“Olimpiya Hərəkatı” çərçivəsində velosiped yarışlarına yekun vurulub

“Olimpiya Hərəkatı” çərçivəsində velosiped yarışlarına yekun vurulub
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Olimpiya Hərəkatı” proqramı çərçivəsində velosiped idman növü üzrə rayon birinciliklərinə yekun vurulub.

Olimpnews.az saytının məlumatına görə, rayon birinciliklərində Bakı şəhərinin 290-dan çox orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Bu mərhələdə milli idman federasiyalarının dəstəyi ilə 4 idman növü üzrə (basketbol 3x3, badminton, atletika və veloidman) keçirilən idman yarışlarında 10 minə (30 faiz qızlar) yaxın məktəbli qüvvəsini sınayıb. Məktəblilərin Bakı birinciliyi yay Olimpiya Oyunlarının proqramına daxil olan idman növləri üzrə beynəlxalq idman federasiyalarının təsdiq etdiyi qaydalar və "Olimpiya sistemi” əsasında keçirilir.

Yanvarın 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda "Olimpiya Hərəkatı” proqramı çərçivəsində velosiped idman üzrə Bakı şəhər birinciliyinin finalına vəsiqə qazanmış komandalar üçün təlim-məşq təşkil olunub.

Təlim-məşq zamanı Bakı şəhərinin 12 rayon komandasının 60 nəfərdən ibarət idmançı və müəllim heyəti iştirak edib. Tədbir məktəblilərin Bakı şəhər birinciliyinin velosiped idman növü üzrə final mərhələsinə vəsiqə qazanan gənc idmançılara dəstək göstərmək məqsədi daşıyıb. Təlim-məşq Azərbaycan Velosiped İdmanı Federasiyası, "Təhsil” Respublika İdman Mərkəzi və proqramın ulduz idmançısı Aqşin İsmayılovun iştirakı ilə həyat keçirilib.

Tədbirin ümumi təlimatlandırıcı hissəsindən sonra komandalar qruplara ayrılıb. Aqşın İsmayılov və Azərbaycan Velosiped İdmanı Federasiyasının peşəkar məşqçiləri məktəblilərə velosipedin start zamanı yerindən düzgün götürülməsi, hərəkət zamanı sürətin tənzimlənməsi, döngələrdə hərəkətin təhlükəsizliyi və bu kimi mövzularda faydalı məlumatlar veriblər. Nəzəri sessiyanın ardınca federasiyadan dəvət olunmuş peşəkar idmançılar bütün hərəkətləri əyani olaraq nümayiş etdiriblər. Daha sonra komandalar onlar üçün ayırılmış məşqçilərin nəzarəti və təlimatı ilə bu hərəkətləri təkrar edib. Fasilə zamanı milli komandanın üzvləri və Aqşin İsmayılovun iştirakı ilə məktəblilər üçün master-klass təşkil olunub.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev təlim-məşq haqqında bunları deyib: "Velosiped idman növünün "Olimpiya Hərəkatı” proqramına salınması hədsiz sevincimizə səbəb oldu. Çünki belə bir təşəbbüs federasiyanın gördüyü işlərə böyük təkandır. Son illərdə Azərbaycanda velosiped idmanı üzrə nüfuzlu yarışların təşkili bu idman növünə marağı daha da artırıb və düşünürəm ki, birgə səylərimiz Azərbaycanda velosiped idman növünün daha da inkişaf etməsinə şərait yaradacaq”.

Proqramın ulduz idmançısı Aqşin İsmayilov da bu proqramın uşaq və gənclər arasında maraq oyatdığını bildirib. "Velosiped sürməyə həvəskar kimi başlayan uşaqlar üçün bu proqram olduqca əhəmiyyətlidir. Çünki məktəb yarışlarından sonra kifayət qədər məktəbli bu idman növü ilə peşəkar səviyyədə məşğul olmağa başlayıb. Kütləviliyin təmin olunması isə gələcək uğurlarımızın bünövrəsidir. İnanıram ki, "Olimpiya Hərəkatı”nda mübarizə aparan məktəblilərin arasından xeyli sayda peşəkar idmançı çıxacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, 4 idman növü üzrə məktəbdaxili yarışlara başlayan "Olimpiya Hərəkatı” proqramı Bakı rayon yarışları ilə davam edib və bu ilin əvvəlində Bakı-2015 Avropa Oyunlarının yarış obyektlərindən birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.