Şahmat qalaktikasında bir ulduz söndü və ya hamını mat qoyan “son gediş”

Şahmat qalaktikasında bir ulduz söndü və ya hamını mat qoyan “son gediş”



Azərbaycan şahmatının bütün dünyada böyük nüfuzu olduğunu artıq hamı yaxşı bilir. Dünyanın ən güclü şahmatçıları da azərbaycanlı həmkarlarına ciddi rəqib kimi yanaşırlar. Müstəqillik əldə etdikdən sonra Azərbaycan idmanında yaranan çiçəklənmə və inkişaf şahmatdan da yan keçməyib. Yeniyetmə və gənc zəka sahiblərimiz dünyanın ən güclü yarışlarında uğurla çıxış edərək, vətənə qələbə ilə qayıdırlar. Yığma komandamız isə qitə çempionatlarında ilk üçlükdə yer almağa başlayıb. Bu, şahmata olan diqqət və qayğının geniş təzahürüdür. Milli komandamızın heyətində yer alan şahmatçılar isə gücü və bacarığı ilə seçilirlər. Çox təəssüf ki, həmin heyətdə yer alan şahmatçılardan biri ömrünün gənc çağında sıralarımızı tərk etdi. Uzun müddət müalicə olunan və şahmat yarışlarına qatılmayan tanınmış qrossmeysterimiz Vüqar Həşimov 2014-cü il yanvarın 11-də Almaniyanın Heydelberq şəhərində dünyasını dəyişdi.

Ötən ili böyük uğurla yola salan Azərbaycan idmanı ilin əvvəlində böyük bir itki ilə üzləşdi. Azərbaycan idmanının ən layiqli nümayəndələrindən biri olan şahmatçımız Vüqar Həşimov 2014-cü ilin ikinci həftəsində gözünü əbədi olaraq yumdu. Amansız ölüm onu sıralarımızdan ayırdı. Azərbaycan idmanı, xüsusilə şahmatımız Vüqar Həşimov kimi alicənab, yüksək intellektə malik olan bir nümayəndəsini itirdi. Bu itki hələ uzun müddət özünü göstərəcək. Belə bir şahmatçının yetişməsi üçün hələ neçə-neçə qərinələr gərəkdir. Yüksək insani keyfiyyətlərə və savada malik olan Vüqar Həşimovla söhbət edənlərin hər biri müsbət enerji alırdı. Onunla müsahibələrin hər biri maraqlı alınırdı. Hətta onun fikirlərini redaktə etmədən belə yazıda saxlamaq mümkün idi. Şahmatçılarla görüşmək, onlarla müsahibə hazırlamaq bir qədər çətin olur. Onların yarışlarda iştirak etməsi, məşq qrafiklərinin sıx olması məlumat alamaq baxımından qələm əhli üçün çətinlik yaradır. Bu da başa düşüləndir. Hətta özünü mətbuatdan gizlədən şahmatçılarımıza da rast gəlirik. Lakin Vüqar Həşimov belə şahmatçılardan deyildi. İstər yarışlardan, istərsə də tədbirlərdən sonra ona yaxınlaşıb, istənilən məlumatı almaq olurdu. Bu isə mərhum qrossmeysterimizin geniş dünyagörüşündən və insani keyfiyyətlərindən xəbər verirdi. Şahmat seanslarında uşaqların hər biri ilə onların həmyaşıdı kimi davranan Vüqar Həşimov seansdan sonra onlara avtoqraf verməkdən yorulmurdu. Hər bir uşaqla şəkil çəkdirən şahmatçımız gülərüz siması ilə hamını razı salırdı. Yaşının az olmasına baxmayaraq, Vüqarın qazandığı nailiyyətlər yetərincə idi. Əgər ömür vəfa etsə idi, Azərbaycan şahmatı Vüqarla yeni-yeni uğurlara imza atacaqdı. Lakin sağlamlığı və səhhətinə nüfuz edən xəstəlik Vüqarı əbədiyyətə qovuşdurdu. Məşhur bir aforizmdə deyilir: Həyat bir şahmat lövhəsidir. Biz isə fiqurlar. Hər bir fiqurun öz işi və öz gedişi var”.

Vüqarın son gedişi çoxlarını mat qoydu. Ölümü nə mat etmək, nə də onunla xal bölgüsü aparmaq olar. Lakin Vüqar öz qələbəsini onu sevənlərin ona olan sevgisi və ehtiramı ilə qazanıb. İllər ötəcək, lakin həmin qələbənin memarı daim xatırlanacaq. Vüqar Qasım oğlu Həşimov 1986-cı il iyulun 26-da Bakı şəhərində anadan olub. Hələ kiçik yaşlarından şahmata maraq göstərən Vüqarın şahmatçı kimi yetişməsində atasının müstəsna rolu olub. Vüqar Həşimov tezliklə bir sıra yarışlarda uğurlara yiyələnib. 1995-1998-ci illər ərzində o, Azərbaycan çempionu adını qazanıb. Bu uğurlar təkcə ölkədaxili yarışlarda əldə olunmayıb. Belə ki, şahmatçımız gənclər arasında 4 dəfə (1996-2000) qitə çempionatının gümüş mükafatçısı olub. 1999-ci ildə beynəlxalq usta adı alan şahmatçımız elə həmin il Kasparov kubokunun qalibi adını qazanıb. 2002-ci ildə qrossmeyster adını qazanan Vüqar Həşimov karyerası ərzində Azərbaycan yığmasının heyətində 4 dəfə (2002, 2004, 2006, 2008) Ümumdünya Şahmat Olimpiadasında çıxış edib. Bundan başqa 2009-cu ildə (7-9 may) ümummilli lider Heydər Əliyevin kuboku uğrunda milli komandamızın heyətində dünya yığmasına qarşı oyun keçirib. 2007-ci ildə Yunanıstanın İraklion şəhərində yığma komandanın heyətində komandalararası Avropa çempionatında bürünc medal əldə edən Vüqar Həşimov iki il sonra Serbiyanın Novi Sad şəhərində keçirilən analoji yarışda qızıl medala yiyələnib. Qeyd edək ki, yığma komandamızın qitə çempionu adı qazanmasında Vüqar Həşimovun xüsusi rolu olub. Mərhum şahmatçımız çempionatın sonuncu turunda əldə etdiyi həlledici qələbə ilə millimizə qitə çempionu titulunu qazandırıb. 2011-ci ildə isə Vüqar Həşimov Yunanıstanın Porto-Karraş şəhərində keçirilən Avropa çempionatında yığma ilə birlikdə gümüş medala yiyələnib.
Qrossmesterimizin beynəlxalq yarışlarda da əldə etdiyi nəticələr yetərincədir.


Belə ki, Vüqar Həşimov İtaliyada təşkil olunan "Reggio Emilia” şahmat turnirində ardıcıl olaraq iki dəfə (2010-2011-ci illər) bütün rəqiblərindən üstün olub. Blits üzrə keçirilən yarışlarda daha güclü çıxış edən qrossmeysterimiz çox "Bakı Qran-pri”sinin qalibi kimi yadda qalıb. FİDE-nin təşkil etdiyi Qran-pri seriyasında ölkəmizi təmsil edən şahmatçılardan biri olan Vüqar Həşimov 2008-ci ildə (19 aprel- 20 may) Bakıda keçirilən yarışda çempion adını qazanmışdı. FİDE-nin aylıq reytinq cədvəlində də mərhum şahmatçımız yüksək nəticələri ilə yadda qalıb. Onun ən yüksək reytinq göstəricisi 2012-ci ilin yanvar ayında olub. İlin ilk reytinq cədvəlində Vüqar Həşimov 2761 əmsala yiyələnib. Həşimovun komanda yoldaşları, dünyanın tanınmış şahmatçılarından Hikaru Nakamura, Pavel Elyanov, Naycel Şort, Yan Nepominayuşi, Nataliya Poqonina, Elina Danielyan, Maksim Vaşye-Laqrav, Aleksandra Kostenyuk və digərləri Vüqar Həşimovun ölümünə kədərləndiklərini bildiriblər.




Teymur Rəcəbov, milli komandanın üzvü:
"Vüqar Həşimovun vaxtsız ölümü bizi çox kədərləndirdi. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyini bilirdik. Lakin ümid edirdik ki, Vüqar bu mübarizədən qalib ayrılacaq və yenidən sıramıza dönəcək. Çox təəssüf ki, belə olmadı. Bu həm Azərbaycan, həm də dünya şahmatı üçün ağır itkidir. Fikirlərimi izah etməyə söz tapa bilmirəm. Allah rəhmət eləsin!”




Maqnus Karlsen, dünya şahmat tacının sahibi, FİDE reytinqinin lideri:
"Vüqar Həşimovun ölüm xəbərini eşidəndə çox kədərləndim. O, indiyədək qarşılaşdığım ən istedadlı şahmatçılardan biri idi. O, hər zaman hamıya qarşı mehriban, səmimi idi. Onunla bir sıra yarışlarda iştirak etmişəm. Xüsusilə ənənəvi "Amber” turniri haqqında çoxlu xatirələrim qalıb. Onun ailəsinə və Azərbaycanın bütün şahmat ictimaiyyətinə başsağlığı verirəm”.





Harri Kasparov, keçmiş dünya çempionu:
"Bu, ağır bir itkidir. 27 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən mənim bakılı həmkarım, qrossmeyster Vüqar Həşimovun dostlarına və ailəsinə başsağlığımı çatdırıram. Düzdür, onunla heç vaxt görüşməmişəm. Amma bilirəm ki, Vüqar Həşimov dünyanın ən güclü 10 şahmatçısından biri olmuşdu. Çox təəssüflənirəm”.





Levon Aronyan, dünya reytinqinin ikinci şahmatçısı:
"Çox kədərləndirici xəbər eşitdik. Dünya şahmat ailəsi daha bir üzvünü itirdi. Bu, bizə çox pis təsir etdi.
Vüqar Həşimovun vaxtsız vəfatından kədərləndiyimi bildirirəm. Vüqarın sağlamlığı ilə bağlı ciddi problemi oluğunu eşitmişdim. Bu yaşda, özü də istedadlı şahmatçı rəhmətə gedirsə, çox təsiredici olur. Onun ölümü məni çox kədərləndirir”.