İdman müxtəlif dünyagörüşünə, fərqli mədəniyyətlərə və dinlərə məxsus insanları bir araya gətirmək, sülhü təşviq etmək üçün ən böyük vasitədir. Özündə bir sıra dəyərləri birləşdirən idman beynəlxalq aləmdə böyük təsirə malik həmrəylik vasitəsidir.
Olimpnews.az saytının məlumatına görə, planetimizin ən böyük idman yarışları olan Olimpiya Oyunlarının təsir gücü isə heç bir digər tədbirlərlə müqayisə oluna bilməz. Olimpiya Oyunlarının əhəmiyyəti təkcə idmançıların yarışlarda göstərdikləri nəticələrdən deyil, əsl insan mənəviyyatı, müqəddəs ideyalara xidmətdən irəli gəlir. Olimpiya Oyunları xalqları bir araya toplayaraq, onlar arasında anlaşma və danışıq mübadiləsini təmin edir, sülhün bərqərar olmasına öz töhfəsini verir.

Qədim dövrlərdən müasir dövrümüzə qədər idman sülh və təhlükəsizliyin qorunmasında əvəzsiz xidmətlərə malik olub. Öz başlanğıcını qədim Yunanıstandan götürən Olimpiya Hərəkatı eramızdan əvvəl IV əsrdə öz fəaliyyətini dayandırsa da, XIX əsrdən sonra yenidən bərpa edildi. E.ə. IX əsrdə meydana gələn və oyunlardan 7 gün əvvəl, həmçinin onun başa çatmasından 7 gün sonra olan müddəti də əhatə edən "Olimpiya sülhü” ərzində atletlərin, onların qohumlarının və tamaşaçıların təhlükəsizliyini təmin etmək üçün bütün müharibələr dayandırılırdı. Ordu nümayəndələrinin Olimpiya Oyunlarını təhdid etməsinə imkan verilmir və ölüm hökmü qadağan olunurdu. Qeyd edim ki, dünyada ilk dəfə uzunmüddətli sülh məhz Olimpiya Oyunları sayəsində qorunub. Bu ənənənin bir sıra məqsədləri var idi:
- Olimpiya ideallarının tanıtımı üçün gəncləri səfərbər etmək;
- Münaqişələri sakitləşdirmək üçün idmandan istifadə etmək;
- Müharibə vəziyyətində olan ölkələrə humanitar dəstək göstərmək;
- Danışıqlar aparmaq və barışıq əldə etmək üçün zaman qazanmaq.
Beynəlxalq Olimpiya Komitəsinin Nizamnaməsində qeyd olunduğu kimi, Olimpiya Hərəkatı 3 yolla - sülhə çağırış, bütün insanların oyun qaydaları qarşısında bərabər olduğunu təsdiq etmək və fərqliliklərə qarşı dözümlülük nümayiş etdirməklə xalqlar arasında sülhsevər fikirlərin formalaşmasına səbəb ola bilər. Tarixdə bunun əyani sübutları da az olmayıb. Aborigen Keti Frimanın Sidney Olimpiya Oyunlarında yerli tamaşaçıların gözü qarşısında 400 metr məsafəyə qaçışda qalib gəlməsi bir çoxları tərəfindən Avstraliya və yerli aborigen əhali arasında barışığın simvolu kimi dəyərləndirildi. Yaxud, 1992-ci ildə Barselona Olimpiya Oyunlarında ilk dəfə Almaniyanın birləşmiş dövlət kimi təmsil olunması, Cənubi Afrikanın 30 illik fasilədən sonra yenidən Olimpiya Oyunlarına dəvət alması Olimpiya Oyunlarının dünyada sülh və sabitliyə verdiyi töhfənin bariz nümunələrindəndir.
Əsas məqsədinin dünyadakı sülh və təhlükəsizliyin qorunması olan BMT idmana xüsusi əhəmiyyət verərək qədim Yunanıstanda ənənə halını almış "Olimpiya sülhü”nü yenidən bərpa edib. Burda əsas məqsəd, sözsüz ki, münaqişələri zəiflətməkdir. 1993-cü ildən başlayaraq, hər il Olimpiya Oyunları ərəfəsində BMT dövlətlərə müraciət edərək iştirakçıların təhlükəsizliyinin təmin olunmasına və bütün münaqişələrin diplomatik vasitələrlə həllinə çağırır. Bir-biri ilə müharibədə olan dövlətləri məhz Olimpiya Oyunları zamanı müharibəni dayandırmağa, bütün dünyada dincliyin bərqərar olunmasına səsləyir.
Qarşıda bizi növbəti XXXI Yay Olimpiya Oyunları gözləyir. Təxminən 5 aydan sonra, bütün dünyanın diqqəti Braziliyanın Rio-de Janeyro şəhərində təşkil ediləcək bu möhtəşəm oyunlara yönələcək. Təəssüf ki, planetimiz bu Oyunlar ərəfəsində müxtəlif müharibə ocaqları ilə alovlanıb. Olimpiya məşəlinin od götürəcəyi Yunanıstanın qədim Olimp dağından götürülən alovdan fərqli olaraq, müharibə alovları bəşəriyyəti məhvə sürükləyir. Ümid edirik ki, qədim dövrlərdə olduğu kimi, bu il də dünyanın sülhpərvər qüvvələrinin çağırışına əməl ediləcək, münaqişələr dayandırılacaq və olimpizm prinsipləri sayəsində, minlərlə insanın ölümünün qarşısı alınacaq. Axı, Olimpiya Oyunları sülh elçisidir.