Milli Olimpiya Komitəsində tərəfdaşlıq müqaviləsi imzalanıb

Milli Olimpiya Komitəsində tərəfdaşlıq müqaviləsi imzalanıb
BP şirkəti Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komitələri ilə tərəfdaşlığı 2020-ci ilədək davam etdirəcək. Olimpnews.az saytının məlumatına görə, bununla bağlı oktyabrın 15-də MOK-un inzibatibinasında BP şirkəti ilə Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi arasında imzalanma mərasimi keçirilib.

Mərasimdə Gənclər və İdman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell və digər rəsmi qonaqlar iştirak ediblər.

Qeyd olunub ki, ilk saziş London-2012 Olimpiadasından əvvəl imzalanıb və həmin vaxtdan etibarən bu tərəfdaşlıq sazişinin müddəti iki dəfə uzadılıb. Bu tərəfdaşlıq BP şirkətinə ölkədəki idmanın inkişafına dəstək olmaq istiqamətində Azərbaycan Milli Olimpiya və Paralimpiya komitələri ilə sıx işləmək imkanı yaradıb. Tədbirdə çıxış edən Qordon Birrell Azərbaycanı mötəbər yarışlarda təmsil edən idmançıları daim dəstəklədiklərini və bu işin bundan sonra da davam etdiriləcəyini qeyd edib. O bildirib ki, bağlanmış sazişin müddətinin uzadılması BP şirkətinin etibarlı tərəfdaş kimi ölkə qarşısında uzunmüddətli öhdəliyini nümayiş etdirir.

Çingiz Hüseynzadə bildirib ki, BP şirkəti təkcə Azərbaycanın neft və qaz sənayesinə deyil, həm də ölkədə idmanın inkişafına dəstək göstərir. "2013-2016-cı illəri əhatə edən Olimpiya dövründə bu əməkdaşlıq kifayət qədər zəngin olmuşdur. Belə ki, BP ilə həyata keçirdiyimiz birgə layihələrdən minlərlə könüllü, idmançı və məşqçi faydalanıb. 2014-2016-cı illəri əhatə edən və Maykl Consonun birgə iştirakı ilə həyata keçirilən "Elit idmançıların təlim və inkişaf proqramını” xüsusilə vurğulamaq istərdim”, - deyə MOK-un vitse-prezidenti əlavə edib.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov BP şirkətinin dünyanın 10 ölkəsinin, o cümlədən Azərbaycanın Milli Paralimpiya Komitəsi ilə tərəfdaşı olduğunu vurğulayıb və bunu humanist addım kimi qiymətləndirib.

Gənclər və İdman naziri Azad Rəhimov qeyd edib ki, BP şirkəti gələn ilin may ayında keçiriləcək Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında və Tokio-2020 Olimpiadasında Azərbaycan idmançılarını dəstəkləyəcək.Sonda tərəfdaşlıq müqaviləsi imzalanıb.