, Azərbaycan idmanının təbliği istiqamətində də əldə etdiyi çoxsaylı nailiyyətlərdən biridir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iyunun 16-da Afinada Beynəlxalq Olimpiya Akademiyasının "Olimpiya mükəmməlliyi" mükafatının təqdim edilməsi mərasimində çıxışı zamanı deyib: "Beynəlxalq Olimpiya Komitəsi tərəfindən mükafata layiq görülmək və qədim yunan torpağında bu nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Bu gün sizin hamınızla birlikdə bu gözəl mərasimdə iştirak etmək məndə məmnunluq hissi doğurur. Beynəlxalq Olimpiya Akademiyasının prezidenti cənab İsidorosa və akademiyanın bütün üzvlərinə Olimpiya dəyərləri və prinsiplərinin təbliğində mənim fəaliyyətimə yüksək qiymət verdikləri üçün dərin minnətdarlığımı bildirmək istəyirəm".
Mehriban Əliyeva daha sonra deyib: "Biz Azərbaycanda Olimpiya Akademiyasının Olimpiya dəyərlərinin qorunması, inkişafı və bütün dünyada paylaşılması işindəki nailiyyətlərini yüksək qiymətləndiririk. Biz birlikdə Azərbaycan gəncləri, eləcə də idmanla bağlı rəsmi şəxslər, Avropa gəncləri üçün təhsil proqramları hazırlamışıq. Biz "Bakı-2015" Təşkilat Komitəsinə dəstək göstərmək üçün birgə çalışırıq".
Birinci xanımın idmanın inkişafı və populyarlaşdırılması, eləcə də xalqlararası münasibətlərdə yeni səhifənin açılmasında böyük rol oynayan ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi uğurlu fəaliyyətini də qeyd etmək vacibdir. Avropa Olimpiya Komitəsinin Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul etdiyi qərardan sonra ölkəmizdə bu əhəmiyyətli beynəlxalq tədbirə geniş hazırlıq işləri başladı. Qısa müddətdə yeni idman infrastrukturu yaradıldı, mövcudları isə əsaslı şəkildə müasir formada yenidən quruldu.
Bu gün Azərbaycanda çox vacib irimiqyaslı beynəlxalq tədbirlər keçirilir və hər bir belə tədbirin təşkili ən yüksək rəylər qazanır. Son illər Azərbaycanın paytaxtında bir çox böyük beynəlxalq idman yarışları - həm Avropa, həm də dünya çempionatları keçirilir. Ümumi rəyə görə, bu tədbirlər təşkilati baxımdan çox yüksək səviyyədə hazırlanır və keçirilir. Mehriban xanım Əliyevanın “Bakı-2015” ilə başlatdığı uğur estafeti “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında da davam etdi. Bütün bunlar Azərbaycan idmanının sürətli inkişafından və dövlətin idmana olan diqqət və qayğısından xəbər verir.
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ərəfəsində isə Azərbaycan gimnastikası adına daha bir xoş xəbər gəldi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yüksək mükafatı ilə təltif olundu. Bu qərar FIG Şurasının Bakıda keçirilən iclasında qəbul edildi.
Bu uğurların qazanılmasında, sözsüz ki, Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın xüsusi rolu vardı. Prezident İlham Əliyevin dediyi kimi, Təşkilat Komitəsi tərəfindən hər bir xırda məsələ ilə bağlı işlər yüksək səviyyədə görülüb. Mehriban Əliyeva bu Oyunların keçirilməsinə çox böyük töhfə verib.
Dövlət başçısı Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban xanım Əliyevanı “Heydər Əliyev” ordeni ilə təltif etdi.
Mehriban Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı... Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır.
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya idman ictimaiyyəti adından doğum günü münasibətilə möhkəm can sağlığı, uzun ömür və dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə humanist və xeyirxah fəaliyyətində uğurlar arzulayırıq!
Ulu Tanrı daim Sizi və ailənizi qorusun. Xalqımızın mənafeyinə və inkişafına yönəlmiş nəcib məqsədləriniz və planlarınız həyata keçsin.
Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru, professor