
Bugünlərdə Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) təşəbbüsü, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2015-ci il oktyabrın 7-10-da Bakıda keçirilmiş Avropa "Fair Play” Hərəkatı və Beynəlxalq "Fair Play” Komitəsinin birgə Konqresi və Avropa "Fair Play” Hərəkatının 21-ci Assambleyasına həsr olunmuş kitab çap olunub.
Olimpnews.az saytının məlumatına görə, 240 səhifəlik nəşrdə Avropa Ədalətli Oyunlar Hərəkatı və Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin birgə Ədalətli Oyunlar Konqresinin materialları əsas mövzu-”Rəqabətli İdmanda Ədalətli Oyun-Real və ya İdeal?” adı altında dərc olunub.
Nəşrdə Gənclər və İdman Naziri Azad Rəhimov, Beynəxalq Ədalətli Oyunlar Komitəsinin prezidenti Jeno Kamuti, Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Kristian Hinterberger, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayevin Konqres iştirakçılarına müraciətləri dərc olunub.
Kitabda "İdman körpülər qurur: Biz möhkəm körpüləri necə qururuq?”, "İdmanda ədalətli Oyun-əldə edilməsinə səy göstərilməli ideal”, "Gənc idmançılara ədalətli oyun dəyərlərini necə öyrətməli?”, "Gənclərin Olimpiya Oyunlarında qeyri-rəsmi təhsil üzrə ən yaxşı təcrübə”, "İdmanda müasir tədris”, "Qış Olimpiya Oyunları və onların ətraf mühitə təsiri” və s. mövzularda yerli və xarici mütəxəssislərin məruzələri öz əksini tapıb.
Qeyd olunub ki, bu kitab idmanın müsbət dəyərləri əsasında sağlam və firavan cəmiyyətin yaradılması naminə gələcək nəsillərə yardımçı vasitə olacaqdır.
Kitabda Konqres zamanı Bakıda Dünya və Avropa Ədalətli Oyunlar mükafatlarının təqdim edilməsi mərasimi barədə ətraflı məlumatlar yer alıb. Bildirilib ki, təqdimat mərasimi idmanın inkişaf, dostluq, ləyaqət və bərabərlik üçün bir vasitə olduğunu nümayiş etdirir.