“Olimpiya Hərəkatı” çərçivəsində badminton üzrə yarışlara yekun vurulub

“Olimpiya Hərəkatı” çərçivəsində badminton üzrə yarışlara yekun vurulub

Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə "Olimpiya Hərəkatı” proqramı çərçivəsində məktəblilərin badminton idman növü üzrə keçirilən rayon birinciliklərinə yekun vurulub.

Olimpnews.az saytının məlumatına görə, rayon birincilikləri Bakı şəhərinin orta ümumtəhsil məktəblərində təhsil alan 400-ə yaxın şagirdi badminton idman növünə cəlb edib. Proqram çərçivəsində finala vəsiqə qazanmış komandalar üçün badminton idman növü üzrə təlim-məşq təşkil olunub. Kütləvi idman tədbirinin keçirilməsində əsas məqsəd badminton idman növü üzrə Bakı şəhər birinciliyinin final mərhələsinə vəsiqə qazanmış 12 rayon komandasının yarışa hazırlığına dəstək olmaqdan ibarətdir. Azərbaycan Badminton Federasiyasının baş məşqçisi Cavanşir Əlizadə və badminton üzrə milli komandanın üzvləri təlim-məşqlərdə məktəbliləri təlimatlandırıblar. Komandaların yoldaşlıq görüşlərini izləyən milli komandamızın üzvləri və baş məşqçi gənc badmintonçulara yarış zamanı raketin tutulması, volana zərbənin vurulması və digər texniki fəndlər üzrə tövsiyələrini veriblər. Komandalararası yarışlar bitdikdən sonra yeniyetmələrdən ibarət milli komandanın üzvləri uşaqlar üçün nümunəvi oyun nümayiş etdiriblər.

Qeyd edək ki, 4 idman növü (3x3 basketbolu, badminton, atletika və velosiped) üzrə məktəbdaxili yarışlarla başlayan "Olimpiya Hərəkatı” proqramı çərçivəsində keçirilən yarışlarda ümumilikdə 10 mindən artıq məktəbli iştirak edib.