Azərbaycan taekvondoçusu Radik İsayev Yay Olimpiya Oyunlarına lisenziya əldə edib

Azərbaycan taekvondoçusu Radik İsayev Yay Olimpiya Oyunlarına lisenziya əldə edib


Azərbaycan 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına növbəti lisenziya əldə edib.
Azərbaycanın aktivinə bu vəsiqəni kişilərdən ibarət taekvondo üzrə milli komandamızın üzvü Radik İsayev (80 kq-dan yuxarı) qazandırıb.
Dünya və Avropa çempionumuz bu vəsiqəni Qran-pri turnirində yığdığı reytinq xalı sayəsində təmin edib.
Meksikanın paytaxtı Mexikoda keçirilən taekvondo üzrə Qran-pri turnirinin final mərhələsində mübarizə aparan idmançımız dörddəbir finalda məğlub olsa da, dünya reytinq siyahısında üçüncü pillədə qərarlaşıb. Bununla da təmsilçimiz "Rio-2016”da iştirakını təmin edib. Mexikodakı turnirdə hər çəki dərəcəsində 8 ən güclü idmançı mübarizə aparıb.
Beləliklə, ölkəmiz "Rio-2016”da iştirak üçün lisenziya sayını 28-ə çatdırıb.
Xatırladaq ki, R.İsayev dekabrın 8-9-da Meksikada təşkil olunacaq taekvondo üzrə dünya kuboku yarışlarına da qatılacaq.