
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında XXXI Yay Olimpiya Oyunlarının yekunlarına və «Olimpiya gündəliyi-2020» tövsiyələr kitabına dair mətbuat konfransı keçirilib. Olimpnews.az saytının məlumatına görə, əvvəlcə Rio-2016 Yay Olimpiya Oyunlarından və idmançılarımızın həmin yarışdakı çıxışından bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un nəşriyyat informasiya idarəsinin rəisi Cəmaləddin Rəhimov və marketinq departamentinin direktoru Mehman Kərimov iştirak edib.
Olimpiya Hərəkatının ölkəmizdə inkişafda olduğunu diqqətə çatdıran vitse-prezident qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsinin fəaliyyətində baş verən yeniliklər Milli Olimpiya komitələrindən yan keçə bilməz: «BOK-un qəbul etdiyi "Olimpiya gündəliyi-2020” proqramına əsasən, brendlərdən istifadə qaydalarına xüsusi diqqət yetirilib. Bunun üçün Milli Olimpiya komitələrində marketinq departamentinin yaradılması məqsədəuyğun sayılıb. Azərbaycan Milli Olimpiya Komitəsində də həmin departament artıq fəaliyyətə başlayıb. Qeyd edim ki, Beynəlxalq qurum brenddən istifadə qaydalarının bir qismini yerli komitələrə həvalə edib».
Çingiz Hüseynzadə bildirib ki, proqramda yer alan əsas müddəalardan biri də «təmiz idman» məsələsidir. Bu müddəaya əsasən, Olimpiya Oyunlarında dopinqdən istifadə etməyən idmançıların iştirakı bir daha önə çəkilir. "Olimpiya gündəliyi-2020”də yer alan əsas mövzulardan birinin də "İdman və ekologiya” olduğunu diqqətə çatdıran vitse-prezident bu istiqamətdə ölkəmizdə görülən işləri yüksək qiymətləndirərək deyib: «Bu sahədə görülən ən uğurlu addım Bakı Olimpiya Stadionunun və Bakı Su İdmanı Sarayının inşasıdır. Xatırlayırsınızsa əvvəllər həmin ərazi ekoloji cəhətdən yararsız vəziyyətdə idi. Ancaq indi idmansevərlər oraya rahatlıqla gəlib istirahət edə bilirlər. Bütün bunlar isə onu göstərir ki, Azərbaycanda "İdman və ekologiya” məsələsi diqqətdə saxlanılır”.
Proqramda gender probleminə də xüsusi diqqət yetirildiyini vurğulayan Çingiz Hüseynzadə bildirib ki, ölkəmizdə bu istiqamətdə mühüm irəliləyişlər var. «Azərbaycanda bəzi idman federasiyalarına qadınlar rəhbərlik edirlər. Həmçinin qadınlar idman qurumlarında yüksək vəzifələrdə təmsil olunurlar. MOK-un İcraiyyə Komitəsinin üzvlərindən dördü qadındır. Biz federasiyalara qadınların rəhbər işlərə cəlb olunmasını tövsiyə edirik», - deyə Çingiz Hüseynzadə əlavə edib.
Gündəliyin təkcə idmanla bağlı olmadığını diqqətə çatdıran Milli Olimpiya Komitəsinini vitse-prezidenti Gənclər və İdman, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri ilə sıx əməkdaşlıq etdiklərini vurğulayıb: «Təhsil Nazirliyi ilə birgə gələn ildən orta təhsil məktəblərində Olimpiya klublarının yaradılması planlaşdırılır. Şagirdlər klublara könüllü yazılacaqlar. Klublarda Olimpiya simvolları yerləşdiriləcək və Milli Olimpiya Komitəsi tərəfindən xüsusi proqram hazırlanacaq. Məktəblilər burada Olimpiya ideyalarını öyrənəcək və irimiqyaslı yarışlar barədə ətraflı məlumat əldə edəcəklər. Mədəniyyət və Turizm Nazirliyi ilə birgə birinci Avropa Oyunları zamanı idman filmləri festivalı təşkil olunmuşdu ki, bu da paytaxt sakinləri və qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdı».
Çingiz Hüseynzadə Olimpiya Oyunlarında komanda növlərində yığmalarımızın çıxışının mümkünlüyünü diqqətə çatdırarkən deyib: "Futbol üzrə Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsindəki çıxışı bizi çox sevindirir. "Qarabağ” və "Qəbələ” klubları ardıcıl olaraq, UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparırlar. Azərbaycanın ilk dəfə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında komanda növlərində təmsil olunma şansı böyükdür. Bu istiqamətdə qadınlardan ibarət voleybol komandamızı şanslı hesab edirəm».

Çingiz Hüseynzadə Minskdə Avropa Olimpiya Komitəsinin 45-ci Assambleyasında iştirakı barədə də məlumat verib: «Assableyadan əvvəl İcraiyyə Komitəsinin iclası oldu və Belarusun ikinci Avropa Oyunlarına ev sahibili məsələsi müzakirə olundu. Bu zaman ölkə Prezidenti Aleksandr Lukaşenkonun cavabı məlum deyildi. Onun cavabının müsbət və ya mənfi olacağı bilinmirdi. Çünki 2019-cu ildə Minsk Yeniyetmələrin Avropa Olimpiya Festivalına ev sahibliyi etməli idi. Bu da problem yaradırdı. Mən İcraiyyə Komitəsinin iclasında Azərbaycan üçün Belarusun II Avropa Oyunlarının keçirilməsini öz üzərinə götürməsinin çox vacib olduğunu bildirdim. Belə olacağı təqdirdə Azərbaycanın Yeniyetmələrin Avropa Olimpiya Festivalına ev sahibliyi etməsinin mümkün olacağını söylədim. Yeri gəlmişkən deyim ki, festivalı keçirmək asan deyil. Bunun üçün 5 il öncədən namizədlik verirsən, seçkilərdə iştirak edirsən. Amma bizim üçün çox rahatdır. Çünki heç bir prosedur olmayacaq. Bütün infrastrukturlar hazırdır. Yəni biz bu yarışa hazırıq. Mənim təklifim Belarus Prezidentinə çatdırıldı. Ertəsi gün iclas keçirildi və Aleksandr Lukaşenko ölkəsinin II Avropa Oyunlarını qəbul etdiyini bildirdi. Bizim güclü yerli mütəxəssislərimiz var. Belarus Prezidenti ilə bu məsələyə dair söhbətimiz olub. Öz dəstəyimizi, məsləhətlərimizi əsirgəməyəcəyik. Lazım gələrsə, öz mütəxəssislərimizi kömək üçün göndərəcəyik. Ancaq maddi yardımdan söhbət gedə bilməz».
Sonra MOK-un nəşriyyat informasiya idarəsinin rəisi Cəmaləddin Rəhimov və marketinq departamentinin direktoru Mehman Kərimov "Olimpiya gündəliyi-2020”, həmçinin "20+20” tövsiyələr toplusunda Olimpiya Hərəkatında gender bərabərliyi, Olimpiya təhsili, dayanıqlı inkişaf və marketinqə dair təqdimatla çıxış ediblər.
Tədbirin sonunda jurnalistlərin sualları cavablandırılıb.