Azərbaycan dövlətinin gənclər siyasəti vətənpərvər, intellektual səviyyəli uşaq və gənclərin firavan həyatının, təlim-tərbiyəsinin və fiziki-mənəvi sağlamlığının müdafiəsinə yönəldilib. Bu baxımdan uşaq və gənclərin fiziki və mənəvi inkişafı, zərərli vərdişlərdən uzaqlaşaraq sağlam həyat tərzinə üstünlük vermələri diqqət mərkəzindədir. Bu proses təbbi ki, idman, bədən tərbiyəsi ilə tənsimlənir. Ölkədə fəaliyyət göstərən idman məktəbləri, cəmiyyət, klub və federasiyalar bu sahədə inkişafa öz töhfələrini verirlər. Adı sadalanan idman ocaqlarında çalışan təcrübəli məşqçi müəllimlər uşaq və gənclərə idman növlərinin sirrini öyrətməklə yanaşı, onların əsl insan kimi formalaşmasında mühüm rol oynayırlar.
"Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” layihəsi çərçivəsində "Olimpiya dünyası” qəzeti olaraq məşqçi-idmançı münasibətləri mövzusunda danışacaq, bacaraıqlı mütəxəssis və idmançıların fikirlərini sizinlə bölüşəcəyik.
Məşqçi-müəllimlər uşaq və gənclərlə davranmalıdırlar?
Mütəxəssislər məşqçi-idmançı münasibətlərində 3 əsas amili xüsusilə vurğulayırlar. Hansı ki, bu amillər tərəflər arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayır. Bunlardan birincisi və əsası fəaliyyətin məqsədi, qarşıya qoyulan vəzifələrdir. İkinci, dəyərlər sistemi və məşqçinin təlabatıdır. Üçüncü amil isə təbii ki, məşqçi və idmançının qarşılıqlı münasibətləridir.
Məşqçi idman növündən asılı olaraq bölməyə uşaq götürəndə onun yaşını, cinsini, idman ustalığı səviyyəsini mütləq nəzərə alır. İdmanda ilk addımlarını atan uşaq və yeniyetmə üçün də məşqçisinin necə olması mühüm şərtlərdəndir. İdmana ilk addımlarını atan uşaq fikirləşir ki, görəsən, onun məşqçisi xeyirxah, səmimi insandırmı? uşaqları sevirmi?, ciddi yoxsa zarafatcıldırmı? Bəs ətrafındakı insanlarla münasibəti necədir? Gələcək idmançının taleyi bu sualların cavabından çox asılıdır. Yaxşı məşqçi bir növ, yetriməsinin həyatında və karyerasında "yaşıl işıq” kimidir.

Titullu idmançımız, kikboksinq üzrə 15 qat Azərbaycan, 7 qat Avropa, 22 qat dünya çempionu Eduard Məmmədov idmanda və həyatında əldə etdiyi uğurlara görə anasına və məşqçisinə minnətdar olduğunu deyir: "Anam məni zərərli vərdişlərdən və pis insanlardan qorumaq üçün müxtəlif idman növlərinə aparırdı. Düzdür, o peşəkar idmançı olmağımı istəmirdi. Çünki bilirdi ki, idmançının günü məşqlərdə, yarışlarda keçir. İlk dəfə üzgüçülüyə getmişəm, sonra karate, voleybol, tennislə məşğul olmuşam. Seçim etməkdə çox çətinlik çəkirdim. Amma tezliklə başa düşdüm ki, məhz kikboksinq idman növündə uğurlar əldə edə bilərəm. Bəli, idmanda zirvəyə çatmaq üçün çox əziyyət çəkmişəm. Çünki başqa cür mümkün deyil. 15 yaşımdan həm işləyir, həm oxuyur, həm də idmanla məşğul olurdum. İdmanda əldə etdiyim uğurlara, qazandığım saysız-hesabsız nailiyyətlərə görə anama və məşqçim Çingiz Eyvazova minnətdaram. Onunla 1993-cü ildə tanış olmuşam. O gündən bu günə Çingiz müəllim mənim ilk və sonuncu məşqçimdir. Biz dost, qardaş kimiyik, biri-birimizdən ayrı sirrimiz yoxdur. Çingiz müəllim ilk dəfə məni yoxlayanda: "Görürəm potensialın var. Gəl məşqlərə, səni dünya çempion edəcəyəm”, - dedi. Düzü, onun bu sözləri mənə gülməli gəldi, amma illər sonra başa düşdüm ki, məşqçim məndəki "işığı” görürmüş. Nəticə isə göz qabağındadır”. Bu sözləri idmanda kifayət qədər uğurları olan bir insan danışır. Bu faktın özü təsdiq edir ki, məşqçi idmançının həyatında önəmli və əsas simadır.
Eduard Məmmədov peşəkar idmançı olmaqla bərabər, həm də məşqçilik fəaliyyəti ilə məşğuldur. "Ağ canavar” ləqəbli çempion uşaq və gənclərə kikboksinqin sirlərini öyrədir. Məşqçilik fəaliyyətinə 2000-ci ildən başlayan titullu idmançımızın yetirmələri arasında dünya və Avropa çempionları az deyil. Eduardın sözlərinə görə, həm müəllim, həm də idmançı olmaq böyük məsuliyyətdir: "Həmişə tələbələrimə idmançı olmaqdan öncə vətənpərvər olmağı, vətəni sevməyi öyrədirəm. Vətəni sevən insan hər bir sahədə uğur qazanacaq, bu, şübhəsizdir. Bir məşqçi kimi əsas fikir verirəm ki, onlar mənim dediklərimə qulaq assın və qavraya bilsinlər. Məşqə 5-6 yaşından gələn uşaqlar akrobatika, gimnastikanı öyrənənə qədər artıq püxtələşirlər. Uşaq idman zalına nə qədər tez gəlsə, bir o qədər də asan olur. Hər yaşa görə proqrama düzgün əməl edildikdə zəhmət öz bəhrəsini verir”. Maraqlıdır ki, həm idmançı, həm məşqçi kimi fəaliyyət göstərmək o qədər də asan deyil. Bu zaman idmançı həm özü, həm də yetirmələri üçün məsuliyyət daşıyır. Belə insanların sayı kifayət qədər azdır.
Məşqçilik çox çətin və məsuliyyətli peşədir
İdmançı böyük idmanda o vaxr nailiyyət əldə edir ki, o öz məşqçisinin timsalında dostunu, yoldaşını görür, ona etibar edir. İdmançı o vaxt uğur qazanır ki, məşqçisini daim yanında hiss edir, həm idmanda, həm həyatda. Məşqçinin şəxsiyyəti, onun əxlaqı, yetirməsinə münasibəti idmançının nəinki peşəkar karyerasında böyük uğurlar qazanmasına, həm də bir şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir. Olimpiya çempionu, Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov da məşqçisinin onun həyatında, bir insan, şəxsiyyət kimi formalaşmasında əvəzsiz rol oynadığını etiraf edir. Hazırda Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti vəzifəsində çalışan Elçin Cəfərov Fərid müəllimin məşqçisi olub. Olimpiya çempionu həmin günləri belə xatırlayır: "Elçin müəllim 2002-ci ildə federasiyaya baş məşqçi vəzifəsinə təyin olunanda mən gənclər üzrə yığma komandada məşq edirdim. Elçin Cəfərovun gəlişi ilə sanki komandaya yeni ruh gəldi. Perspektivli gənclər böyüklər arasında yığmaya cəlb edildi ki, onlardan biri də mən idim. Elçin müəllim baş məşqçi işlədiyi müddətdə Olimpiya, dünya, Avropa, çempionları yetişdirməyə nail oldu. Vitali Rəhimov, Rövşən Bayramov, İlqar Abdulov məhz həmin dövrdə yüksək nəticələr qazandılar. Bu uğurların bünövrəsində, təbii ki, dəmir nizam-intizam, peşəkarlıq, güləşçilərlə işləmək bacarığı dururdu. Elçin müəllim öz işini bilən mütəxəssislərdəndir. Biz onunla müəyyən sınaqlardan, çətinliklərdən bir yerdə keçmişik. Elçin Cəfərov mənim üçün dəyərli insanlardan və dostlardan biridir. Bizim çox səmimi münasibətlərimiz var. İndi də tez-tez görüşürük, sıx əlaqə saxlayırıq. Mən indi də onun məsləhətlərinə qulaq asıram”.

İdmanı həyatının ayrılmaz hissəsi adlandıran Fərid Mansurov deyir: "İdman mənim üçün sağlam həyat tərzidir. İdman güclü xarakter, sağlam düşüncədir, prinsipiallıqdır, digərilərindən seçilməkdir. İdman elə bir sahədir ki, yoxuşu, enişi var. Burada qələbə də var, məğlubiyyət də. Qələbədən danışmıram, məğlubiyyət acısı ilə qarşı-qarşıya gələndə sənə ilk dəstək olan insan məhz məşqçi olur. Səni sınmağa, ruhdan düşməyə qoymur, yenidən məşq zalına getməyə məcbur edir. Məşqçi sənə yaxşını pisdən ayırmağı başa salır, şad günündə sevinir, kədərinə şərik olur. Məşq prosesində sərt, həyatda ata, dost kimi olmalıdır məşqçilər. Bu, çox çətin və məsuliyyətli peşədir və hər kəs bu sahədə ucalmağı bacarmır”.
Bütün bunlar onu deməyə əsas verir ki, məşqçi və idmançı biri-birindən çox asılıdırlar. Məşq prosesində birinci rəhbər kimi əmr verir, ikinci isə onun əmrlərini sözsüz yerinə yetirir. Əgər bu iki şəxs arasında qarşılıqlı hörmət, inam, etibar varsa, o zaman idmançı məşqçinin əmrlərini yerinə yetirməklə heç bir problem görmür. Bu baxımdan münasibətlərdə ikinci mühüm məqam idmançının yaradıcılıq qabiliyyəti, işləmək bacarığıdır. Təbii ki, məşqçi nə qədər bacarıqlı olursa olsun, işləmək istəməyən, iradəsiz idmançı ilə heç bir nəticə əldə etmək mümkün deyil.
Qadağa nə məktəbdə, nə də məşq prosesində çıxış yolu deyil
Məşqçi-idmançı müstəvisində üçüncü mühüm amil məşqçi və idmançının biri-birinə olan qarşılıqlı münasibətləridir. Məşqçi yetirməsindən özünə qarşı mənfi münasibət gördükdə, o da eyni münasibəti göstərəcək. Müsbət insani münasibətlərin, xoş ünsiyyətin fonunda hər iki tərəf biri-birini çox gözəl anlamaqla bərabər, həm də birgə işləyə biləcəklər. Pedaqoji təcrübəyə əsasən, məşqçi-müəllimlərin idmançılarla davranış qaydalarında yaş həddi əsas götürülür. İnsan bioloji varlıq kimi 4 yaş dövrünü yaşayır - uşaq, yeniyetmə, gənc, yaşlı. Bizim mövzumuz təbii ki, uşaq və gənclərdir. Uşaqlar dünyaya gələn ilk gündən valideyn himayəsinə, diqqətə, qayğıya möhtac olurlar. Ata və ana övladlarını böyütmək üçün bir neçə çətin mərhələlərdən keçməli olurlar. Bir sözlə, uşaqlar qayğıya ehtiyacı olan körpə fidan kimidirlər. Əgər nəvaziş, qayğı görərsə, mütləq "çiçək” açacaq, "bar” verəcək. Əks təqdirdə həmin uşağın gələcəkdə valideynlərinə, cəmiyyətə, xalqa xeyirli insan kimi yetişməsi barədə söhbət gedə bilməz. Məşq prosesində də belədir. Məşqçi-müəllimlər də uşaq və gənclərə məşqə gəldiyi ilk gündən diqqət və qayğı göstərsələr, onlara düzgün istiqamət verməyi bacarsalar, münasibətlər də yaxşı olacaq, gözlənilən nəticələr də. Uşaqlar təbiətən çox sərbəstdirlər və həddən çox enerjiyə malikdirlər. Bu səbəbdən hərəkətliliyi, şənlənməyi çox sevirlər. Ərköyün olurlar, hər şeyi asan əldə etmək istəyirlər. Bunu nəzərə alaraq məşqə ilk dəfə qədəm qoyan uşaqlara təzyiq altında məşq keçmək düzgün deyil. Onlarla səmimi, mehriban rəftar etmək lazımdır. Əgər uşaq məşq zamanı çılğınlıq edib şənlənir, oynayır və sevinirsə, onun üstünə getmək, qadağa qoymaq məqsədəuyğun deyil. Uşağın sərbəstliyini, sevincini, çılğınlığını əlindən almaq qeyri-mümkündür. Nəzərə almaq lazımdır ki, uşaq onsuzda məktəbdə parta arxasında saatlarla oturur və dərs müəllimlərinin "ay uşaq, sakit dur", "sağa baxma", "sola baxma", "düz otur" sözlərini eşidirlər. Məşqə həvəslə gələn uşaq burada da eyni sözləri eşitsə, təbii ki, bura gəlməyə həvəsi olmayacaq. Bu zaman hər üç tərəf də peşman olacaq - uşağını həvəslə məşqə gətirən valideyn də, idmanda karyera əldə etmək arzusu ilə gələn uşaq da və məşqçinin özü də.

Uşaqlar məşqə gələrkən müxtəlif idman hərəkətlərini yerinə yetirməklə bərabər, həm də həmyaşıdları ilə əylənmək istəyirlər. Təbii ki, qadağa nə məktəbdə, nə də məşq prosesində çıxış yolu deyil. Onlarda həvəs oyatmaq lazımdır, nəinki nəyisə qadağan etmək. Əks halda uşaqlar məşqən soyuyacaq və tədricən uzaqlaşacaqlar. Zaman keçdikcə uşaqlıq dövrünü keçən yeniyetmə hərəkətlərinə fikir verəcək, özündə məsuliyyət hiss edəcək. Bu, onun məşq prosesinə də ciddi yanaşmasına təsir edəcək. Bütün bunların baş verməsi üçün məşqçidən böyük səy, təmkin, səbr tələb olunur. Pedaqoqların da dediyi kimi, orta məktəblərdə müəllimin xeyirxah, savadlı və gözəl insani keyfiyyətlərə malik olması mühüm amil rolunun oynayır. Orta məktəbdə dərs deyən müəllim müəyyən bir fənni şagirdinə sevdirə də bilər, sevdirməyə də. Əksər hallarda pedaqoqun şəxsiyyəti tədris etdiyi fənnin önünə keçir. Şagird fənni məhz onu tədris edən müəllimə görə sevir. Bu, fakdır. Orta məktəbdə oxuyan hər kəs bunu yaxşı bilir. Öz təcrübəmdən deyim ki, orta məktəbdə oxuyanda bütün fənnlərdən qiymətim əla idi, hətta coğrafiyadan belə. Amma etiraf edim ki, coğrafi biliklərim onda da zəif idi, indi də. Çünki coğrafiya müəlimimin savad səviyyəsi çox aşağı idi və dərs vaxtı o bizə mövzunu üzündən oxutmaqla kifayətlənərdi. Biz də özümüzü coğrafiya dərsində deyil, dil-ədəbiyyat dərsində hiss edərdik. Orta məktəb illərində əldə edilən bilik baza rolunu oynayır və insanın sonrakı həyatı, düşüncə, dünyagörüşündə önəmli yer tutur. Bacarıqsız müəllimin ucbatından şagirdin sonradan problemlərinin yaranması mütləqdir. O cümlədən, uşaqlarla işləyən məşqçi-müəllimlərin də məsuliyyəti böyükdür. Onlar gələcəyin idmançıları olan uşaq və yeniyetmələrin təlim-tərbiyəsində çox məsuldurlar.

Yuxarıda qeyd etdiyimiz kimi, məşqçi rəhbərdir, əmrverəndir, amma despot deyil. Sadəcə, şagirdləri nəzarət altında saxlamaqla onlara sərbəstlik verilməlidir. Sərbəst güləş üzrə məşqçi Ramin Allahverdiyevin sözlərinə görə, o, uşaq yaşda olan yetirmələrini həvəsləndirmək üçün aradabir tərifləyir. Bununla məşqçi onları ruhlandırmağa çalışdığını, onların döyüşkənlik ruhunda tərbiyə olunmasını istəyir. Ramin müəllim yetirmələri ilə yeri gələndə zarafatlaşmağı da sevir: "Uşaq və yeniyetmələr ciddi məşqçiləri sevmirlər. Onlarla gülərüzlə, mülayim, nəzakətlə, hətta uşaq kimi davranmaq lazımdır. Onları qorxuzmaq, tədirgin etmək, üstlərinə çığırmaq düzgün deyil. Bununla müəllim onları məşq prosesindən soyuda bilər. Belə olan təqdirdə uşaq və gəncləri idmandan uzaqlaşdıra bilərik. Uşaqlar öyrənməyi sevirlər və bunun üçün də çoxlu sual verirlər. Məşqçi də səbirlə yetirmələrini dinləməyi bacarmalı, onlara ayrılıqda bir-bir cavab verməlidir. Nöqsanı varsa, hamının yanında deyil, təklikdə danışmalıdır. Bir sözlə, uşaq və yeniyetmələrlə işləmək böyük səbr, təmkin və bacarıq tələb edir”.
"İdmançı daim formada olmalıdır”
İdmançı karyerasında yüksək məqama, zirvəyə çatmaq böyük çətinliklərdən, mərhələlərdən keçir. Zirvəni əldə etdikdən sonra onu qoruyub saxlamaq, çətindən də çətindir. Əsl qalib odur ki, sonuna kimi mübarizə aparmağı, döyüşməyi bacarsın, necə deyərlər, "ulduz” xəstəliyinə tutulmasın. Bu məsələ ilə bağlı Azərbaycan Güləş federasiyasının vitse-prezidenti Elçin Cəfərovun fikirləri çox maraqlıdır. Elçin müəllim deyir ki: "Titullu idmançılarımız öz əmək və zəhmətləri sayəsinə yüksək nəticələr göstəriblər. Bəzən uduzan idmançı «günahı» hakimin qərarında axtarır. İdmançının hazırlığı yüksək səviyyədə olmalıdır ki, hakimin səhv qərarı ona təsir edə bilməsin. Tutaq ki, güləşçi hakimin ədalətsizliyi ilə üzləşib. Yəni ona veriləcək bir xal hakim tərəfindən qeydə alınmayıb. Bu halda güləşçi ikinci xalı qazanmaq üçün əlindən gələni etməlidir. Təmiz qələbə əldə edən idmançıya heç bir hakim qərarı təsir edə bilməz. Bir də idmançı qələbədən sonra arxayınlaşmamalıdır. O, fəxri kürsüdən düşdükdən sonra idman zalına getməlidir. Çox istirahət edən idmançıdan birincilik gözləmək olmaz. İdmançı daim formada olmalıdır”.
Olimpiya çempionu Fərid Mansurov isə peşəkar idmanla məşğul olan bəzi gənclərin "ulduz” xəstəliyinə tutulmasında ictimaiyyəti qınayır. İdmançının həyatını teatr aktyorunun səhnə arxasındakı vəziyyətinə bənzədən Fərid müəllim deyir: "İdmançı yarış meydançasına çıxmamışdan əvvəl bir çox mərhələlərdən keçir. Yarışa hazırlıq dövründə ciddi və fasiləsiz məşqlər, təlim-məşq tolanışları və s. Meydançaya çıxan andan əvvəl isə o, zədələnə, sarsıntı keçirə bilər. "Ulduz” xəstəliyinə tutulan idmançıları "baltalamaq” əvəzinə yaxından maraqlanmaq lazımdır ki, onlar niyə belə edirlər və bu işdə hansı qaranlıq məqamlar mövcuddur? Həmin idmançılar ictimaiyyət üçün tanınmış insan, amma ailəsində bir övladdır, qardaşdır və s. Düşünürəm ki, idmançıların bu "xəstəliyə” tutulmasında ictimaiyyət də müəyyən dərəcədə günahkardır. Bəzən tanınmış idmançıları həddən artıq ideallaşdırırıq”. Düz sözə, nə deyəsən. Düşünürəm ki, bu məsələdə ailənin də günahı vardır. Ailədə düzgün tərbiyə almış idmançının şan-şöhrət əsiri olması ehtimalı sıfıra bərabərdir.
Güclülər deyil, ağıllılar qalib gəlir
Bəzən idmanla məşğul olan uşaq və gənclər təhsildən yayınır və oxumağa o qədər də maraq göstərmirlər. Əlbəttə, bu, yaxşı hal deyil. Savad, bilik hər yerdə hər kəsə lazımdır. Uşaq və gənclərin təhsildən yayınmamaları üçün ailənin müdaxiləsi mütləqdir. Müəllimi qoyaq bir kənara, əgər valideyn evdə övladına düzgün istiqamət verməyi bacarmırsa, bunun sonu yaxşı olmayacaq. Bu məsələyə Fərid Mansurovun münasibəti birmənalıdır: "Çoxları elə düşünür ki, şagirdlərin təhsili ilə bağlı problemlərlə yalnız müəllimlər, məktəb məşğul olmalıdır. Bu, düzgün fikir deyil. Övladlarını idman bölməsinə yazdıran valideynlərin əksəriyyəti isə düşünür ki, bir müddət idmanla məşğul oldular, bəsdir. Düşünmürlər ki, idmanda müəyyən hədd vardır və o həddi keçəndən sonra onun övladı üçün problem yaranacaq. Bu səbəbdən təhsillə idman parallel şəkildə aparılmalıdır”. Eduard Məmmədov isə əminliklə bildirir ki, idmançı yalnız fiziki cəhətdən deyil, həm də savad, bilik cəhətdən üstün olmalıdır. Onun sözlərinə görə, idmanda güclülər deyil, ağıllılar qalib gəlir: "İdmançı yalnız fiziki gücü ilə deyil, savadı, biliyi ilə fərqlənməlidir. Çünki bu, yarış meydanında çox vacibdir. Beyin düşünüb, əl və ayaq hərəkət edəndə rəqib səninlə bacara bilmir. Döyüşdə güclülər deyil, ağıllılar qalib gəlir. Yəni ağlını işlətməlisən ki, hər an qərar verməyi, nəyi etmək lazım olduğunu biləsən. Planlaşdırdığın taktika alınmasa, digərini işə salmalısan. İtirilmiş hər saniyə döyüşün taleyini həll edir. Bir sözlə, rinqdə idmançının beyni kompüter kimi işləməlidir”.
Övladlarının idman bölməsinə yazdıran valideynlərin bəzisi tez bir zamanda onlardan nəticə gözləyirlər. Nəticə olmadıqda isə məşqçini günahlandırırlar. Belə valideynlər nəticə deyəndə hər şeydən əvvəl ancaq qələbə, medal, çempionluq haqqında düşünürlər. Amma fikirləşmirlər ki, övladlarının çempion olmazdan öncə fiziki cəhətdən sağlam böyümələri, sağlam düşünmələri, vətənə, xalqa layiq əsgər kimi yetişmələri daha vacibdir. Uşaq və gənclərin idman və bədən tərbiyəsinin sayəsində zərərli vərdişlərdən uzaqlaşaraq sağlam həyat tərzi keçirmələri çox müsbət haldır və və buna sevinmək lazımdır. Belə gənclər mütləq öz yaşıdlarından seçilir, həyatın çətin anlarda özlərini müdafiə edə bilirlər. Əsl nəticə bax, budur. Sonra medal da olacaq, çempionluq da.
Nəticə onu deməyə əsas verir ki, insan həm fiziki, həm də mənəvi cəhətdən inkişaf etməli, özünü təkmilləşdirməlidir. Sağlam həyat tərzi daşıyan insanın intellektual səviyyəsi yüksək olduqda cəmiyyətdə özünə layiqli yer tuta və insanlara xeyirli ola bilir. Gəlin, övladlarımızın təlim-tərbiyəsinə biganə qalmayaq, onların savadlı, sağlam böyümələri üçün bütün mümkün olan imkanlardan istifadə edək. Qızlarımızı ana, oğlanlarımızı əsgər olmağa ruhlandıraq, onları bu ruhda tərbiyə edək. Çünki o cəmiyyətdə ki, qızlar ana, oğlanlar isə əsgər olmaq istəmirlər, həmin cəmiyyət məhvə məhkumdur.
Səadət Hakıyeva