"Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik.
Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Bu qısa, amma məzmunlu ürək sözləri ilə Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsinə öz şərəfli imzasını atdı Mübariz İbrahimov. Sonralar dillər əzbərinə, əfsanəyə çevriləcək bu məktubla ölümsüzlüyə qovuşdu Ağakərim kişinin oğlu. Ürəyi vətən sevgisi ilə alışıb yanan igidimiz bu qısa sətirlərlə mümkünə çevirdi namümkünü. Ölümün gözlərinə dik baxa-baxa əbədiliyə qədəm qoydu.
Vətən oğlu, sənin yolun başqa idi, sənin həsrətin, sənin sevgin bambaşqa idi. Bəzi yaşıdlarının başı əyləncələrə, eyş-işrətə qarışdığı halda, sən Vətən eşqi, vətən həsrəti ilə alışıb yanırdın. Dözə bilmədin qəsbkar, xəyanətkar erməni dığalarının torpaqlarımızda at oynatmağına. Bu dünyada ən çətin şey yaşamaqdan başqa heç nə eləyə bilmədiyini bilə-bilə yaşamaqdır. Amma sən niyə yaşadığını çöx gözəl bilirdin. Sən başını aşağı salıb, yaşıdların kimi yaşaya bilməzdin. Vətən, torpaq yolunda şəhid olmaq sənin taleyin deyildi. Bu yolu sən özün seçdin. Çünki Tanrı səni belə yaratmışdı.
"Mən Azərbaycanın bayrağını qaldıracağam, ya hərbdə, ya da idmanda”
Milli qəhrəman Mübariz İbrahimovun atası deyir ki, övlada tərbiyə vermək, ona düzgün yol göstərmək hər bir atanın, valideynin borcudur: "Mübariz idmanla məşğul olurdu və mən ona hər dəfə "İdmanla məşğul olmağa davam et, yarışlarda Azərbaycanın bayrağını qaldır”, - deyirdim. Övladıma bir əsgər, bir zabit kimi vətənin şərəfini, namusunu müdafiə etməyə hər zaman hazır olmağı tövsiyə edirdim. Mübariz həmişə mənə deyirdi ki, "Ata, mən Azərbaycanın bayrağını qaldıracağam, ya hərbdə, ya da idmanda”. Göranboyda xidmət edən Mübariz döyüş bölgəsinə getməmişdən əvvəl atasından halallıq istəyib, ayaqlarına döşənib… Ata sonra biləcəkdi ki, onun oğlu gizir Mübariz İbrahimov "Vətən sag olsun” deyərək təkbaşına iki ordu arasındakı 1 km-lik minalanmış sahəni keçməklə düşmənin çox sayda əsgər və zabitini məhv edib. Sonra eşidəcəkdi ki, oğlu düşmənin öz silahlarını bir-birinə qarşı istifadə etməklə 5 saat onlarla təkbaşına döyüşərək vətən yolunda qəhrəmancasına şəhid olub. Ağakərim kişi sonralar biləcəkdi ki, Mübariz İbrahimov təkcə onun oğlu deyil, bu millətin, bu xalqın, bütöv Azərbaycanın oğludur.
Şəhidlik vətənpərvər insanların arzulayıb çatdığı ən uca zirvədir. Vətənimiz Azərbaycanı yaşadan məhz belə qeyrətli, igid oğulları, şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarıdır. "Odlar Yurdu” deyilən ana vətənin odunu-ocağını sönməyə qoymayan, onun uğrunda canından keçən comərd övladlarıdır. Yurdumuzun bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələnlər qeyrət simvolumuz, mərdlik məktəbimizdir. Belə oğullar qanı ilə, canı ilə vətənə bağlı olur. Belə oğullar "Vətən mənim üçün nə edib?” -, demir, "Mən vətən üçün nə etmişəm?” sualını verirlər. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də məhz belə oğullardır. Vətən məhz belə qəhrəmanlara «oğul» deyir.
Xalqımız ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə, örnək kimi təqdim edir. Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsinə daxil olan belə insanların keçdiyi yol müasir dövrdə gənclərimizin mənəviyyatına güclü təsir göstərir. Vətənimiz, xalqımız həyatını, ürəyinin alovunu-odunu, ən gözəl parlaq düşüncələrini, sevgisini bu torpağa, onun müstəqilliyinə həsr etmiş Tomris, Nəriman Nərimanov, Heydər Əliyev kimi dahi şəxsiyyətləri, Əlif Hacıyev, Mübariz İbrahimov kimi qəhrəmanları necə unuda bilər?
"Mən fəxr edirəm ki, azərbaycanlıyam”
Son dövrün hadisələri, zorla cəlb edildiyimiz Qarabağ münaqişəsi bir daha göstərdi ki, Azərbaycan övladları keçmiş zamanlarda olduğu kimi, indi də hər cür qəhrəmanlıq göstərməyə, vətənin şöhrətini ucaltmağa qadirdirlər. 1988-ci ildən bəri azğın düşmənlərə sinə gərib dayanan oğul və qızlarımız sübut etdilər ki, Vətən uğrunda ölməyə dəyər. Şəhidlər Xiyabanında uyuyan igidlərimiz – ölümü ilə ölümsüzlüyə qovuşanlar bizi "Vətən anadır və onun azadlığı naminə canını qurban verənlər ən xoşbəxt insanlardır” ifadəsini fəxrlə deməyə zəmin yaratdılar.
25 il öncə öz müstəqilliyinə qovuşan Azərbaycan bu yolda bir çox çətinliklərdən, əzab-əziyyətlərdən keçib, neçə-neçə igidimiz canını qurban verib. Tarixi arzularını reallaşdıran Azərbaycan xalqının öz dövlət himnini, üçrəngli bayrağını, dövlət gerbinin təsdiq etməsi çətin, əzablı yolun gözəl sonluğu idi. Amma müstəqilliymiz çoxlarını narahat edirdi, xüsusilə də xəyanətkar qonşularımızı. Sovet rejiminin dağıldığı dönəmdə seperatçı Ermənistan bizimlə torpaq iddiasına qalxdı. Elə bir məqam yetişdi ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması böyük təhlükə altına düşdü. Belə bir məqamda Azərbaycan dövlətçiliyinin sabahını düşünənlər və müstəqilliyimizi qoruyub saxlamaq istəyənlər ümummilli lider, dahi şəxsiyyət, vətənpərvər insan Heydər Əliyevə üz tutdular. "Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyən ulu öndər Azərbaycan xalqının parlaq günəşi kimi öz nurundan hər kəsə pay, vətənsevərlərin ürəyinə ruh, qoluna güc verdi. Ulu öndərin Vətənimizə olan sonsuz sevgisi Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu. Azərbaycan dövlətçiliyinin yaradıcısı, dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün, demokratik dəyərlərimizin təminatçısı, xilaskar, qurucu insan, tarixi şəxsiyyət öz əməlləri ilə vətənpərvərlik səlnaməsinin qızıl tarixini yazdı.
Ailə cəmiyyətin təməl daşıdır
Uşaq və gənclərin vətənpərvərlik, dövlətimizə, xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm sahələrdən biridir. Uşaq və gənclərimizə itirilmiş torpaqlarımız haqqında, şəhidlərimiz, qəhrəmanlarımız vətənpərvər insanlar barəsində danışmaq, onlarda vətənə sədaqət aşılamaq lazımdır. Onlar bilməlidirlər ki, müstəqillimiz asan qazanılmayıb. Bu yolda minlərlə şəhidimizin qanı tökülüb. Bu baxımdan, Azərbaycan torpağında yaşayan hər bir kəs müstəqilliyimizin qədrini bilməli, vətən uğrunda hər an hər şeyə hazır olmalıdır. Vətənpərvərlik ruhu, milli mənlik şüuru ailədən başlayaraq təhsil ocaqlarına qədər gənc nəsilə aşılanmalıdır. Pedaqoqlar uşaqlara vətənpərvərlik hissinin, ilk növbədə, atadan, anadan keçdiyini iddia edirlər və bunda çox haqlıdırlar. Ailə cəmiyyətin təməl daşı hesab olunur. Məhz ailə uşağı elə tərbiyə edə bilər ki, o, vətənə, torpağa, elə-obaya, orduya, şəhidlərimizə məhəbbət, düşmənə isə nifrət ruhunda böyüsün.
Məhəmməd Peyğəmbər deyirdi: "Atanın öz oğluna əvəzsiz olaraq verdiyi, bağışladığı şeylərin ən üstünü odur ki, onu yaxşı böyütsün və gözəl tərbiyə etsin”. Ailədə yaxşı böyüyən və gözəl tərbiyə alan uşaq mütləq həm savadlı, bilikli olacaq, həm də vətənə, xalqa gərəkli bir övlad kimi yetişəcək. Danılmaz faktdır ki, gözəl əxlaqlı və tərbiyəli insanın milli mənlik şüuru da yüksək olur, mədəni səviyyəsi də. Belə insanlar, digərlərindən fərqli olaraq, doğulduğu torpağın, vətəndaşı olduğu ölkənin təəssübünü daha çox çəkir, canlarını belə, əsirgəmirlər. Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov həyatında indiyədək əldə etdiyi uğurlara görə öncə ailəsinə, valideynlərinə borclu olduğunu deyir. Titullarının, hazırda tutduğu mövqenin fonunda hər şeydən əvvəl adi vətəndaş, əsgər olduğunu vurğulayan tanınmış idmançının sözlərinə görə vətəni sevməyən insan nə valideynlərinin, nə ailəsinin qayğısını çəkə bilməz, öz işində irəlilə gedə bilməz.

Vətənə sevgi, böyüklərə hörmət, milli dəyərlərə məhəbbət, şərəf, ləyaqət kimi hisslər insanda uşaqlıq illərindən formalaşır və möhkəmlənir. Düzgün tərbiyə almış uşaqlar və gənclər həyatın mənasını başa düşür, vətənə, insanlara gərəkli olmağın qiymətini bilirlər. Onlar üçün vətənə, onun hər qarış torpağına məhəbbət, sevgi hər şeydən üstündür. I qrup əlil, Qarabağ müharibəsinin, milli-azadlıq hərəkatının iştirakçısı, "Vətənpərvərlər” cəmiyyətinin sədri Arif Məhərrəmov deyir ki, kiçik yaşlarından deyilən hər söz, hər nəsihət insanın yaddaşında dərin iz buraxır. Qərbi Azərbaycanın Göycə mahalında dünyaya göz açan bu vətənpərvər insanın sözlərinə görə, 4-5 yaşı olanda babasının müqəddəs bayrağımız haqqında, müstəqilliklə bağlı dediyi sözlər onun şərəfli ömür yoluna işıq saçıb, mayak kimi yol göstərib.
Etiraf etməliyik ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində aparılan təbliğat işlərinin səviyyəsi heç də qənaətbəxş deyil. Bu məsələdə aparıcı rolu KİV-lər oynamalı, mətbuat vətənpərvərliklə bağlı məqsədyönlü təbliğat işləri aparmalıdır. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsi çox ciddi məsələdir. Bunun üçün ailədə, təhsil müəssisələrində, mətbuatda, cəmiyyətdə hərbi-vətənpərvərlik tərbiyəsinin təbliği ön plana çəkilməli, ordumuz, şəhidlərimiz, milli qəhrəmanlarımız haqqında geniş danışılmalı, mənfur düşmənlə bağlı müxtəlif istiqamətlərdə söhbətlər aparılmalıdır.
Orta məktəblərdə vətənpərvərliklə bağlı aparılan ideoloji işlər, Milli qəhrəmanlarımız haqda onların məlumatlandırılması, eləcə də Qarabağ müharibəsində iştirak edən cəsur insanlarla təşkil edilən görüşlər təbii ki, hər bir şagirdin yaddaşında dərin iz buraxır. Bu gün məktəblərdə vətənpərvərlik mövzusunda keçirilən viktorinalar, müsabiqələr, hərbi idman oyunları gənclərimizin hərbi ruhda böyüməsində müstəsna rol oynayır. Milli oyunlarımız da hərbi-vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir.
Ürəyində vətən sevgisi olanlar
Bir vaxtlar şəhər əhalisinin istirahət yeri olan Dağüstü Park indi vətən üçün canından keçən müqəddəs ruhların məskəninə, insanların ziyarətgahına çevrilib. Bu müqəddəs yerdə ürəyində vətən sevgisi əliyalın düşmən qarşısına çıxan vətənpərvər insanların, torpaq uğrunda canından keçən igidlərin ruhu uyuyur. Şəhidlər Xiyabanındakı adsız qəbirlər, məzarsız baş daşları, baş daşlarındakı şəkillərdən boylanan hüzn, kədər dolu lal baxışlar insana çox şeylər deyir... Yarımçıq talelər, yarım qalan arzular və bu insanların son nəfəsdə nə hiss etdiklərini düşünürsən. Axı bu insanların günahı nə idi? Yalnız vətəni sevməkmi? Milli qəhrəmanımız Mübariz İbrahimovun da günahı Vətənini çox sevməyi idi. Mübariz onu evləndirmək istəyən anası Şamama xanıma "Mənim yolum ayrıdır”, - deyib 22 yaşında əbədiyyətə qovuşdu. Çünki bu insan iliyinə kimi vətənpərvər idi, vətən torpağının yağı düşmənin tapdağı altında qalmasını heç cür qəbul edə bilmirdi. Mübarizliyi, vətən sevgisi onu düşməndən qisas almağa səsləyirdi. Bizim hər birimiz mübariz ola bilərik. Mübarizliyimiz vətən sevgisi, vətənpərvərliklə üst-üstə düşsə, şəhid Mübarizlərimizin qanı yerdə qalmaz.

P.S. Bu gün sənin doğum günündür, 29 yaşın tamam olur. Amma sən bizim xatirimizdə həmişə elə 22 yaşında qalacaqsan, heç qocalmayacaqsan. Qəbrin nurla dolsun, ŞƏHİDİM!
Səadət Hakıyeva