«Bu qələbəm məndə stimul yaratdı»

«Bu qələbəm məndə stimul yaratdı»

Azərbaycanda hər sahədə olduğu kimi idman sahəsində də son zamanlar böyük inkişaf baş verir. Beynəlxalq turnirlərdə iştirak edən təmsilçilərimiz, onlara bəslənilən ümidləri layiqincə doğruldaraq, istər Olimpiya idman növləri, istərsə də qeyri-Olimpiya idman növləri üzrə böyük uğurlar qazanırlar. Belə idmançılardan biri də Rafik Xudayevdir. Bu ilin iyun ayında İtaliyanın Sardinyo şəhərində uşu-sanda üzrə keçirilən dünya çempionatında idmançımız qızıl medala layiq görülüb. Təmsilçimiz bütün rəqiblərini məğlub edərək fəxri kürsünün birinci pilləsinə yüksəlib. Rafiq Xudayev yarışla bağlı bizə ətraflı məlumat verdi. Dünya çempionatına çox ciddi hazırlaşdığını bildirən idmançımız bundan sonra da səylə çalışacağını bildirdi: «Yarışa çox ciddi hazırlaşmışdım. Düzdür, özüm peşəkar idmana ara versəm də, məşqlərimdən qalmırdım. Lakin sonradan yenidən özümü sınamaq qərarına gəldim. Bunun üçün daha ciddi məşqlərə başladım. Bu yarışda medal qazanacağıma inanırdım. Sonda çəkdiyimiz əziyyət bəhrəsiz qalmadı və mən dünya çempionu oldum. Bu qələbəm məndə stimul yaratdı. Bundan sonra da çalışacağam ki, layiqincə çıxış edim və vətənimin bayrağını daima yüksəklərdə dalğalandırım».