Həzin-həzin əsən meh ağacların xırdaca budaqlarının yarpaqlarını ahəstəcə tərpədirdi. Ötüb-keçənlər bu incəliyi duya bilmirdi. Sahil tələssə də ayaq saxladı, gözaltı tərpəşən yarpaqlara baxdı, ürəyində elə həmin tərpənişə qarışası titrəyiş hiss elədi. Səsləyən olmasa bəlkə də tələsdiyini unudardı, yorulunca baxardı.
– Sahil, gecikirsən, – səslənənin səslənib uzaqlaşmışdı, onun kim olduğunu bilməsə də onu tanıyana ürəyində təşəkkür edib addımlarını yeyinlətdi...
İctimai televiziyanın “Əlaçı” inellektual oyunu başlama ərəfəsində şagirdlər bir qədər söhbətləşmişdilər. Sözarası Sahil riyaziyyata daha böyük marağı olduğunu deyəndə iki-üç addım sağında dayanmış qız “Mən biologiyanı...” demişdi və hiss ediləcək qədər utanmışdı. Söhbətə müdaxiləsini yersiz bilmişdi. Bunu hiss edən aparıcının söhbətə müdaxiləsi ikisinin də həyəcanını artırmışdı: “Sahil riyaziyyatı, sən biologoyanı seçməyə macal tapa bilsəniz yarışın səmtini indidən güman etmək olar...”, –...
Finala Sahil qalmışdı, Nigar qalmışdı, bir də Gülayə – biologiyanı çox sevdiyini deyən qız.
Gülayə qalib gəlmişdi. Onu Sahil də təbrik eləmişdi, “Biliyiniz öz yerində, diqqətliyiniz də alqışlanmalıdı. İnşallah, tələbə olacaqsan, mütləq olacaqsan!...”, – demişdi. “Sən də. Riyaziyyatdan verdiyin cavablar hamımızı heyrətləndirdi...”, – Gülayə belə demişdi. İkisi də gülümsünmüşdü. Bu bənövşəyi təbəssümlər telefon nömrələrinə zəmanət olubmuş...
Aylar sonra bu təbəssüm bir görüşə aparan yolun işığına dönübmüş...
Gülayə Tibb Universitetinə, Sahil Türkiyədə Qara Hərb Okuluna qəbul olunmuşdu. Təbrikləşdilər.
O gün Sahil parkı ikisinin də könlünü telləndirmişdi, ikisi də dənizə ürəyinin gözləriylə baxırdı, ikisi də baxışlarının mətləbini gizlətməyə çalışırdı. Baxışlarına çökən həyalı sükutdan savayı hər şeydən danışmışıdılar. Anların ömrümü uzanırdı, satlarmı anlarcaydı? – bilmirdilər. Gün qüruba meyillənmişdi...
Bir də yanvarda görüşdülər.
Həyalı sükut sözsüz niyyətə dönübmüş...
Təhsildən sonra evlənməyi qərara almışdılar...
2020-ci il idi...
...Sahil ön xətdə xidmət edirdi, tağım komandiri idi. Faiq Qasımov onu tanımışdı:
–Komandir, siz iki il əvvəl sərbəst güləş üzrə Azərbaycan çempionu olmuşdunuz. Finalı izləyənlər arasında mən də vardım. Siz qızıl, sizə uduzan qardaşım gümüş medal qazandı.
Sahil gülümsündü:
–Sən də idmançısanmı?
–Bəli, komandir. Həmin il mən yeniyetmlər arasında çempion olmuşdum.
Komandir-əsgər münasibətləri idmana maraq və sevgi ilə əhatələnmişdi. Faiq əsgər yoldaşlarına komandirlərinin final görüşü haqqında səmimi təəssüratlarını danışmışdı. Tağımda hiss edilməsi çətin olmayan bir doğmalıq yaranmışdı; asudə vaxtlarda Sahil Faiqin iştirakı ilə güləş məşqləri təşkil etmək istəyirdi. Bölük komandiri kapitan Nail Yusubov fikrini bəyənmişdi də, bölüyün idman zalına güləş döşəkləri gətirilməsinə nail olacağına söz də vermişdi...
Naillə Sahil arasında hərbi xidmət yoldaşlığını üstələyən dostluq da yaranmışdı; Nail də zamanında güləşçi olubmuş. Nail ailəli idi, bir oğlu vardı. Söhbətləşəndə ikisinin də könlü qübarlanırdı: Nailin ailəsinə görə, Sahilin hələ kimsəyə bəlli olamayn sevdasına görə...
Payız ləngiyirdi. Havalar isti keçsə də əsgərlər xidmətlərini günün nizam qaydalarına müvafiq davam etdirirdilər, asudə vaxtlarında güləş məşqlərinə toplaşırdılar. Hərbi hissədə hamı komandiri leytenant Sahil Əliyev olan tağımı güləşçilər tağımı adlandırırdı...
Payız çölü-düzü saraltmaqdaydı. Ağacların saralmaqda olan yarpaqları yel əsdikcə budağından üzülürdü. Ön xətdən bir qədər aralı olsa da hərdən güllə səsləri bu tərəflərin də göylərinin rəngini bulandırırdı...
Məşq bitər-bitməz Sahili qərargaha çağırdılar...
Səhərisi gün hərbi xidmət bir qədər gərgin keçdi...
Sentyabrın 26-sı idi. Sahil həyətdə narahatlıqla gəzişir, gözləriylə göy üzünə, ruhuyla uzaqlara baxırdı. Üç gün əvvəl əsgərlər ondan soruşmuşdular ki, “Torpaqlarımızı işğaldan nə vaxt azad edəcəyik, komandir?”. Nə deyəydi? Hamını düşündürən sual yeniyetməliyindən onun da düşüncələrini sıxırdı. Bu suala görə riyaziyyatı seçməmişdi, hərbçi olmağı qərara almışdı. Hərbi hazırlıq müəllimlərinin məsləhəti ilə hərbi təhsil almaq üçün Türkiyəni seçmişdi. Təhsil aldığı illərdə də bu sual düşüncələrində gümüldənmişdi. Azərbaycana qayıdanda ön xətdə xidmət etmək istədiyini bildirmişdi. Xahişi yerinə yetirilmişdi...
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hissələri Azərbaycan ərazilərinə yenə hücum etdi. Ordu hissələrimiz hücumun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Döyüşə-döyüşə düşmənin müdafiə sədlərini dağıtdı, mövqe qələbələri qazandı...
Daşaltıdan keçib Şuşaya hücum edəcəkdilər. Noyabrın 4-ü idi. Gecənin qaranlığını yarıb ehtitayla irəliləyirdilər. Göy üzünü nazik bulud qatı bürümüşdü. Bu, işğala bürüncək deyildi, mücahidlərin yoluna dikilə biləsi nəzərləri göylərin pərdələməyiydi...
Düşmənin Şuşaya yaxınlaşan maşın karvanlarının qarşısını bu tağım kəsməli idi...
Dan yeri sökülər-sökülməz maşınlar yaxınlaşırdı. Əsgərlər Sahilin əmri ilə əvvəlki və sonuncu maşını vurdular. Döyüş başladı....
Düşmən niyyətinə çata bilmədi...
Sahil şəhid oldu...
Gülayə Sahilin şəhid olduğunu efirdən eşitdi. Gen dünya başına daraldı, könül dünyası qaraldı, sevdası dil açmamış susdu, həyalı sevdasının çiçəkləri tellənməmiş saraldı. Gülayə divana çökdü...
2021-ci ilin mart ayının 8-i idi. Gülayə böyük bacısını təbrikə gedirdi. Qapıdan çıxınca bir hərbçinin ona sarı gəldiyini gördü. Ayaq saxladı. Salamlaşdılar. Hərbçi çəkinə-çəkinə “Sahil sənə çiçək verməyə niyyətli idi, şəhid oldu, Gülayə xanım. Bu çiçəkləri şəhid leytenant Sahil Əliyevin ruhunun hədiyyəsi bilin...”, – dedi. Kirpikləri nəmləndi...
Gülayə çiçəkləri köksünə sıxdı. “Mənim sahilsiz sevgimin harayı sənə çatacaqmı, ay Sahil, çatacaqmı?..”. Səsini kimsə duymadı...
Göy üzündə bircə əlçim də bulud görünmürdü...

Rəşid FAXRALI,
Əməkdar jurnalist


