Oman Velosiped Federasiyasının prezidenti AzVİF-in qonağı olub

Oman Velosiped Federasiyasının prezidenti AzVİF-in qonağı olub




Ölkəmizdə səfər edən Oman Velosiped Federasiyasının prezidenti Saif Subba Əl Rəşidi Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) qonağı olub. 

"Olimpnews.az" xəbər verir ki, qonağı federasiyanın inzibati binasının yerləşdiyi Respublika Velotreki və Azərbaycan velosiped idmanının tarixini özündə əks etdirən muzeylə tanış edən AzVİF-in vitse-prezidenti Sahib Ələkbərov ona ölkəmizdə bu idman növünün inkişaf yolu haqda ətraflı məlumat verib. S. Ələkbərov bildirib ki, idmanın bütün növlərinə olduğu kimi, velosiped idmanına da göstərilən dövlət qayğısı nəticəsində idmançılarımızın son illər ərzində ustalıq səviyyəsi xeyli artıb və əldə edilən nəticələr yüksələn xətt üzrə inkişaf edir.

Federasiya rəsmisi müstəqillik illərində ilk dəfə olaraq velosipedçilərimizin Yay Olimpiya Oyunlarına 4 lisenziya qazandığını, "Synergy Baku" kontinental komandamzın planetin müxtəlif ölkələrində uğurlu nəticələr əldə etdiyini, bu idman növü üçün lazımi infrastrukturun yaradılmasını qonağın diqqətinə çatdırıb. Azərbaycanın nüfuzlu yarışlara ev sahibliyi etdiyini deyən Sahib Ələkbərov 2018-ci ildə paytaxtımızda BMX idman növü üzrə dünya çempionatının keçirilməsinin planlaşdırıldığını da bildirib.
Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Oman Velosiped Federasiyasının prezidenti Saif Subba Əl Rəşidi səmimi qəbula görə təşəkkürünü bildirib. O, hər 2 ölkənin velosiped federasiyaları arasında əməkdaşlıqda maraqlı olduğunu söyləyib və bir çox məsələlərdə, xüsusən yarışların təşkilində Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətində olduğunu deyib.

Görüşün sonunda qonağa Azərbaycan Velosiped İdmanı Federasiyası adından xatirə hədiyyələri təqdim edilib.