“Neftçi İdman Klubu”nun idman xronikası

“Neftçi İdman Klubu”nun idman xronikası



Cüdo

Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük dəbilqə” turnirinə yekun vurulub. 61 ölkədən 412 idmançının (259 kişi, 153 qadın) mübarizə apardığı yarışda yığma komandamız 7 cüdoçu ilə iştirak edib.
Yığmamız mötəbər turnirin 3 medalını qazanıb. Qürurverici haldır ki, ölkəmizə medal qazandırmış cüdoçuların hər üçü "Neftçi İdman Klubu”nun yetirmələrdir.
Yarışda 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov koreyalı Hyuk Çoini, Qazaxıstan təmsilçisi Qusman Kırqızbayevi və fransalı Vinsent Limareni məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda rəqibinə uduzan cüdoçumuz bürünc medal uğrunda Braziliya idmançısı Erik Takabate ilə qarşılaşıb. İdmançımız bu görüşdən qalib ayrılıb.

66 kq çəkidə ölkəmizi təmsil edən klubun digər yetirməsi Nicat Şıxəlizadə isə ilk görüşündə çinli Daqa Qinqi məğlubiyyətə uğradıb. Növbəti görüşündə isə Belçika cüdoçusu Qansbekeyə qalib gəlib. Lakin rusiyalı Anzaur Ardova məğlub olan Şıxəlizadə təsəlliverici görüşdə qüvvəsini sınayıb. O, bu mərhələdə İsrail idmançısı Tal Flikerlə, 3-cü yer uğrunda görüşdə isə kanadalı Antonie Bouçartla qarşılaşmadan qalib ayrılıb və bürünc medala sahib olub.
Klubun 73 kq çəki dərəcəsində çıxış edən cüdoçuları Rüstəm Orucov və Hidayət Heydərov bürünc medal uğrunda həlledici qarşılaşmada üz-üzə gəliblər. Hidayət Heydərov komanda yoldaşından daha güclü olub və onu məğlub edərək bürünc medala yiyələnib. Rüstəm Orucov isə "Böyük dəbilqə”ni 5-ci pillədə başa vurub.
Beləliklə, klubumuzun cüdoçuları Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Hidayət Heydərov (73 kq) Paris "Böyük dəbilqə” turnirinin bürünc medallarına layiq görülüblər.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və "Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Parisdə təşkil olunan mötəbər yarışı canlı izləyiblər və idmançılarımıza dəstək olublar.

Qılıncoynatma

Qılıncoynatma üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə yekun vurulub. Qılıncoynatma Federasiyasının zalında təşkil olunan yarışda 64 idmançı (36 oğlan, 28 qız) şpaqa və sablya növlərində bacarıqlarını nümayiş etdiriblər.
"Neftçi İdman Klubu”nun təmsilçiləri də birincilikdə mübarizə aparıblar. Sablyaçılarımız 2-si gümüş və 3-ü bürünc olmaqla 5 medala sahib olublar. Oğlanlar arasında Murad Hüseynov gümüş, Murad Əkbərov isə bürünc medala layiq görülüb. Xanım sablyaçılarımızdan Ayla Muradzadə fəxri kürsünün 2-ci pilləsində yer alıb. Sara Aydəmirova və Ləman Əhmədova isə ölkə birinciliyini 3-cü yerdə başa vurublar.

Sambo

Şağan Olimpiya İdman Kompleksində sambo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub. Yeniyetmələr, gənclər və kişilər arasında təşkil olunan yarışda gərgin idman mübarizəsi müşahidə olunub.
"Neftçi İdman Klubu"nun samboçuları çempionatda əzmlə mübarizə apararaq ümumilikdə 41 medala (11 qızıl, 13 gümüş, 17 bürünc) sahib olublar. Yeniyetmələr arasında Rəşad Dünyamalıyev (56 kq), Teymur Allahverdiyev (70 kq), Əli Nəzərli (75 kq) və Hüseynəli İsgəndərov (81 kq) bütün rəqiblərini məğlubiyyətə uğradaraq ölkə çempionatının qalibi adını qazanıblar.
Gənc samboçularımızdan 48 kq çəkidə çıxış edən Sabir Ağayev, Eyvaz Baxşıyev (52 kq), Elmin Hüseynov (62 kq), Bahadur Əsgərov (68 kq) və Elvin Abbasov (100 kq) eyni uğuru təkrarlayıblar və fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Kişilərin yarışında isə Ağasif Səmədov (52 kq) və Cavidan Qarayev (62 kq) respublika çempionatının qızıl medalına yiyələniblər.

Kikboksinq

Bakı İdman Sarayında təşkil olunan kikboksinq üzrə Azərbaycan çempionatına yekun vurulub. Gənclər və böyüklər arasında keçirilən yarışda 40 komandadan 200-ə yaxın idmançı qüvvəsini sınayıb.
"Neftçi İdman Klubu”nun kikboksçularından 10-u mükafatçılar sırasına düşməyə müvəffəq olub. Onlardan 2-si qızıl, 5-i gümüş, 3-ü isə bürünc medala layiq görülüb. Klubun yetirmələrindən Ruslan Nağıyev (60 kq) gənclər arasında ölkə çempionu adını qazanıb. Emin Quliyev (71 kq) 2-ci, Ağa Məmmədov (81 kq) isə 3-cü yeri tutub.
Böyüklər yarışında 57 kq çəki dərəcəsində mübarizə aparan Rolan Quliyev məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nəcməddin Məmmədzadə (54 kq), Camal Məmmədov (57 kq), Altay Atakişiyev (75 kq), Bəybala Quliyev (86 kq) gümüş, Elnur Mahmudov (63,5 kq) və Amid Hüseynov (75 kq) isə bürünc medallara sahib olublar.
Qeyd edək ki, yarışın qalibləri kikboksinq üzrə yığma komandanın təlim-məşq toplanışlarına cəlb olunacaqlar.

***
Fevralın 11-də Buzovna qəsəbəsində start götürən Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq üzrə respublika turniri başa çatıb. Yeniyetmələr arasında keçirilən yarışda 15 komandanın heyətində 170-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.
Klubumuzun kikboksçuları turnirin 12 medalını (7 qızıl, 2 gümüş, 3 bürünc) qazanmaqla komanda hesabında birinci yeri tutublar. Təmsilçilərimizdən İmran Bağırov (31 kq), Əlihüseyn Əliyev (33 kq), Bəylər Həmidov (42 kq), Əli Qasımov (45 kq), Hüseyn Tarıverdiyev (51 kq), Məhəmməd Əliyev (54 kq) və Aslan Mikayılzadə (57 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq qızıl medala sahib olublar. Qalib Hüseynli (36 kq), Mirvasif Əliyev (+45 kq) 2-ci, Vaqif Ələkbərov (33 kq), Əliheydər Quliyev (28 kq) və Əlixan İbrahimov (26,5 kq) isə 3-cü yerə çıxıblar.

Futbol

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda 15-ci turun oyunları keçirilib.
Bu tur çərçivəsində "Qaradağ Lökbatan" Mingəçevirin "Energetik" komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən oyun komandamızın aşkar üstünlüyü şəraitində keçib. Qarşılaşmaya sürətli hücumlarla başlayan futbolçularımız 24-cü dəqiqədə Məhəmməd Xəlilovun vurduğu qolla önə keçiblər. Komandalar fasiləyə elə bu hesabla yollansalar da, ikinci hissə daha məhsuldar keçib. Belə ki, hücumlarının kəsərini bir qədər də artıran futbolçularımız rəqibi daha dörd dəfə meydanın mərkəzinə dəvət ediblər. 46-cı dəqiqədə Məhəmməd Xəlilov özünün və komandasının ikinci qolunu vurub. Cəmi on dəqiqə sonra Nicat Əsgərov mingəçevirliləri cəzalandırıb - 3:0. Hücumlarını davam etdirən "Qaradağ Lökbatan" daha iki qola imza ataraq hesabı 5:0-a çatdırıb. Matçın 65 və 77-ci dəqiqələrində Rüfət Məmmədov dubl edib. Beləliklə, komandamız "Energetik"i 5:0 hesablı darmadağınla məğlub edib.



"Neftçi İdman Klubu”İctimai Birliyinin
mətbuat xidməti