Çingiz Hüseynzadə: “Rio Olimpiadasında ən azı 11-12 medal qazana biləcəyik"

Çingiz Hüseynzadə: “Rio Olimpiadasında ən azı 11-12 medal qazana biləcəyik"





İyulun 29-da Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) bu ilin avqustunda Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının təbliğatı və təşviqatı ilə bağlı mətbuat konfransı keçirilib.

"Olimpnews.az" xəbər verir ki, mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, komitənin informasiya və nəşriyyat şöbəsinin müdiri Cəmaləddin Rəhmanov, marketinq departamentinin rəhbəri Mehman Kərimov və digər əməkdaşlar iştirak ediblər.

Brifinqdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Olimpiya yığma komandasının əsas heyətinin avqustun 1-də Braziliyaya yola düşəcəyini deyib. İdmansevərlərin atletlərimizin çıxışlarını yayım hüququ olan İctimai Televiziya vasitəsilə izləyə biləcəklərini diqqətə çatdıran Çingiz Hüseynzadə idmançılarımızın nəticələri barədə xəbərlərin operativ qaydada MOK-un internet resurslarında yerləşdiriləcəyini söyləyib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Braziliya ilə Azərbaycan arasında 7 saat fərqin olması baxımından yarışların Bakı vaxtı ilə gündüz saatlarında tamaşaçılara nümayiş etdiriləcəyini deyib. Çingiz Hüseynzadə gün ərzində olimpiadadan birbaşa 8 yayımın olacağını diqqətə çatdırıb.

Azərbaycan Olimpiya yığmasının geniş tərkibdən ibarət olduğunu deyən Çingiz Hüseynzadə Rio-2016 Yay Olimpiya Oyunlarında idmançılarımızın medalların sayı və keyfiyyəti baxımından London-2012 Olimpiadasına nisbətən daha yüksək nəticə əldə edəcəklərindən əminliyini ifadə edib. ""Proqnozu idmançıların potensialını nəzərə alaraq demək mümkündür. Londonda 10 medal qazandıq. Ancaq bu dəfə idmançıların və idman növlərinin sayı çox olduğundan imkanlarımız daha çoxdur. Hesab edirəm ki, Rio Olimpiadasında ən azı 11-12 medal qazana biləcəyik".


Braziliyada mövcud olan Zika virusu probleminə də toxunan MOK-un vitse prezidenti adıçəkilən virusun altı ay əvvəlkinə nisbətən indi daha zəif olduğunu qeyd edib. O, Gənclər və İdman Nazirliyinin İdman Tibb Diaqnostika və Reabilitasiya İnstitutu tərəfindən idmançılarımız üçün xüsusi tibbi çantalar, eləcə də ağcaqanadların zəhərini çəkmək üçün xüsusi cihazlar hazırlandığını KİV nümayəndələrinin diqqətinə çatdırıb.

Komitənin informasiya və nəşriyyat şöbəsinin müdiri Cəmaləddin Rəhmanov Rio-2016 Olimpiadasına Azərbaycanı 10 nəfər media nümayəndəsinin təmsil edəcəyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Olimpiada dövründə bütün internet resurslarından istifadə ediləcəyini deyən C.Rəhmanov təbliğat və təşviqat prosesinin "Rio-2016 Birlikdə Güclüyük” devizi altında həyata keçirildiyini də vurğulayıb. Qurum nümayəndəsi ölkənin kütləvi informasiya vasitələrini MOK-la birgə işləməyə və Azərbaycan Olimpiya komandasına dəstək olmağa çağırıb.


MOK-un marketinq departamentinin rəhbəri Mehman Kərimov bildirib ki, Olimpiya Oyunları zamanı "Rio-2016 Birlikdə Güclüyük” devizi altında tədbirlər həyata keçiriləcək. "Xatırlayırsınızsa, I Avropa Oyunları zamanı Milli Olimpiya Komitəsində "Zəfər günləri” təşkil olunurdu. Bu ənənə Rio-2016 Olimpidası dövründə davam etdiriləcək. Hər gün tədbirlər təşkil olunacaq və bu tədbirlər telebiziya vasitəsilə birbaşa yayımlanacaq. Uğur qazanan idmançılar, onların ailə üzvləri, federasiya nümayəndələri tədbirlərə dəvət olunacaqlar. Həmin müddət ərzində medal qazaan idmançılarla birbaşa bağlantı həyata keçiriləcək”.
Mehman Kərimov olimpiada tarixində ilk dəfə Beynəlxalq Olimpiya Komitəsinin xətti ilə "Olimpiya kanalı”nın istifadəyə verildiyini də vurğulayıb. O qeyd edib ki, bu kanala yalnız milli Olimpiya komitələrinin çıxışı var. Marketinq departamentinin rəhbəri bildirib ki, olimpiyaçılarımızın çıxışları operativ şəkildə sosial şəbəkələrdə nümayiş etdiriləcək.

Mətbuat konfransının sonunda jurnalistlərin sualları cavablandırılıb.







Səadət Hakıyeva