“Olimpiya Hərəkatı” proqramının qalibləri mükfatlandırıldılar

“Olimpiya Hərəkatı” proqramının qalibləri mükfatlandırıldılar

Milli Olimpiya Komitəsinin inzibati binasında "Olimpiya Hərəkatı” məktəblilərin kütləvi idman proqramı çərçivəsində təşkil olunan final mərhələsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Olimpnews.az saytının məlumatına görə, tədbirdə Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin nümayəndələri, proqramın təşkilatçıları, federasiya rəsmiləri, məktəblilər və idman xadimləri iştirak edirdilər.

Tədbirdə çıxış edən MOK-un İdman İdarəsinin baş məsləhətçisi Vaqif Əliyev Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola” şirkəti, Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən "Olimpiya Hərəkatı” proqramı barəsində məlumat verdi. O, "Olimpiya Hərəkatı” proqramının əsas məqsədinin Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək məktəblilər arasında yüngül atletika, velosiped idmanı, basketbol 3x3 və badminton idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarət olduğunu qeyd etdi.

Məlumat verildi ki, bu proqrama 400-ə yaxın Bakı şəhər orta ümumtəhsil məktəbində təhsil alan 50 mindən çox şagird atletika, badminton, basketbol 3X3 və velosiped idmanı üzrə yarışlara cəlb olunub. "Olimpiya Hərəkatı” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayıb. 4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan proqram Bakı rayon yarışları ilə davam edib.

Xatırladaq ki, məktəblilərin "Olimpiya Hərəkatı” idman proqramının əsası 2003-cü ildə "Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir.

Sonra qalib komandaların üzvlərinə diplom təqdim olundu.