Qış məktəbi layihəsinin iştirakçıları Milli Olimpiya Komitəsində olublar

Qış məktəbi layihəsinin iştirakçıları Milli Olimpiya Komitəsində olublar

Fevralın 8-dən 15-dək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı beynəlxalq multikulturalizm qış məktəbi layihəsi həyata keçirilib.

Olimpnews.az saytının məlumatına görə, 2015-ci ilin yaz və payız semestrlərində "Azərbaycan multikulturalizmi” və "Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının iştirakı ilə keçirilən beynəlxalq multikulturalizm qış məktəbi Bakıda, Qubada, Xaçmazda və Qusarda fəaliyyət göstərib.

Məlumat üçün bildirək ki, bu il Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın ali təhsil ocaqlarından 35-dən çox, eləcə də Azərbaycanın yerli universitetlərindən 12 nəfər olmaqla, bütövlükdə 50-dən artıq tələbə beynəlxalq multikulturalizm qış məktəbində iştirak edib.

Dünən qış məktəbinin iştirakçıları ilə Milli Olimpiya Komtəsinin inzibati binasında görüş keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib. Qonaqları salamlayan vitse-prezident onlara Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyəti, ölkədə idmanın və Olimpiya Hərəkatının inkişafı, o cümlədən bu sahədə görülən işlərdən danışıb. Çingiz Hüseynzadə idmanda multikulturalizmin rolundan söhbət açıb.

"Ümumiyyətlə, idman insanları dinindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, bir araya toplayan vasitədir. Müxtəlif xalqın nümayəndəsi olmaq olar, amma həmin idmançılar bir bayraq altında çıxış edirlər. Bizim Olimpiya çempionlarımızın milli və dini mənsubiyyəti müxtəlifdir. Müxtəlif idman növləri üzrə yığma komandalarımızın arasında bir sıra millət və xalqların nümayəndələri var. Bununla qeyd etmək istəyirəm ki, idman olan yerdə heç bir dini, milli ayrıseçkilik ola bilməz. Azərbaycanda olan tolerantlıq, multikulturalizm nəticəsi olaraq heç bir millət, heç bir din arasında fərq qoyulmur. İdmançılarımız 4 ildənbir keçirilən Olimpiya Oyunlarına yola salınan zaman ölkəmizdə mövcud olan hər 3 dinin rəhbərləri hava limanına gələrək idmançılara xeyir-dua verirlər. Beləliklə biz idmançıların bir fərd olaraq dindən ilham almasına mane ola bilmərik, əksinə onlara bu cəhətdən kömək etməyə çalışırıq”, - deyə Çingiz Hüseynzadə bildirib. Səmimi və dialoq şəklində keçən görüşdə Çingiz Hüseynzadə qış məktəbi tələbələrinin suallarını ətraflı cavablandırıb.