Çingiz Hüseynzadə: “Yeniyetmələrin Olimpiya Festivalının 2019-cu ildə Bakıda keçirilməsi məsələsinə baxıla bilər” - MÜSAHİBƏ

Çingiz Hüseynzadə: “Yeniyetmələrin Olimpiya Festivalının 2019-cu ildə Bakıda keçirilməsi məsələsinə baxıla bilər” - MÜSAHİBƏ

Oktyabrın 19-dan 23-dək Minskdə Avropa Olimpiya Komitəsinin (AOK) 45-ci Assambleyası keçirilib. Olimpnews.az saytının məlumatına görə, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və AOK-un İcraiyyə Şurasının üzvü Çingiz Hüseynzadə, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov iştirak ediblər. Assambleyada müzakirə olunan məsələlərlə bağlı məlumat əldə etmək üçün Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşdük. Çingiz müəəlim "Olimpiya dünyası" qəzetinə eksklüziv müsahibəsində bildirdi ki, Yeniyetmələrin Olimpiya Festivalı 2019-cu ildə Bakıda keçirilə bilər.

- Çingiz müəllim, buyaxınlarda Avropa Olimpiya Komitəsinin 45-ci Assambleyasında iştirak etmisiniz. Tədbirdə hansı məsələlər müzakirə olundu, nə kimi qərarlar qəbul edildi?

- Minskdə keçirilən Avropa Olimpiya Komitəsinin 45-ci Assambleyasında əsas məsələlərdən biri ikinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı idi. Bildiyiniz kimi, müəyyən məsələlərlə əlaqədar olaraq növbəti Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin adının açıqlanması gecikmişdi. Belarusun ikinci Avropa Oyunlarına ev sahibliyi etməsi gözlənilirdi. 2019-cu ildə Avropa Yeniyetmələrinin Olimpiya Festivalının da Minsk şəhərində keçirilməsi nəzərdə tutulmuşdu. Buna görə də ikinci Avropa Oyunları məsələsi öz həllini tapmamışdı. Assambleyaya bir gün qalmış Avropa Olimpiya Komitəsi İcariyyə Komitəsinin iclası keçirildi. Mən də İcraiyyə Komitəsinin üzvü kimi bu iclasda iştirak edirdim. İclasda ikinci Avropa Oyunlarına Belarusun ev sahibliyi etməsi təklif olundu. Ölkənin Olimpiya Komitəsi bütün məsələlərlə tanış olmuşdu. Əlbəttə ki, son qərarı Belarus Prezidenti Aleksandr Lukaşenko verməli idi. Bu qərarın qəbul olunması üçün əsas maneə 2019-cu ildə Minksdə təşkil olunacaq Avropa Yeniyetmələrinin Olimpiya Festivalı idi. Yəni iki mötəbər idman yarışının eyni vaxtda bir ölkədə keçirilməsi bir qədər çətinlik yarada bilərdi. Mən təklif etdim ki, əgər Belarus ikinci Avropa Oyunlarına ev sahibliyi məsələsini qəbul edərsə, o zaman Azərbaycan Yeniyetmələrin Olimpiya Festivalının keçirilməsi məsələsinə baxa bilər. Təbii ki, Belarus üçün Avropa Oyunlarının keçirilməsi daha vacib idi. Biz belə bir qərarla baş Assambleyanın iclasına daxil olduq. İcasda Aleksandr Lukaşenko elan etdi ki, Minsk ikinci Avropa Oyunlarına ev sahibliyi etməyə hazırdır. Bundan sonra məsələ səsverməyə qoyuldu. Səsvermə nəticəsində II Avropa Oyunlarının Minsk şəhərində keçirilməsi qərarı qəbul olundu. Bu, Assambleyada müzakirə olunan əsas məsələlərdən biri idi. Bu il Avropa Yeniyetmələrin Olimpiya Festivalının keçirilməsinin 25 ili tamam olur. Bildiyiniz kimi, bu festival 1991-ci ildən keçirilməyə başlanılıb. Assambleyanın bir hissəsi bu məsələyə həsr olundu, Oyunların tarixi haqqında məlumat verildi. Eyni zamanda növbəti Oyunları keçirəcək şəhərlərin Təşkilat Komitələri öz təqdimatlarını etdilər.

Bildiyiniz kimi, gələn il Qış Olimpiya Oyunları Türkiyənin Ərzurum şəhərində təşkil olunacaq. Bundan başqa Assambleyada hər il olduğu kimi maliyə hesabatı dinlənildi, gələcək planlar müzakirə olundu. İclasda eyni zamanda, WADA ilə müasibətlər müzakirə olundu. Bundan başqa baş Assambleyanın iclasında Patrik Hikkinin vəziyyəti haqqında məlumatlar verildi. Patrik Hikkinin hələ də Avropa Olimpiya Komitəsinin prezidenti olması təsdiqləndi. Həmçinin Yanez Kosijançiçin AOK-un fəaliyyətdə olan prezident kimi statusu dəqiqləşdirildi. İslasda növbəti Assambleyanın keçiriləcəyi yer də müəyyənləşdirildi. Gələn ilin noyabr ayında Avropa Olimpiya Komitəsinin 46-cı Baş Assambleyası Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.

- Çingiz müəllim, ikinci Avropa Oyunlarının hazırlıq işlərinə cəmi üç il vaxt qalır. Necə düşünürsünüz, Belarus Avropa Oyunlarını qəbul etmək üçün hazırlıq işlərini başa çatdıra biləcəkmi?

- Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşümüz oldu. O qeyd etdi ki, Belarusda kifayət qədər idman obyektləri var. Lazım olan təqdirdə həmin obyektlərin təmir olunması Belarus üçün elə də böyük problem olmayacaq. Aleksandr Lukaşenko ilə görşümüzdə o qeyd etdi ki, biz Avropa Oyunlarını Azərbaycandakı kimi möhtəşəm keçirə bilmərik. Lakin çalışacağıq ki, bu Oyunların yüksək səviyyədə təşkili üçün əlimizdən gələni əsirgəməyək.

- Bakı-2015-in idman proqramı Minsk-2019-da təkrarlanacaqmı?

- Minskdə keçiriləcək II Avropa Oyunlarında idman növlərinin sayı bir qədər az olacaq. Yəni Oyunlar Bakıdakı kimi 20 idman növü üzrə keçirilməyəcək. Bu isə o deməkdir ki, iştirakçıların da sayı az olacaq. Qərar yeni qəbul edildiyinə görə hələ Avropa Olimpiya Komitəsi ilə Belarus Olimpiya Komitəsi arasında müqavilə imzalanmayıb. Müqavilə imzalanan zaman şərtlər müəyyən ediləcək. Ümid edirəm ki, Belarus bu məsələnin öhdəsindən gələcək. Bununla belə, ikinci Avropa Oyunları Bakı-2015-in səviyyəsində olmayacaq. Bunu hamı etiraf edir. Amma əminəm ki, Belarus yarışlara ev sahibliyi etməyi bacaracaq.

- Yəqin ki, ikinci Avropa Oyunlarının büdcəsi də fərqli olacaq?

- Şübhəsiz, Minskdə keçiriləcək Oyunların büdcəsi Bakı-2015-dən az olacaq. Təbii ki, idman növlərinin və iştirakçıların sayı azaldıqca büdcə də azalacaq. Azərbaycanda 20 idman növü üzrə yarış keçirilirdisə, Minskdə daha az idman növü üzrə yarışlar təşkil ediləcək. Əsas xərc yarışların keçirilməsi, idmançıların yerləşdirilməsinə sərf olunur. Buna görə də Minsk daha az vəsait xərcləyəcək. Təbii ki, biletlərin satışından, yarışların televiziya vasitəsi ilə yayımından qazanc əldə olunacaq. Bu məsələlər Təşkilat Komitəsinin öz işini hansı səviyyədə görməsindən asılı olacaq. Yaxın vaxtlarda Belarusda Təşkilat Komitəsi yaradılacaq, idman növlərinin sayı müəyyənləşəcək. Onlar da bizim kimi xaricdən mütəxəssislər dəvət edəcəklər. Yeri gəlmişkən deyim ki, Azərbaycandan olan mütəxəssislər də Minskdə öz təcrübələrini bölüşəcəklər. Belarusun rəsmiləri dəfələrlə qeyd etdilər ki, Azərbaycanın köməyinə ehtiyacları var. Çünki Azərbaycan bu Oyunların standartlarını müəyyənləşdirdi. Artıq hamıya məlumdur ki, Avropa Oyunlar necə keçirilməlidir. Bu yarışın keçirilmə səviyyəsi isə, qeyd etdiyim kimi yerli təşkilatlardan asılıdır.

- Çingiz müəllim, dediniz ki, Assambleyada WADA-nın nümayəndəsinin hesabatı dinlənildi. Maraqlıdır, agentliyin nümayəndəsi hansısa ölkənin adını çəkdimi?

- İclasda WADA-nın nümayəndəsi qeyd etdi ki, müəyyən məsələlərdə anlaşılmazlıqlar olub və bu məsələlərə yenidən baxılması gözlənilir. WADA ilə Beynəlxalq Olimpiya Komitəsinin münasibətləri yenidən qurulacaq. Assambleyadan bir neçə gün əvvəl bu iki qurum arasında danışıqlar keçirilmişdi. Yəqin ki, növbəti Oyunlara kimi yeni strategiya hazırlanacaq.

- İstərdik ki, IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı məlumat verəsiniz.

- IV İslam Oyunlarına hazırlıq işləri cədvəl üzrə davam edir. Bu məsələ ilə bağlı Təşkilat Komitəsi çalışır, müəyyən işlər görülür. Noyabrın 8-10-da Bakıda islam ölkələrinin nümayəndələri bir araya gələcək. Bəzi məsələlər var ki, hələ də müəyyənləşməyib. Bu, bəzi ölkələrin iştirakı ilə əlaqədardır. Yəni bir sıra ölkələr öz iştiraklarını hələ də təsdiq etməyib. Mən düşünürəm ki, noyabr ayında Bakıda keçiriləcək iclasda bu məsələlərə aydınlıq gələcək. Noyabrın 12-16-da Qətərin paytaxtı Dohada islam ölkələrinin növbəti iclası keçiriləcək. İclasda bir sıra məsələlər müzakirə olunacaq. Qeyd edim ki, V İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkənin də adı artıq müəyyənləşib. Türkiyənin İstanbul şəhəri 2021-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürüb. Azərbaycandan sonra Türkiyənin İslam Həmrəyliyi Oyunlarını öz üzərinə götürməsi müsbət haldır.

Azər Əlizadə

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir