Bu il Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının 25 ili tamam olur.
Müasir Olimpiya Hərəkatının, müasir Olimpiya Oyunlarının tarixi ilə müqayisədə 25 il böyük müddət deyil. Bu dövr ərzində Azərbaycan idmançıları Olimpiya Oyunlarında dövlətimizin idman şərəfini qoruyub, onun şan-şöhrətini yüksəklərə qaldırıblar. Milli Olimpiya Komitəsi beynəlxalq aləmdə böyük nüfuz qazanıb, öz fəaliyyəti və əldə etdiyi nəticələrlə daim fərqlənib. Milli Olimpiya Komitəsi beynəlxalq və qitə Olimpiya təşkilatlarında respublikamızı təmsil edir, idmançılarımızın Olimpiya oyunlarında iştirakını təmin edir. İndi idmançıların Olimpiya Oyunlarındakı nəticələri, Olimpiya Hərəkatındakı fəal iştirakı ölkənin təkcə idman sahəsindəki gücü kimi qəbul olunmur. Bu göstərici dövlətimizin dünya birliyində yeri, mədəni və iqtisadi inkişafının yüksək səviyyəsi kimi qiymətləndirilir.
1991-ci il oyktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi, lakin həmin dövrdə əksər sahələr kimi, idmanımız da başlı-başına buraxılmışdı. Bir çox idman bazaları baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüşdü. Onlardan təyinatı üzrə istifadə edilmirdi, idman avadanlığı və ləvazimatları demək olar ki, dağıldılmışdı. Yüksək idman ustalığına malik və perspektivli idmançılar, bacarıqlı mütəxəssislər, məşqçilər ölkəni tərk etməyə başlamışdılar. İdman bütövlükdə dövlət qayğısından kənarda qalmışdı.
1992-ci ildə Azərbaycanda milli federasiyaların və Milli Olimpiya Komitəsinin yaradılması dövlət suverenliyinin atributlarını yaratmaq tələbi kimi meydana çıxdı. Milli Olimpiya Komitəsi 1992-ci il yanvarın 14-də keçirilən ümumrespublika konfransında təsis edildi, elə həmin ilin mart ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. 1992-ci ildə Barselonada keçirilən Olimpiya Oyunları zamanı Azərbaycan Milli Olimpiya Komitəsi hələ Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmamışdı. Ona görə də ölkəmizin yalnız 4 idmançısı o dövrdə yaradılmış MDB-nin yığma komandasının tərkibində Barselona Olimpiadasında iştirak edib. 1993-ci ilin sentyabrında Beynəlxalq Olimpiya Komitəsi Monakoda keçirilən Baş Assambleyasında Azərbaycan Milli Olimpiya Komitəsini tanıdı. Beləliklə, Milli Olimpiya Komitəsinin fəaliyyəti üçün hər cür hüquqi əsas yaranmış oldu. Təəssüf ki, Milli Olimpiya Komitəsi fəaliyyətə başladığı ilk dövrdə işini lazımi səviyyədə qura bilmədi və bu vəziyyət ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışına qədər davam etdi.
Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafı ümummilli Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra idmana münasibət köklü şəkildə dəyişdi. Dağıldılmış idman qurğuları əsaslı şəkildə bərpa olundu, yeni idman qurğuları yaradıldı. Ölkədən gedən idman mütəxəssisləri, məşqçilər və idmançılar geri qayıtdılar. Azərbaycanın beynəlxalq idman təşkilatları ilə əlaqələri genişləndirildi. 1993-cü ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu görüşdə respublika Prezidenti qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar.
Heydər Əliyev Azərbaycanda Olimpiya Hərəkatının genişlənməsinin də təşəbbüskarı və ilhamçısı olmuşdur. 1994-cü ilin aprelində ölkə başçısı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançı, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rananı, Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqqu qəbul etmişdir. Qəbulda Azərbaycanda Olimpiya Hərəkatının vəziyyəti və onun inkişaf perspektivləri haqqında geniş fikir mübadiləsi aparılmışdır. Bu görüşdən üç ay sonra Prezidentin fərmanı ilə Azərbaycan Gənclər və İdman Nazirliyi yaradıldı. Fərmanda Nazirliyin başlıca fəaliyyət istiqamətləri qeyd olunmuşdu.
Ölkədə idmanla bağlı beynəlxalq əlaqələrə xüsusi diqqət yetirən ümummilli lider Heydər Əliyev 1995-ci il dekabrın 23-də Beynəlxalq Boks Federasiyasının prezidenti Ənvər Çoudrini, 1998-ci il fevralın 10-da isə öz iqamətgahında Türkiyənin Ədirnə şəhərinin bələdiyyə başçısı Hamdi Sədəfçini və Ədirnənin tarixi Kırkpınar ağası Hüseyn Şahini, həmin ilin avqustunda Avropa Həvəskar Boks Assosiasiyasının prezidenti Emil Jeçev başda olmaqla assosiasiyanın nümayəndə heyətini, 2000-ci ildə Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqqu və baş katibi Mario Reskanteni qəbul etdi.
Heydər Əliyevin ölkə idmanına göstərdiyi diqqət və qayğının ən bariz nümunəsindən biri də 1995-ci il martın 5-də Azərbaycan Prezidentinin fərmanı ilə Azərbaycan Prezidenti yanında İdman Fondunun yaradılması oldu. Olimpiya Hərəkatında, Olimpiya Oyunlarında Azərbaycanın layiqincə təmsil olunması üçün ölkə başçısı Atlanta-1996 Olimpiadasına hazırlıqla bağlı xüsusi sərəncam verdi, 1995-ci ilin martında idmançıların təltif edilməsi haqqında fərman imzaladı.
Azərbaycan Respublikasının Prezidenti ölkə həyatının müxtəlif sahələrində əldə olunmuş nailiyyətlər cərgəsində idman nailiyyətlərinin öz dəyəri olduğunu daim qeyd etmişdir. 1995-ci ilin dekabrında beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmış idmançılarla görüşündə Heydər Əliyev bu məsələ ilə bağlı demişdir: "Ötən illərdə bizim itkilərimiz çox olmuşdur. Ancaq nailiyyətlərimiz də az deyildir. Bu nailiyyətlər içərisində idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyildir, həm də müstəqil Azərbaycan Respublikasını dünyada tanıtdırmaqdan ibarətdir”.
Ümummilli lider beynəlxalq yarışlar sırasında Olimpiya Oyunlarının ən mötəbər, ən yüksək yer tutduğunu həmişə diqqət mərkəzinə çəkmiş, ona xüsusi qayğı ilə yanaşmış, bu sahə ilə məşğul olanlardan da belə bir münasibət və məsuliyyət tələb etmişdir. Heydər Əliyev Olimpiya Hərəkatının və Olimpiya Oyunlarının bütün dünyada nüfuzunun nə dərəcədə yüksək olduğunu, bu sahədə respublikada əməli işlərin görülməsinin zəruriliyini daim əsas götürmüşdür: "Olimpiya Oyunları dünyanın bütün ölkələrini maraqlandırır, burada cəmləşdirir. Hər bir ölkə çalışır ki, Olimpiya Oyunlarında təmsil olunsun”. Heydər Əliyev hər hansı bir idman nəticəsinin dəyərini obyektiv qiymətləndirməyi daim təlqin etmiş, idmançının Olimpiya Oyunlarında iştirak etməsi faktının özünün böyük nailiyyət olduğunu vurğulamışdır. 1996-cı ildə Atlanta Olimpiya Oyunlarına yola düşən nümayəndə heyəti ilə görüşündə ümummilli lider demişdir: "Bu, sadəcə, bir nümayəndə heyəti deyil ki, neçə nəfər istəyirsən, təyin et, müəyyən et, göndər. Dünyada yeganə haldır ki, bu toplantıya, dünya səviyyəli görüşə gedən nümayəndə heyəti nə dövlət, nə də xalq tərəfindən təyin oluna bilər. Olimpiya Oyunlarında iştirak etmək hüququ almaq üçün lazımi göstəricilər əldə etmək gərəkdir. Əgər bunlar olmazsa, Azərbaycan dövləti, Azərbaycan Prezidenti də nə qədər çalışsa, o nailiyyəti əldə etməyən adam yığma komandanın tərkibinə düşə bilməz. Ona görə də 23 nəfərdən ibarət olan bu nümayəndə heyəti Azərbaycan Respublikasının idman sahəsindəki imkanını nümayiş etdirir. Sizin, yəni Azərbaycan Respublikası komandasının XXVI Olimpiya Oyunlarında iştirak etməsi özü əlamətdar bir hadisədir. Siz oradan hansı nailiyyətlə qayıdacaqsınızsa, bu, məsələnin ikinci tərəfidir”.
Azərbaycan 1996-ci ildə Atlantada keçirilən yay Olimpiya Oyunlarında 23 idmançı ilı təmsil olundu. Komandamızın ən yüngül çəkili güləşçisi, ikiqat Avropa çempionu Namiq Abdullayev ona olan ümidləri doğrultdu. Onun qazandığı gümüş medal Azərbaycan pəhləvanlarının Olimpiya Oyunlarında sərbəst güləş üzrə qazandıqları ikinci, müstəqil Azərbaycan bayrağı altında əldə edilmiş birinci medal oldu. Beləliklə, komandamız medal alan 197 ölkə arasında 61-ci yeri tutdu.
Azərbaycan Prezidentinin idmana göstərdiyi diqqət və qayğı beynəlxalq idman və Olimpiya təşkilatlarında da böyük əks-sədaya səbəb oldu. 1997-ci ildə Milli Olimpiya Komitələri Assosiasiyası İslandiyanın Reykyavik şəhərindəki Baş Məclisində Azərbaycan Prezidentini Olimpiya Hərəkatı və idman sahəsində böyük xidmətlərinə görə görkəmli dövlət xadimlərinə verilən "Olimpiya ləyaqəti” mükafatı ilə təltif etdi.
1997-ci il iyulun 31-də İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkə idmanı böyük sürətlə inkişaf etməyə başladı. İdmançıların sosial problemləri ilə bağlı bir sıra məsələlər öz həllini tapdı, federasiyaların işində dönüş yarandı. Milli Olimpiya Komitəsinin prezidenti elə ilk gündən bir sıra islahatların aparılmasına başladı. Qısa müddət ərzində milli federasiyalarda dəyişikliklər aparıldı, işə təcrübəli və peşəkar məşqçilər cəlb olundu. Milli Olimpiya Komitəsinin tabeliyində olan idman bazalarının əsaslı təmiri həyata keçirildi. İdmançıların məişət məsələlərinin qaydaya salınması, bütün kateqoriyadan olan idmançılara təqaüdlərin verilməsi, idmandan kənar düşmüş mütəxəssislərin geri qaytarılması, uşaq və yeniyetmələrin idmana cəlb olunması, yeni idman məktəblərinin açılması kimi məsələlər öz həllini tapdı. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra idmançıların sosial vəziyyətinə də diqqət artırıldı. Gələcəyinə böyük inam olan idmançılar və onların məşqçiləri üçün MOK tərəfindən təqaüdlərin verilməsi haqqında Əsasnamə təsdiq olundu. 1998-ci ilin yanvarından etibarən Əsəsnaməyə uyğun olaraq idmançılar və onların məşqçiləri təqaüd almağa başladılar. Qeyd edək ki, təqaüd alan kateqoriyaların sırası ildən-ilə genişlənir, eyni zamanda təqaüdün həcmi də artır. Təqaüdlər təkcə respublika və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edənlərə yox, həm də ölkəmizin idman şərəfini ləyaqətlə qorumuş veteran idmançılara da verilir. 1999-cu ildən Milli Olimpiya Komitəsi təqaüdlərin yeni növünü müəyyən etdi. Belə ki, Olimpiya Oyunlarına lisenziya qazanmış idmançıların hər biri lisenziya aldıqları tarixdən Olimpiya Oyunlarının keçiriləcəyi tarixə qədər olan müddətdə hər ay təqaüd almağa başladılar.
Milli Olimpiya Komitəsinin prezidenti elə ilk gündən beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirdi. 1997-ci ilin noyabrında Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin (AOK) Stokholmda keçirilən XXVI Assambleyasında iştirak etdi. 48 ölkə nümayəndəsinin iştirak etdiyi bu tədbirdə müzakirə olunan əsas məsələ AOK-un yeni üzvlərinin seçilməsi idi. AOK prezidenti Jak Roqq Azərbaycan nümayəndə heyətini qəbul etdi və qarşılıqlı əməkdaşlıqdan danışdı. Demək olar ki, Stokholm görüşü Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələrinin təməlini qoymuş oldu. 25 ildə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Beynəlxalq Olimpiya Komitəsi (BOK) və AOK rəhbərləri, ayrı-ayrı milli Olimpiya komitələrinin prezidentləri ilə keçirdiyi görüşlər Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq aləmdə nüfuzununu artmasında müstəsna rol oynadı. Qısa bir müddətdə beynəlxalq Olimpiya təşkilatlarının komissiya və işçi qruplarına Azərbaycan təmsilçilərinin daxil edilməsi Milli Olimpiya Komitəsinin nüfuzunun artmasından xəbər verir. Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələri yüksək səviyyədədir. Demək olar ki, bütün beynəlxalq federasiyaların rəhbərləri, onların nümayəndə heyətləri Azərbaycanda işgüzar səfərdə olublar. Bu qurumların müxtəlif səviyyəli tədbirləri Bakıda keçirilib. Hələ 2001-ci ildə ölkəmizdə ilk dəfə olaraq Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin toplantısı təşkil olunub. Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının iclası, Avropa ölkələrinin idman nazirlərinin iclası, Avropa Ədalətli Oyunlar Hərəkatının Baş Assambleyası və 15-ci Konqresi Bakıda keçirilib.
Təsadüfi deyil ki, BOK prezidenti Jak Roqq çıxışlarının birində demişdir: «Azərbaycanda idman sahəsində və Olimpiya Hərəkatında iş elə təşkil edilmişdir ki, başqa ölkələr bundan nümunə götürməlidirlər». Təbii ki, bu, Azərbaycan Milli Olimpiya Komitəsinin işinə verilən yüksək qiymət idi. Milli Olimpiya Komitəsi 1998-ci ildən başlayaraq idmançıların yarışlarda iştirakını təmin etmək, təlim-məşq toplanışlarının keçirilməsi, uşaqların və yeniyetmələrin idmana cəlb olunması, respublikada beynəlxalq yarışların təşkili kimi məsələlərə xüsusi diqqət ayırmağa başladı. Həmçinin Olimpiya Hərəkatının, Olimpiya ideallarının öyrənilməsi və təbliği istiqamətində ardıcıl işlər həyata keçirildi. 1998-ci ildə Yeniyetmələrin Respublika Oyunlarına start verildi. Bu Oyunlarda ölkənin bütün regionlarını əhatə edən 10 minlərlə yeniyetmə idmanın müxtəlif növləri üzrə yarışlarda qüvvələrini sınayırlar. Azərbaycan Milli Olimpiya Komitəsinin yeniyetmə idmançılara göstərdiyi diqqət və qayğı yalnız Respublika Oyunları ilə məhdudlaşmayıb. 1998-ci ildən başlayaraq MOK Olimpiya Hərəkatı ilə bağlı beynəlxalq miqyaslı tədbirlərdə yeniyetmə idmançıların iştirakını təmin edib. Azərbaycanın yeniyetmə idmançıları 1998-ci ildə Moskvada keçirilmiş Yeniyetmələrin Ümumdünya Oyunlarında, Avropa Yeniyetmələrinin Olimpiya festivallarında (Eysborq-1999, Mursiya-2001, Paris-2003, Liqnano-2005, Belqrad-2007, Tampere-2009, Trabzon-2011, Utrext-2013, Tbilisi-2015) uğurla yarışıblar. 2010-cu ildə Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya Oyunları keçirildi. Oyunlarda 205 ölkə təmsil olundu. 12 idmançı ilə mübarizə aparan Azərbaycan komandası 5 qızıl, 3 gümüş medal qazanaraq dünya ölkələri arasında 11-ci, Avropa üzrə isə 6-cı yeri tutdu. Azərbaycanın yeniyetmə idmançıları 2014-cü ildə Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında da uğurla çıxış etdilər. Ölkəmizin idmançıları Nankin Olimpiadasında ümumilikdə 12 medal qazandılar: 5 qızıl, 6 gümüş və 1 bürünc medal. Azərbaycan bu göstərici ilə dünyanın 201 ölkəsi sırasında 10-cu yeri tutdu.
Milli Olimpiya Komitəsi respublikamızda idman və Olimpiya obyektlərinin tikilib istifadəyə verilməsi, bərpası ilə bağlı xeyli iş görüb. 2000-ci ildə Bakıda ilk Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib. Həmin ildən başlayaraq MOK-un tikdirdiyi idman komplekslərinin sayı sürətlə artıb. Hazırda paytaxt Bakıda və regionlarda 40-dan çox Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bu komplekslərdə idman yarışlarının və təlim-məşq toplanışlarının keçirilməsi üçün hər cür şərait mövcuddur.
Beynəlxalq Olimpiya Komitəsi bəşər tarixinin yeni əsrinin, yeni minilliyinin başlanması münasibətilə öz ölkələrində Olimpiya Hərəkatının inkişafını, Olimpiya ideallarının yayılmasını dəstəkləyən dövlət başçılarına təqdim etmək üçün xüsusi orijinal hədiyyə hazırlamışdı. Beynəlxalq Olimpiya Komitəsinin o vaxtkı prezidenti Xuan Antonio Samarançın Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə ünvanladığı məktubda göstərilirdi ki, Beynəlxalq Olimpiya Komitəsi 2000-ci il münasibətilə Azərbaycan dövlətinin başçısına məşhur heykəltəraş Naq Arnoldinin "2000-ci ilin Olimpiya qapıları” adlı əsərini hədiyyə edir. Həmin əsər Azərbaycan Prezidenti Heydər Əliyevə idmançılarla növbəti görüşündə təqdim edildi.
2000-ci ildə Azərbaycan idmançıları respublikanın bayrağı altında ikinci dəfə yay Olimpiya Oyunlarında iştirak etdilər. Milli Olimpiya Komitəsinin apardığı gərgin iş, dövlət başçısı tərəfindən idmana verilən dəstək bu dəfə Azərbaycan olimpiyaçılarının tərkibcə daha çox olmasına imkan yaratdı. 2000-ci il avqustun 25-də Zuğulbadakı "Gənclik” kompleksində XXVII Yay Olimpiya Oyunlarına gedən idmançılarla Prezidentin görüşü keçirildi. Həmin görüşdə ölkə başçısı dörd il əvvəl olduğu kimi, bu dəfə də olimpiyaçılara xeyir-duasını, tövsiyələrini verdi, onlara uğurlar arzuladı.
Olimpiya Oyunlarından sonra oktyabrın 18-də Azərbaycan Prezidenti Heydər Əliyev Sidney şəhərində keçirilmiş XXVII Yay Olimpiya Oyunlarında iştirak etmiş qalib idmançılarla, onları bu qələbəyə hazırlayanlarla, ölkənin müstəqilliyini əməlləri ilə təsdiq edənlərlə görüşərək demişdir: "Bu gün, eyni zamanda, bizim idmanımızın bayramıdır. Xalqımızın idman qələbələri ilə əlaqədar olan bayramıdır”.
2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları uğurla çıxış etdilər. Güləşçimiz Namiq Abdullayev və stend atıcısı Zemfira Meftahətdinova Olimpiya çempionu tutulunu qazandılar.75 kq çəki dərəcəsində çıxış edən 19 yaşlı gənc boksçumuz Vüqar Ələkbərov yarımfinala qədər inamla addımladı və planetin bir nömrəli idman yarışının bürünc medalına sahib çıxdı. Azərbaycan ümumilikdə Sidney Olimpiadasında 3 medal əldə etdi - 2 qızıl və 1 bürünc medal. Ölkəmiz bu göstərici ilə medal sıralanmasında 34-cü yeri tutdu.
Sidney Olimpiya Oyunlarından sonra ölkə Prezidentinin şəxsi təşəbbüsü və qayğısı ilə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsindəki iş daha da sürətləndirildi. Belə ki, 2000-ci il oktyabrın 21-də Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərliyi altında ölkəmizdə ilk Olimpiya idman kompleksi – Bakı Olimpiya İdman Kompleksi istifadəyə verildi. Azərbaycan Prezidenti kompleksin açılış mərasimində iştirak etdi. Elə həmin gün ölkə başçısı Azərbaycanda səfərdə olan Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqqu və həmin komitənin baş katibi Mario Peskanteni qəbul etdi. 2001-ci il martın 26-da Milli Olimpiya Komitəsinin yeni inzibati binasının açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti MOK üzvləri və mərasimə toplaşmış qonaqlar qarşısında çıxış edərək, Milli Olimpiya Komitəsinin quruculuq işlərinin təqdirəlayiq olduğunu bildirdi və qarşıdan gələn Afina Olimpiya Oyunlarına ciddi hazırlıq işləri aparmağı tövsiyə etdi.
Milli Olimpiya Komitəsi Azərbaycan Prezidentinin tövsiyə və göstərişlərini öz işində əsas götürərək, 2001-ci ilin sonunda Bakının Maştağa qəsəbəsində daha bir idman mərkəzini tikib istifadəyə verdi. Azərbaycan Prezidenti Heydər Əliyev Maştağa Olimpiya İdman Mərkəzinin açılışında da iştirak etdi, öz çıxışında belə yüksək səviyyəli qurğuların istifadəyə verilməsinin idmanın inkişafında xüsusi əhəmiyyəti olduğunu, yeni komplekslərin tikilməsinin, bölgələrdə idmanın kütləviliyinin artırılmasının zəruriliyini vurğuladı. 2002-ci il iyunun 15-də Naxçıvan şəhərində yeni Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimi keçirildi. Heydər Əliyev mərasimdə iştirak etmək üçün Naxçıvana səfər etdi. Ümummilli lider həmin il sentyabrın 12-də Gəncə Olimpiya İdman Kompleksinin, avqustun 9-da isə Şəki Olimpiya İdman Kompleksinin açılışında iştirak etdi.
2002-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin 10 illik yubileyi qeyd olundu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hələ 2001-ci il dekabrın 12-də "Azərbaycan Milli Olimpiya Komitəsinin onillik yubileyi haqqında” fərman imzaladı, yubileylə bağlı vəzifələri müəyyənləşdirdi. Prezident 2002-ci il oktyabrın 11-də böyük təntənə ilə qeyd olunan yubiley tədbirində iştirak edərək, idmançılar, mütəxəssislər və qonaqlar qarşısında geniş nitq söylədi. O, ölkə idmançılarına inamını belə ifadə etdi: "İnanıram ki, bizim yüksək nailiyyətlər əldə edə bilən idmançılarımızın sayı artacaqdır. İnanıram ki, idman, bədən tərbiyəsi Azərbaycanda getdikcə kütləvi xarakter alacaqdır. İnanıram ki, Azərbaycan gəncliyi fiziki, zehni cəhətdən daha da yüksək olacaqdır”.
Ölkə başçısının 5 iyun 2003-cü il tarixində imzaladığı "XXVIII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” sərancamı möhtəşəm Afina Oyunları ilə bağlı idmançılarımız və idman mütəxəssislərimiz, habelə idman qurumlarının kollektivləri üçün əvəzsiz fəaliyyət proqramı idi. Afina-2004 Olimpiya Oyunları Azərbaycan idmanının yeni şanlı səhifəsini yazdı. 21-ci minilliyin ilk Olimpiya oyunlarında 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan XXVIII Yay Olimpiya Oyunlarında 5 medal (1 qızıl, 4 bürünc) qazandı. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində yarışan 22 yaşlı Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal qazandı. Atıcılıq üzrə yarışlarda kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, Sidney-2000 Olimpiadasının qızıl mükafatçısı Zemfira Meftahəddinova Azərbaycan yığmasının hesabına iki bürünc medal yazdırdılar. Afinada yarımfinala yüksələn Azərbaycan boksçuları Ağası Məmmədov və Fuad Aslanov da bürünc medal əldə etdilər.
2001-2004-cü illərdə MOK-un beynəlxalq əlaqələri daha da möhkəmləndi. Bu dövrdə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Avropa Cüdo Federasiyasının prezidenti Marius Vizeri, Dünya Taekvondo Federasiyasının baş katibi Kim Çeul Ohonu, Beynəlxalq Otüstü Hokkey Federasiyasının prezidenti xanım Els Van Breda Vriyesmanı, Avropa Taekvondo Federasiyasının prezidenti Anastasis Proqalisi, FİFA prezidenti Jozef Blatteri, FİDE-nin prezidenti Kirsan İlyumjinovu, UEFA İcraiyyə Komitəsinin üzvü Mişel Platinini və digər idman qurumlarının rəhbərlərini qəbul etdi. Beynəlxalq İdman Təşkilatlarının paytaxtımıza etdiyi səfərlər Milli Olimpiya Komitəsinin fəaliyyət sferasının göstəricisi idi.
Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında da öz bəhrəsini verdi. XXIX Pekin Yay Olimpiya Oyunlarında ölkəmiz 12 idman növündə 44 idmançı ilə təmsil olundu. Bu yarışda təmsilçilərimiz digər Olimpiya oyunlarından həm idmançıların, həm də qazanılan medalların sayına görə fərqləndi. Komandamız Olimpiya Oyunlarında ilk dəfə olaraq, hər üç əyarda medallar əldə etdi. Ölkəmizə Olimpiya qızılını cüdoçumuz Elnur Məmmədli (73 kq) qazandırdı. Finala qədər bütün rəqiblərinə vaxtından əvvəl ipponla qalib gələn Elnur Məmmədli həlledici görüşdə koreyalı idmançını 13 saniyəyə məğlub edərək 73 kq çəkidə Olimpiya çempionu adını qazandı. Ümumi nəticədə, Pekin-2008 Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların növünə görə isə 39-cu yeri tutdu.
Azərbaycan idmançıları daha bir uğura Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında imza atdılar. 2012-ci il iyunun 3-də Heydər Əliyev Mərkəzində olimpiyaçılarımızın yolasalma mərasimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söyləyərək idmançılarımıza xeyir-dua verdi. London Olimpiadasında Azərbaycan Olimpiya yığması 2 qızıl, 2 gümüş və 6 bürünc medalla ümumi hesabda 30-cu pillədə qərarlaşdı. Güləşçilərimizdən Toğrul Əsgərov və Şərif Şərifov Olimpiya çempionu adına layiq görüldülər.
Dünyanın idman mərkəzlərindən birinə çevrilən ölkəmizdə beynəlxaq səviyyəli mötəbər tədbirlərin keçirilməsi artıq bir ənənə halını alıb. Paytaxt Bakıda 2015-ci il noyabrın 21-22-də Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir. Baş Assambleyada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Avropa Olimpiya komitələrinin rəhbərləri iştirak edirdilər. Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası qarşıdakı dövrdə həllini gözləyən bir çox məsələlərin müzakirə olunması və həyata keçirilməsi baxımından mühüm tədbir idi. Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin, beynəlxalq idman qurumlarının rəhbərlərinin iştirak etdikləri Assambleyada "Olimpiya Oyunları”, "Marketinq və rabitə”, "İdman hamı üçün”, "Olimpiya mədəniyyəti və irsi”, "Tibb və antidopinq”, "İdmanda gender bərabərliyi” və digər mövzularda hesabat məruzələri, o cümlədən ilk Avropa Oyunları barədə məlumat və Bakı-2015 Əməliyyat Komitəsinin hesabatı da dinlənildi. 2016-cı il Yay Olimpiya, XXIII Qış Olimpiya Oyunlarına və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxil idi. Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında çıxış edərək ölkəmizdə idman və Olimpiya Hərəkatının inkişafından, idmançılarımızın beynəlxalq yarışlarda və Olimpiya Oyunlarında əldə etdiyi nailiyyətlərdən danışdı.
İdmançılarımızın Olimpiya Oyunlarındakı nailiyyətləri, mötəbər idman yarışlarının keçirilməsində toplanmış təcrübə və beynəlxalq əlaqələrin yüksək səviyyədə qurulması Milli Olimpiya Komitəsini qitə olimpiya qurumlarının ön sıralarına çıxarmaqla nüfuzlu təşkilata çevirib, Azərbaycanı dünyanın idman mərkəzlərindən biri olaraq tanıdıb. Respublikamız tarixdə ilk dəfə I Avropa Oyunlarına ev sahibliyi edib. 2015-ci il iyunun 12-dən 28-dək Avropa və dünya idmansevərlərinin diqqəti Bakıya yönəldi. Azərbaycan ilk Avropa Oyunlarını təşkil edən ölkə kimi tarixə düşdü. Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının iştirakı ilə keçirilən I Avropa Oyunları, həm də komandamızın uğurlu çıxışı ilə yadda qaldı. Ölkə yığması qitənin güclü idman dövlətlərini geridə qoyaraq 56 medalla (21 qızıl, 15 gümüş, 20 bürünc) ümumi komanda hesabında yalnız Rusiyadan geri qaldı. Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi və komandamızın qazandığı uğurlar Azərbaycanın yüksək potensiala malik idman ölkəsi olduğunu bir daha nümayiş etdirdi.
Azərbaycanda idman və Olimpiya Hərəkatının hərtərəfli, yüksələn xətlə inkişafı ötən il Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında bir daha özünü büruzə verdi. Rio Olimpiadasında 17 idman növü üzrə 56 idmançı ilə təmsil olunan Azərbaycan Olimpiya yığması 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanmaqla medalçılar siyahısında 39-cu sırada qərarlaşdı. Medal sayında isə Azərbaycan Yeni Zelandiya ilə birgə 14-15-ci yerləri bölüşdürdü.
Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan mötəbər beynəlxalq tədbirlərin və yarışların təşkili sahəsində zəngin təcrübəyə malikdir. Tam əminliklə deyə bilərik ki, idman yarışlarının mərkəzinə çevrilən ölkəmiz dünyada kifayət qədər tanınır. İdman və Olimpiya Hərəkatının yüksək sürətlə inkişafı, idmanın güclü maddi-texniki bazaya malik olması respublikamızda mötəbər tədbirlərin təşkilinə əsaslı zəmanət yaradır. Nüfüzlu beynəlxalq qurumların etimadı sayəsində respublikamız Avropa və dünya çempionatlarına, Qran-pri yarışlarına ev sahibliyi edir. Azərbaycan bu günədək "Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi, Bakı-2015 ilk Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, "Formula-1” üzrə Avropa Qran-pri yarışlarını yüksək səviyyədə təşkil edib. Bu ilin mayında isə paytaxtımız daha bir mötəbər tədbirə IV İslam Həmrəyliyi Olyunlarına ev sahibliyi edəcək.
Azərbaycan Milli Olimpiya Komitəsi son 25 ildə böyük inkişaf yolu keçib. Komitə səmərəli və məqsədyönlü fəaliyyətində Olimpiya Hərəkatı və Olimpiya ideallarının təbliğini, idmanın inkişafını prioritet məsələ kimi daim önə çəkib. Milli Olimpiya Komitəsinin yaradılması, Olimpiya Oyunlarında Azərbaycanın öz bayrağı altında vahid komanda şəklində iştirak etməsi xalqımızın azadlığının və ölkəmizin suverenliyinin bəhrəsidir. Azərbaycanın digər sahələrdə olduğu kimi idmanda da uğurları günü-gündən artır və bu uğurların davamı olacaq.