Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasında Bakının "Dünyanın İdman Paytaxtı" (“World Capital of Sports”) elan olunması ilə bağlı rəsmi təqdimetmə mərasimi keçirilib.
Olimpnews.az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) prezidenti Gian Françesko Lupatelli iştirak ediblər.
Tədbir giriş sözü ilə açan Eldar Əzizov qeyd edib ki, Bakıda istənilən idman tədbirinin keçirilməsi üçün mövcud imkanlar var. Paytaxtın dünyada belə bir nüfuzlu məsuliyyəti öz üzərinə götürməsi dövlətimizin idmana olan diqqət və qayğısının təzahürüdür.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında vurğulayıb ki, Azərbaycan idmanının uğurları dünyanın diqqət mərkəzindədir. Ölkəmiz hər il mühüm idman tədbirlərinin keçirildiyi ən etibarlı məkan hesab olunur. Nazir onu da vurğulayıb ki, dünyanın idman paytaxtı seçilən Bakı gələn il də bir sıra nüfuzlu tədbirlərə ev sahibliyi edəcək.
ACES-in rəhbəri Gian Françesko Lupatelli çıxışında bildirib ki, Bakı bu estafeti Monakodan təhvil alıb. Bakıdan sonra növbə Argentinanın Buenos Ayres sonra isə Portuqaliyanın Porto Gaya şəhərinə çatacaq. Qurum rəhbəri qeyd edib ki, Bakının bu etimadı doğruldub, digər şəhərlərə nümunə olacağına əmindir.
Çıxışlarlar başa çatdıqdan sonra “Dünya İdman Paytaxtları” xatirə lövhəsinin təqdimatı olub.
Bakı dünyanın idman paytaxtı elan olunub


