Boğazı kəsilən qapıçı və ata öz övladını necə xilas etdi?
Həyatda, idmanda, ümimiyyətlə, bizi əhatə edən ətraf aləmdə mütamadi olaraq qəribə və maraqlı hadisələr baş verir. Bizi təəccübləndirən bu hadisələrdən insan həyatı üçün təhlükəlisi də olur, xoş sonluqla bitəni də. Əsas odur ki, baş verən çətin məqamlarda insan öz sayıqlığını itirməsin və bu vəziyyətdən çıxış yolu tapmağı bacarsın. Necə ki, "olimpnews.az” saytının təqdim etdiyi bu idman hadisələrində olduğu kimi.
Boğazı kəsilən qapıçı
1989-cu ildə keçirilən hokkey oyunu zamanı şayba üstündə gedən mübarizədə rəqib oyunçunun konkilərinin ülgücü qapıçı Klint Malarçukun boğazını kəsib. Hokkeyçinin kəsilən boğazından axan qan meydançadakı buzun üstünü örtüb. Oyunu izləyənlər arasında yaranan mənzərədən dəhşətə gələn 11 nəfər azarkeş huşunu itirib, 2 nəfəri isə ürək tutması keçirib. Yaralanan idmançının hokkeyçi yoldaşları isə gözləri önündə baş verənlərdən şok vəziyyətinə düşüblər.
Bu gərgin anda gözlənilməz hərəkəti də elə Malarçukun özü edib: boğazından qan axan hokkeyçi güc-bəla ilə ayağa qalxaraq meydançanı tərk edib. İdmançı sonralar jurnalistlərlə müsahibəsində həmin hərəkətini belə isah edib: "Bilirdim ki, anam televizorda oyuna baxır və mən onun gözləri önündə ölmək istəmirdim”.
Bir vaxtlar Vyetnam müharibəsində qulluq etmiş və keçmiş hərbi həkim olan məşqçisi Malarçuku xilas edib. Vaxtında ilkin tibbi yardım göstərilən idmançı ölümün pəncəsindən salamat qurtara bilib.
Amma Klint Malarçuku həyatda sağ qala bilmək üçün irəlidə ikinci bir sınaq gözləyirdi. Amma bu dəfə yarış meydançasında deyil, başqa yerdə. 2008-ci ildə o, təsadüfən əlindəki tüfənglə öz başına atəş açıb və qəribə də olsa, bundan da salamat qurtara bilib.
Ata övladını necə xilas etdi?
ABŞ-da "Pittsburgh Pirates” beysbol komandasının oyunu zamanı, oyunçunun əlindən çıxan beysbol ağacı tribunada əyləşən tamaşaçılara tərəf uçmağa başlayıb. Tamaşaçılar arasında atası ilə birgə beysbol oyununa baxmağa gələn kiçikyaşlı uşaq da var idi. Ağac havada uçduğa anda hamı həyəcanla onun hansı səmtə getdiyini müəyyən etməyə çalışırdı. Tamaşaçıların arasında bir qorxu, həyəcan var idi, gərgin vəziyyət yaranmışdı.
Beysbol ağacının istiqaməti kiçikyaşlı oğlan uşağına tərəf yönəlmişdi. Telefonla oynayan uşağın isə heç nədən xəbəri yox idi. Özünü itirməyən ata son anda övladının başına çırpılacaq ağacı əlinin hərəkəti ilə geri qaytara bilib. Bu zərbədən onun övladı çox ciddi zədə ala bilərdi.
Ardı var
P.S. Kimliyindən asılı olmayaraq, bizi bu həyatda qoruyan bir qüvvə var və biz onun qarşısında acizik.
ALLAH sizi qorusun.