Böyük nüfuza malik "Sportcal” (Sport Market Intelligence) şirkəti dünyanın qabaqcıl idman ölkələri və şəhərlərinin siyahısını açıqlayıb.
"Olimpnews.az" AzərTAC-a istinadən xəbər verir ki, ev sahibliyi etdiyi yarışların nüfuzu, səviyyəsi və təşkilatçılığına görə reytinq siyahısında ölkəmiz də yer alıb. Belə ki, müxtəlif mötəbər çempionatların, həmçinin "Formula-1” və Şahmat Olimpiadası kimi yarışların keçirildiyi Azərbaycan siyahıya daxil olan 86 ölkə arasında 33-cü yerdə qərarlaşıb. Dörd pillə irəliləyən ölkəmizin əmsalı 5406 xalla dəyərləndirilib. Ermənistanın yer ala bilmədiyi siyahıda Azərbaycan MDB ölkələri arasında ötən il olduğu kimi, bu dəfə də üçüncü pillədə qərarlaşıb.
Ölkəmizi yalnız ümumi siyahıda ikinci olan Rusiya (39145) və 29-cu pillədə qərarlaşan Qazaxıstan (6469) qabaqlayır. Buna baxmayaraq, Azərbaycan Belçika, Argentina, Yunanıstan, Ukrayna, Portuqaliya, Serbiya kimi idman ölkələrindən öndədir. İlk üçlükdə də dəyişiklik olub. Ötən il beşinci olan ABŞ (39262) bu dəfə liderliyi ələ keçirib. İkinci Rusiya, üçüncü yerdə isə Kanada (35474) gəlir. Siyahıda iki pillə geriləyən Türkiyə (11652) 20-ci yerdədir.
Şəhərlərin siyahısına isə bu dəfə London (19549) başçılıq edir. İlk üçlüyə Rio-de-Janeyro (18240) və Tokio (17808) daxildir. Bakı isə 5283 xalla dünyanın 17-ci şəhəridir. Paytaxtımız doqquz pillə irəliləyib. Bakı Minsk, Vankuver, Sankt-Peterburq, İstanbul, Barselona, Los-Anceles, Roma, Milan, Amsterdam və bir sıra aparıcı şəhərlərdən öndədir.
Paytaxt Bakı MDB məkanında Moskva, Kazan və Soçidən sonra dördüncü yerdə qərarlaşıb.