Macarıstanın Seqed şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında dünya çempionatı keçirilib. Nüfuzlu yarışda Azərbaycanı 5 idmançı təmsil edib. İdmançılarımızdan ən yüksək nəticəni yeniyetmələr arasında 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşdə Mikita Sablin göstərib.
18 yaşlı kanoeçi seçmə yürüşündə finişə 41,730 saniyəyə çataraq, 3-cü olub. Yarımfinalda isə o, 41,230 saniyə nəticə ilə 2-ci yeri tutaraq finala çıxıb. Həlledici yürüşdə Sablin 41,545 saniyə göstərici ilə 5-ci olub. O, bürünc medal qazanan litvalı Vadim Korobovdan cəmi 0,108 saniyə geri qalıb.
Digər təmsilçilərimiz isə əsas finala çıxa bilməyiblər. Taras Matviyçuk 23 yaşınadək kanoeçilərin mübarizəsində 1 nəfərlik qayıqla 1000 metr məsafəyə seçmə yürüşdə 4 dəqiqə 0,460 saniyə nəticə ilə 3-cü olsa da, yarımfinalda 3 dəqiqə 54,101 saniyə göstərici ilə 4-cü yeri tutub. Ümumi siyahıda isə idmançımız 13-cü yerlə kifayətlənib.
Anatoli Melnik 23 yaşınadək kanoeçilərin yarışında 200 metr məsafəyə yürüşdə qüvvəsini sınayıb. O, seçmə yürüşdə 42,489 saniyə nəticə ilə 7-ci, yarımfinalda 41,201 saniyə göstərici ilə 8-ci olub.
Kayakçılarımız arasında ən yüksək nəticəni Avropa çempionatının bürünc mükafatçısı Mirnazim Cavadov göstərib. Mirnazim 23 yaşınadək kayakçılar arasında 200 metr məsafəyə seçmə yürüşündə finişə 2-ci çatıb. Lakin o, yarımfinalda 35,427 saniyə nəticə göstərərək, 4-cü olub və əsas finaldan kənarda qalıb. B finalında isə təmsilçimiz 36,793 saniyə göstərici ilə 4-cü, ümumi siyahıda 13-cü olub.
Qeyd edək ki, dünya çempionatında 73 ölkə mübarizə aparıb.