
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində XXXI Yay Olimpiya Oyunları ilə bağlı mətbuat konfransı keçirildi.
Olimpnews.az saytının məlumatına görə, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, aparıcı məsləhətçisi Murad Fərzəliyev və KİV nümayəndələri iştirak edirdi.
Rio Olimpiadasında əldə olunan nəticələrdən danışan Çingiz Hüseynzadə ölkəmizin ev sahibliyi edəcəyi turnirlər barəsində də məlumat verdi: «Azərbaycan idmançıları Rio-2016-da uğurla çıxış etdilər. Bir sıra parametrlər üzrə biz çox yüksək nəticələr əldə etmişik. Sabah Paralimpiya Oyunları başlayır. Biz ümid edirik ki, bizim idmançılarımız orada da yaxşı nəticələr göstərəcəklər. Rio-2016 rekordlarla yanaşı, öz ədalətsizlikləri ilə birlikdə idman karnavalı idi. Bu saatlarda Bakıda Şahmat Olimpiadası keçirilir. Biz idmanın bu növünə böyük diqqət ayırırıq. Baxmayaraq ki, o, Olimpiya idman növü deyil.
Ötən il Birinci Avropa Oyunları keçirildi. Gələn il də çoxlu tədbirlər keçiriləcək. Onlardan biri də ilk növbədə İslam Həmrəyliyi Oyunlarıdır. Eyni zamanda Bakı qadın voleybolu üzrə çempionata da ev sahibliyi edəcək».
Sonra MOK-un vitse-prezidenti jurnalistlərin suallarını cavablandırdı.