İdmana bağlı şərəfli ömür

İdmana bağlı şərəfli ömür

Olimpiya dünyası

Bugün, 18:13

Hər bir idmançı üçün uğurun arxasında səbrlə çalışan, inanan və dəstək olan bir məşqçi dayanır. Çünki təcrübəli məşqçi yalnız çempion yetişdirmir, o həm də cəmiyyətimiz üçün layiqli vətəndaş formalaşdırır. Azərbaycan idmanı tarixində öz təcrübəsinə və əldə etdiyi uğurlarına görə qabaqcıl məşqçilərdən biri olan Vahid Nəzərov ağırlıqqaldırma idman növündə xüsusi dəsti-xəttə malikdir. Təcrübəli mütəxəssis bu gün də idmandan kənarda deyil. 40 ili əhatə edən bir dövrdə Vahid müəllimin Təhsil” Respublika İdman Mərkəzi (RİM) 1 saylı RİOEUGİM-dəki fəaliyyəti uğurla yadda qalıb. Altı Olimpiya oyunlarında iştirak edən Vahid Nəzərovun zəngin tərcümeyi-halı idman sahəsində göstərdiyi xidmətlərin bariz nümunəsidir.              

Vahid Əliş oğlu Nəzərov 1959-cu il avqust ayının 17-də Bakı şəhərinin Əmircan kəndində anadan olub. 

1971-ci ildən etibarən “Neftçi” İdman Cəmiyyətində ilk məşqlərinə başlayıb. 1976-cı ildə ağırlıqqaldırma idman növündə SSRİ idman ustası normasını yerinə yetirib. Hərbi xidmətdən sonra “Zenit” idman cəmiyyətində ağırlıqqaldırma üzrə baş məşqçi olub. 1980-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub, 1985-ci idə məzun adını qazanıb. Elə həmin il ümumittifaq dərəcəli hakim adına yiyələnib. O, 1987-ci ildə “Azərbaycanın Əməkdar məşqçisi” fəxri adına layiq görülüb. Əmək fəaliyyətinə 1980-ci ildən başlayan Vahid müəllim 18 il ağırlıqqaldırma üzrə yığma komandamızın baş məşqçisi və federasiyanın I vitse-prezidenti olub. O, 1987-ci ildən bu günə qədər “Təhsil” Respublika İdman Mərkəzi (RİM) 1 saylı RİOEUGİM-in ağırlıqqaldırma bölməsində baş məşqçi vəzifəsində çalışır. Vahid Nəzərov bu müddət ərzində bir sıra idmançıların yetişməsində pay sahibi olub. Onun yetirmələri bir sıra respublika birincilikləri, çempionatları, eləcə də Avropa və dünya çempionatlarının, Olimpiya Oyunlarının iştirakçısı olublar. 

1992-ci ildə müstəqil Azərbaycanın ilk beynəlxalq dərəcəli hakimi adına layiq görülən məşqçi elə həmin ildən 2010-cu ilədək Azərbaycan Ağır Atletika Federasiyasının I vitse-prezidenti olub.

Vahid müəllimin yetirmələri Azərbaycan ağırlıqqaldırma idmanı tarixində şanlı səhifələr yazıblar. Belə ki, onlardan Zahid Nəzərov (1998-ci il) Avropa çempionu və Avropa kubokunun sahibi, Nizami Paşayev Avropa, dünya çempionu və rekordçusu, Əfqan Bayramov (2013-cü il) Avropa çempionu, 2009-cu ildə İntiqam Zairov, Zülfüqar Süleymanov Avropa çempionatının mükafatçıları olublar. Natiq Həsənov isə 2005-ci ildə Səudiyyə Ərəbistanında təşkil olunan İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatına layiq görülüb. Eyni zamanda Təranə Abbasova, Nizami Paşayev, Turan Mirzəyev, Elxan Süleymanov və Asif Məlikov Yay Olimpiya Oyunlarında iştirak ediblər. 

Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinə prezident seçildiyi dövrdən sonra Azərbaycanın idman uğurları artmağa başladı. Həmin il əldə edilən idman nailiyyətləri arasında ağırlıqqaldırma idman növündə də dirçəliş hiss olunub. Belə ki, Vahid müəllimin baş məşqçisi olduğu yığma komandanın heyətində Asif Məlikov Tailandın Çanq May şəhərində keçirilən dünya çempionatında mükafatçılar sırasında yer alıb.

64 kq çəki dərəcəsində mübarizə aparan idmançımız təkanla qaldırmada ikinci, iki hərəkətin cəmində isə üçüncü yerə layiq görülüb. Təranə Abbasova Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən qitə çempionatında ilk türk qadın idi ki, bürünc medala yiyələnib. O, Çinin Quançjou şəhərində təşkil olunan dünya çempionatında 6-cı, Sidney-2000 Yay Olimpiya Oyunlarında 10-cu yerə layiq görülmüşdü. 

Məlumat üçün onu da bildirək ki, Vahid Nəzərov 2000-2005-ci illlərdə Milli Aviasiya Akademiyasının Beynəlxalq hüquq fakültəsinin məzunu olub. Vahid Nəzərovun rəhbərliyi altında Azərbaycanın milli yığma komandası 2009-cu ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında ölkənin idman tarixində, ilk dəfə olaraq, komanda hesabında 45 dövlət arasında 3-cü yerə layiq görülüb. O, respublikanın milli yığma komandasının baş məşqçisi kimi 1996-cı il Atlanta, 2000-ci il Sidney, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edib. 

Vahid Nəzərovun bacarığı və nüfuzu beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Ölkə hüdudlarından kənarda da onu təcrübəli mütəxəssis kimi tanıyırlar. Belə ki, Almaniyanın nüfuzlu “Athletik” jurnalının 2008-ci il mart buraxılışında Vahid müəllimlə bağlı ətraflı yazı dərc olunub. Avropanın aparıcı idman portallarında onun hakimlik təcrübəsi və əldə etdikləri nailiyyətlərdən bəhs edən kifayət qədər məlumatlar yer alıb.                              

Vahid Nəzərov 2010-cu ildə Sinqapurda yeniyetmələrin I Yay Olimpiya Oyunlarında hakim kimi münsiflər heyətinin rəhbəri olub. 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında Olimpiya kateqoriyalı beynəlxalq hakim kimi respublikamızı təmsil edib. 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında münsiflər heyətinin üzvü olub. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında isə münsiflər heyətinin prezidentliyi ona həvalə edilib. Tokio-2020 Yay Olimpiya Oyunlarında da azərbaycanlı hakim kimi öz bacarığını nümayiş etdirib.     

Vahid müəllimin yetirmələri arasında oğlu Əliş Nəzərovu da xüsusi qeyd etmək yerinə düşər. Təcrübəli atanın övladı olan Əliş onun yolunu davam etdirir. Belə ki, o, Azərbaycanın idman ustası və ikinci kateqoriyalı beynəlxalq hakim tituluna yiyələnib. Həmin mükafatı gənc ədalət təmsilçisinə Beynəlxalq Federasiyanın prezidenti Məhəmməd Jalud təqdim edib. 

İdman sahəsində göstərdiyi müstəsna xidmətlərə görə Vahid Nəzərov Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarına layiq görülüb. O, “Respublikanın ali kateqoriyalı məşqçisi”dir. 1987-ci ildən respublikanın “Əməkdar məşqçisi” adını daşıyan Vahid müəllim 2005-ci ildən “Fəxri bədən tərbiyəsi və idman işçisi” adını alıb. Təhsil Nazirliyi tərəfindən 2 dəfə fəxri fərmanla təltif edilib. Bu isə təcrübəli mütəxəssisə nazirlik tərəfindən göstərilən diqqət və qayğıdan, eləcə də inamdan irəli gəlir. Bundan başqa, Gənclər və İdman Nazirliyi tərəfindən də üç dəfə “Respublikanın ən yaxşı hakimi” nominasiyanın qalibi olub.   

İdman karyerasında altı Olimpiya Oyunlarında iştirak edən Vahid müəllim İdman Veteranları İctimai Birliyinin Təftiş Komissiyasına üzv seçilib.

Təcrübəli mütəxəssis yorulmaz fəaliyyətini bu gün də davam etdirir. O, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarında hakim kimi ölkəmizi təmsil etməyi qarşıya məqsəd qoyub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR