“Neftçi İdman Klubu”nun idman xronikası

“Neftçi İdman Klubu”nun idman xronikası



Cüdo

İtaliyanın paytaxtı Romada kişilər arasında cüdo üzrə açıq Avropa çempionatı keçirilib. Yarışda 36 ölkədən 257 idmançı qalib adı uğrunda mübarizə aparıb. Azərbaycan milli komandası çempionatda 16 cüdoçu ilə təmsil olunub. Yığmamız yarışı 1 gümüş və 1 bürünc medalla başa vurub.
Gümüş medalı ölkəmizə "Neftçi İdman Klubu”nun cüdoçusu Tural Səfquliyev (90 kq) qazandırıb. İdmançımız serbiyalı Draqan Beqovic, İtaliya təmsilçisi Luka Qalbiati və yaponiyalı Şoiçiro Mukaini məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Bu mərhələdə Kanada cüdoçusu Zaçari Burt üzərində inamlı qələbə qazanan Səfquliyev finala vəsiqəni təmin edib. Həlledici qarşılaşmada polşalı Pyotr Kuçzeraya məğlub olan cüdoçumuz açıq Avropa çempionatının gümüş medalına layiq görülüb.

***
İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kubokuna yekun vurulub. 21 ölkədən 423 idmançının (234 oğlan, 189 qız) iştirak etdityi yarışda Azərbaycan yığma komandası 16 cüdoçu (12 oğlan, 4 qız) ilə təmsil olunub. Mötəbər turnirdə uğurla çıxış edən millimiz 7 medala (4 qızıl, 2 gümüş, 1 bürünc) yiyələnib və komanda hesabında 1-ci yeri tutub.
"Neftçi İdman Klubu”nun yığmamızın heyətində yer almış yeniyetmə cüdoçusu Knyaz Mahmudlu (66 kq) yalnız finalda məğlub olub və Avropa kubokunun gümüş medalını qazanıb.

***
Bakı İdman Sarayında gənclər və kiçikyaşlı yeniyetmələr arasında cüdo üzrə respublika birinciliyinə yekun vurulub.
Gənclər arasında təşkil olunan yarışda paytaxt və bölgələrdən olan 45 komandanın tərkibində 267 idmançı gücünü sınayıb.
"Neftçi İdman Klubu”nun gənc cüdoçuları birincilikdə əzmlə mübarizə apararaq 8-i qızıl, 6-sı gümüş, 5-i bürünc olmaqla 19 medala sahib olublar və komanda hesabında birinci yeri tutublar. İdmançılarımızdan Əhməd Yusifov (60 kq), İbrahim Əliyev (66 kq), Samir Ağayev (81 kq), Aslan Mirzəyev (90 kq) və Zelim Kotsiyev (100 kq) rəqib tanımayaraq ölkə çempionluğunu bayram ediblər. Qızlar arasında isə 48 kq çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva, Validə Mirzəzadə (+70 kq) və Nigar Cəfərova (+78 kq) da eyni uğura imza atıblar.
Üç gün davam edən kiçikyaşlı yeniyetmələrin yarışında isə 72 klubu təmsil edən 530 idmançı (464 oğlan, 66 qız) qalib adı uğrunda mübarizə aparıb.
"Neftçi İdman Klubu”nun yeniyetmə cüdoçuları da ölkə birinciliyində bacarıqlarını nümayiş etdiriblər. İdmançılarımız 2-si qızıl, 4-ü gümüş və 5-i bürünc olmaqla 11 medala sahib olublar və komanda hesabında 3-cü yeri tutublar.
Oğlanlar arasında 66 kq çəkidə çıxış edən Cəmil Hacıyev bütün rəqiblərindən üstün olub və Azərbaycan çempionu adını qazanıb. Uğur Xəlilov (38 kq), Elton Məmmədov (42 kq) gümüş, Seymur Məcidli (42 kq) və Ramin Abbasov (50 kq) isə bürünc medala layiq görülüblər. Qızların yarışında Nigar Əliyeva (28 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız final görüşündə məğlub olan Aydan Vəliyeva (28 kq) və Aynur Məmmədova (52 kq) 2-ci pillədə qərar tutublar. Digər cüdoçularımız Nigar Əlibəyli (44 kq), Nərminə Şirinova (52 kq) və Firuzə Hacıverdiyeva (+63 kq) isə respublika birinciliyini 3-cü yerdə başa vurublar.

Boks

Belarusun paytaxtı Minskdə boks üzrə beynəlxalq turnur keçirilib. Yeniyetmələr arasında təşkil olunan yarışda 9 ölkənin dəri əlcək ustaları mübarizə aparıblar.
"Neftçi İdman Klubu”nun yeniyetmə boksçusu Vüqar Səmədov da turnirdə qüvvəsini sınayıb. 91 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarışın bürünc medalına sahib olub.
Ağırlıqqaldırma
Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında keçirilən ağırlıqqaldırma üzrə ölkə birinciliyinə yekun vurulub. Yarışda paytaxt və bölgələrdən 150-ə yaxın ağır atlet gücünü sınayıb.
Klubumuzun yeniyetmə ağırlıqqaldıranı Səbuhi Həsənov (72,4 kq) toplam 200 kq (90+110) ağırlığın öhdəsindən gəlib və gümüş medala layiq görülüb.

Güləş

Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə paytaxt birinciliyi başa çatıb. 2000-2001-ci illər təvəllüdlü idmançıların mübarizə apardığı yarışda əvvəlcə sərbəst güləşçilər xalça üzərinə çıxıblar. 16 klubu təmsil edən 214 pəhləvan 10 çəki dərəcəsi üzrə qüvvəsini sınayıb.
"Neftçi İdman Klubu”nun sərbəst güləşçilərindən 6-sı mükafatçılar arasında yer alıb. Onlardan Xəzri Bağırlı (76 kq) və Fərid İsrafilov (85 kq) bütün rəqiblərini məğlubiyyətə uğradaraq Bakı çempionu adını alıblar. Sahib Əzizov (58 kq), Adəm İsmayılov (100 kq) gümüş, Rəhmət Cəfərzadə (46 kq) və Cavid Quliyev (69 kq) isə bürünc medala layiq görülüblər.
16 komandadan 224 idmançının iştirak etdiyi yunan-Roma güləşçilərinin yarışında yeniyetmə pəhləvanlarımız 5 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutublar. Güləşçilərimizdən Elmir Əliyev (50 kq), Xasay Həsənli (58 kq), Allahverdi Əliyev (63 kq), Murad Əliyev (69 kq) və Fikrət Vəliyev (76 kq) məğlubiyyət tanımayaraq paytaxt birinciliyinin qalibi adına yiyələniblər. Yalnız finalda məğlub olan Əli Məmmədov (50 kq), Həsən Kərimli (54 kq) və Samir Bayramov (69 kq) gümüş, Nihat Quluzadə (46 kq) ilə Əli Əliyev (54 kq) isə bürünc medala sahib olublar.

Şaolin döyüş sənəti

Bakı şəhər 111 saylı orta məktəbdə yeniyetmələr arasında şaolin döyüş sənəti üzrə Bakı birinciliyi keçirilib. Yarışda 25 komandadan 176 idmançı bacarığını nümayiş etdirib.
Klubumuzun təmsilçiləri paytaxt birinciliyinin 10 medalını (5 qızıl, 1 gümüş, 4 bürünc) qazanaraq komanda hesabında 3-cü yeri tutublar. Yeniyetmələrimizdən Nihad Quliyev (33 kq), İsmayıl Zeynalov (50 kq), Rəşad Qəhrəmanov (56 kq), Alim Kazımov (70 kq) və Heydər Qasımov (75 kq) bütün döyüşləri qalibiyyətlə başa vuraraq liderliyə yüksəliblər. 50 kq çəki dərəcəsində mübarizə aparan Miryaqub Əhədov yalnız finalda məğlubiyyət acısı yaşayıb və gümüş medala layiq görülüb. Ziya Məmmədov (36 kq), İsmayıl İsmiyev (52 kq), Abdulxan Hüseynli (56 kq) və Amin Şiriyev (+66 kq) isə fəxri kürsünün üçüncü pilləsində dayanıblar.


"Neftçi İdman Klubu” İctimai Birliyinin
mətbuat xidməti