Velosiped üzrə Azərbaycan çempionatı keçirilir

Velosiped üzrə Azərbaycan çempionatı keçirilir



Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına əsasən Veloparkda dağa fərdi qrup ötüşməsi üzrə ölkə çempionatının birinci və ikinci mərhələsi keçirilib. Üç mərhələdən ibarət olan Azərbaycan çempionatına bu həftə son vurulacaq.
Yarışlarda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı iştirak edib.

Reqlamentə əsasən, ilk mərhələdə kiçik yaşlı qızlar 7, U-15 və U-17 kateqoriyasında yarışan velosipedçilər müvafiq olaraq 10 və 20, gənclər, U-23 və elit kateqoriyasında mübarizə aparan idmançılar isə 30 kilometr məsafə qət ediblər.

Kiçik yaşlı qızların mübarizəsində 8 nömrəli Olimpiya İdman Məktəbinin təmsilçisi Validə Cabbarova bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu məktəbin digər velosipedçisi Maqsud Həsənov isə 17 yaşadək velosipedçilər arasında ən yüksək nəticə göstərib.
U-15, gənclər və elit kateqoriyasında isə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Velosiped Məktəbinin üzvləri Nikita Sıtov, Bakir Dadaşov və Ayxan İltifatlı digər rəqiblərindən üstün olublar.
Azərbaycan çempionatının 2-ci mərhələsi martın 26-27-də keçirilib. Yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı iştirak edib.
Kiçik yaşlı qızların mübarizəsində 8 saylı Olimpiya İdman Məktəbinin təmsilçisi Validə Cabbarova bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. U-15, U-17 və gənclər kateqoriyasında İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Velosiped Məktəbinin üzvləri Nikita Sıtov, Qadir Mustafayev və Rövşən İsmayılov digər rəqibləri üçün əlçatmaz olublar. Və ən nəhayət, U23/Elit kateqoriyasında İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Velosiped Məktəbi / Lokomotiv klubunu təmsil edən Aqşin Bağırlı birinci yeri tutub.