Milli Olimpiya Komitəsində görüş keçirilib

Milli Olimpiya Komitəsində görüş keçirilib

Beynəlxalq Pençak-Silat Federasiyasının icraçı direktoru, Asiya Pençak-Silat Federasiyasının baş katibi Şeyx Əlauddin Yakub Marikan ölkəmizdə səfərdədir.
Olimpnews.az saytının məlumatına görə, fevralın 3-də Beynəlxalq təşkilatın nümayəndəsi ilə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin görüşü keçirilib. Görüşdə bir sıra məsələlər müzakirə edilib. Şeyx Əlauddin Yakub Marikan 2017-ci ildə ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunlarının proqramına pençak-silat idman növünün də daxil edilməsini təklif edib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə IV İslam Həmrəylik Oyunlarının proqramının artıq təsdiqləndiyini və bu proqramda 20 idman növünün yer aldığını bildirib.
Çingiz Hüseynzadə Azərbaycanın pençak-silat idman növünün İslam Oyunlarının proqramına salınmasını dəstəklədiyini deyib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti bu məsələnin İslam Həmrəyliyi İdman Federasiyasının yaxın vaxtlarda keçiriləcək iclasında federasiya rəhbərliyinin diqqətinə catdırılacağını bildirib.