Xəzər İsayev: “Azərbaycanın Beynəlxalq Olimpiya Hərəkatında özünəməxsus yeri var”

Xəzər İsayev: “Azərbaycanın Beynəlxalq Olimpiya Hərəkatında özünəməxsus yeri var”

Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, ölkəmiz bu sahədə beynəlxalq aləmdə uğurlar əldə edir. Təmsilçilərimiz Avropa və dünya çempionatları, Olimpiya Oyunları kimi mötəbər yarışlardan vətənə yüksək nailiyyətlərlə dönürlər.

Olimpnews.az saytının məlumatına görə, bugünlərdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri, Xəzər İsayevlə görüşərək ölkəmizdə idmanın və Olimpiya Hərəkatının inkişafı, paytaxtımızda keçirilən Formula-1 Avropa Qran-pri yarışı, təmsilçilərimizin Olimpiya Oyunlarına hazırlığı barədə müsahibə aldıq.

- Xəzər müəllim, ölkəmizdə idmanın və Olimpiya Hərəkatının inkişafını necə dəyərləndirirsiniz?

- Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə təsis olunaraq fəaliyyətə başlayıb. 1997-ci ildə cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra bu sahə yüksələn xətlə inkişaf edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uğurlu idman siyasətinin nəticəsidir ki, idman sahəsində quruculuq işləri aparılır, beynəlxalq arenalarda yüksək uğurlar qazanılır, paytaxtımız ən nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edir. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngiməyib. Artıq böyük şəhərlər də daxil olmaqla respublikanın 50-dək çox bölgəsində Olimpiya idman mərkəzləri var. Beynəlxalq Olimpiya Komitəsinin fəal üzvü kimi Azərbaycan Milli Olimpiya Komitəsi 1996-cı ildən Beynəlxalq Olimpiya Gününü (BOK) hər il qeyd edir. Müasir Olimpiya Hərəkatının yaranması və BOK-un təsis olunması münasibətilə Olimpiya bayramında Kütləvi Qaçış Günü yarışları təşkil edilir. Belə tədbirlərin təşkilində məqsəd Olimpiya Hərəkatı və sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri Olimpiya Hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir. Beynəlxalq Olimpiya Günündə məktəbli və tələbələr bu tədbirdə iştirak edirlər. Fərqlənən iştirakçılar xüsusi mükafatlar və BOK-un diplomları ilə təltif olunurlar. Uğurlu nailiyyətlər göstərir ki, Azərbaycanın Beynəlxalq Olimpiya Hərəkatında özünəməxsus yeri var.

- Bugünlərdə paytaxtımız daha bir mötəbər turnirə - Formula-1 Avropa Qran-pri yarışlarına ev sahibliyi etdi.

- Azərbaycan beynəlxalq səviyyəli mötəbər yarışların təşkilində yüksək təcrübəyə malik ölkələr sırasındadır. İndiyədək paytaxtımızda Avropa və dünya çempionatları, Dünya kuboku yarışları yüksək səviyyədə keçirilib. Ötən il I Avropa Oyunlarını keçirməklə, Azərbaycan bütün dünyaya bəyan etdi ki, ən böyük tədbirləri keçirməyə qadirdir. Nüfuzlu yarışlardan olan Formula-1 Avropa Qran-prisinin Azərbaycanda keçirilməsini ölkəmizin bu sahədəki uğurlu fəaliyyətinin davamı kimi qiymətləndirmək olar. I Avropa Oyunlarından sonra paytaxtımızda yenidən idman bayramı əhval-ruhiyyəsi yaşandı. Azərbaycan öz peşəkarlığını dünyaya bir daha nümayiş etdirdi. Bir azərbaycanlı kimi Formula-1 yarışlarının Azərbaycanda keçirilməsi məni çox sevindirdi.
Formula-1 yarışlarının təşkili Azərbaycanın dünyada nüfuzunun artması, ölkəmizin tanınması baxımından mühüm əhəmiyyət kəsb edir. Bakıda keçirilən Formula-1 Avropa Qran-pri yarışlarını dünyanın 187 ölkəsində 500 milyondan çox azarkeş televiziya vasitəsilə izlədi. Bu yarışlar Azərbaycanı dünyada daha geniş şəkildə tanıtmaqla yanaşı, həm də ölkəyə böyük turist axınına səbəb oldu. İnanıram ki, gələcəkdə Formula-1 yarışlarında ölkəmizi təmsil edəcək idmançılarımız yetişəcəklər.

- Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarının başlamasına təxminən bir ay vaxt qalıb. Azərbaycan yığma komandasının Olimpiya Oyunlarına hazırlığı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Uzun müddətdir ki, müxtəlif idman növləri üzrə federasiyalarda idmançılarımızın Olimpiya Oyunlarına hazırlığı ilə bağlı işlər görülür. İdmançılarımızın lisenziya yarışlarında iştirakı təmin olunub, onlar lisenziya xarakterli yarışlarda çıxışlarını davam etdirirlər. Hər olimpiadada olduğu kimi, bu dəfə də yeni növlərdə lisenziyalar qazanılıb. Buna triatlon, trek velosipedi, kanoe-slalom kimi növləri aid etmək olar. Sevindirici məqam odur ki, ölkəmizdə yeni idman növləri inkişaf edir.

- Xəzər müəllim, Rio-2016 ilə bağlı proqnozlarınızı bilmək istərdik. Necə düşünürsünüz, Rio-de Janeyroda olimpiyaçılarımız neçə medal qazana bilərlər?

- İlk növbədə deyim ki, belə mötəbər yarışlar ərəfəsində proqnoz vermək çox çətindir. Diqqətinizə çatdırım ki, Avropa Oyunlarında idmançılarımızın nəticələri mənim gözlədiyimdən daha da yüksək oldu. Bu bir daha nümayiş etdirir ki, idmançının qələbə qazanmasında bir sıra amillər vardır. Burada psixoloji, idmançılarımızın həmin dövrə olan hazırlıq prosesi kimi məqamlar böyük rol oynayır. Sözsüz ki, Avropa Oyunlarında da ev sahibi amili idmançılarımızın özlərinə olan inamını daha da artırırdı. Nəzərə almaq lazımdır ki, Rio-de-Janeyroda 10 min idmançı mübarizə aparacaq. Sözsüz ki, Azərbaycanın bir sıra idman növlərində favorit idmançıları var. Güləş, taekvondo, boks, cüdo, avarçəkmə idman növlərində təmsilçilərimizdən uğurlu nəticə gözləmək olar. Düzdür, Olimpiya Oyunları uzaq bir ölkədə keçirilir. Komandamızın üzvləri iqlimə uyğunlaşma baxımından çətinliklə üzləşə bilərlər. Buna baxmayaraq, ümid edirəm ki, Olimpiya yığmamızın üzvləri budəfəki Olimpiya Oyunlarında, ən azı, Londondakı nəticəni təkrarlayacaqlar.