Vətən doğulduğun torpaqdan başlayır

Vətən doğulduğun torpaqdan başlayır







Bəlkə də borcundan çıxmadım,Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki, mən
Çürüyüm bir ovuc torpağın artsın!

Musa Yaqub

Vətənin torpağına çürüyüb qarışmaq da bir xoşbəxtlikdir. Elə bir xoşbəxtlik, səadət ki, hamıya nəsib olmur, vətənindən didərgin düşən, qaçqın salınan soydaşlarımız kimi, qürbətdə yaşayan neçə-neçə həmvətənimiz kimi. Doğma yurddan didərgin düşən ahıllarımız ürəklərində vətən nisgili, gözlərində yurd həsrəti tərk elədilər bu dünyanı. Bircə arzuları vardı: heç olmasa öləndə öz ata-baba yurdlarında torpağa qarışsınlar. Gözləri, əlləri açıq getdi bu dünyadan neçə-neçə qaçqınımız, köçkünümüz. Amma hər qaranlıq gecənin bir nurlu sabahı olur, deyirlər. Sabahların birində çox xoş xəbər aldıq: tezliklə o yerlərə qayıdacağıq. Tozuna-torpağına qurban olduğum Vətən qoynuna alacaq bizi. Bir vaxtlar yemlik, quşəppəyi, salmancı yığdığmız dərələr bizi gözləyir. Vətən, diz çöküb üzümü torpağına sürtmək, səninlə nəfəs almaq istəyirəm. Cənnət qoxunu ciyərlərimə çəkmək, qoynunda gözəl, bəxtəvər günlər yaşamaq istəyirəm - çürüyüb bir ovuc torpağına dönməzdən öncə...

Torpağına qarışmaq istəyirəm, Vətən!

Hər gecə yuxularıma gəlirdi, Lələtəpə. Ruhu cənnətliklərdən xəbər gətirirdi mənə. Nənəmdən, babamdan, mamamdan (red. biz tərəflərdə atanın bacısına mama deyirlər), atamdan və haqqın rəhmətinə qovuşan neçə-neçə qohum-qonşu Cocuq Mərcanlı kənd sakininindən… Lələtəpə bu müqəddəs yerdə uyuyan neçə-neçə nigaran ruhlardan danışırdı mənə yuxularımda. Uşaqkən həmişə anamdan, atamdan soruşardım ki, niyə ölüləri kəndin ətrafında düzənlik yer olduğu halda gediş-gəlişi çətin olan dağın, təpənin başında basdırıblar? Atam isə deyərdi ki, ora müqəddəs yerdir və ruhlar müqəddəs yerdə uyumalıdır.

Ora elə-belə adi təpə deyil. Söhbət həmin o Lələ təpədən gedir ki, elatın ən hündür məkanıdır, müqəddəsdir, doğmadır və hərbi baxımdan strateji yüksəklikdə yerləşir. Ordan baxanda Beyləqana qədər, yəni Cəbrayılın və Füzulinin əksər kəndləri, Arazboyu əl içi kimi görünür. 

Uşaq ikən yaşlılardan Lələ təpə haqqında qəribə əfsanə eşitmişdim. Əfsanəyə görə, keçmiş zamanlarda Qarabağ elatında bir tacir yaşarmış. İşi ilə bağlı vaxtının çoxunu səfərlərdə keçirən bu tacir çox varlı-hallı adam imiş. Elatda xeyirxahlığı ilə ad çıxaran tacirin övladı olmadığı üçün çox xiffət çəkərmiş. Onun ömür-gün yoldaşı isə hər gün gizlinə çəkilib göz yaşları tökər, allaha dua edərmiş. Bir gün tacir yenə uzaq səfərə hazırlaşır. Dəvə karvanı yola hazır olanda tacir arvadını çağırıb həmişəki kimi "Allaha əmanət ol”, - deyir və ona tapşırır: "Amma bu dəfə qayıdanda səni həyətdə beşik yelləyən görməsəm, məndən incimə”. 
Bir gün vədə tamam olur, nökər qaçaraq gəlib xanıma ağanın gəldiyini xəbər verir. 
Qadın naçar qalıb neynəyəcəyini bilmir, "Kişi məni beşik yelləyən görməsə öldürəcək”, - deyə tez iki ağacın arasından bir beşik asır, uzunsov daş götürüb onu bələyir və başlayır yelləməyə. Tacir beşiyə yaxınlaşıb "uşağı” qucağına götürür. Bələyə bükülmüş daş kişinin qucağında gülən körpəyə çevrilir. 

Uşağın adını Lələ qoyurlar, mənası tək, yeganə, çoxdan gözlənilən deməkdir. Oğlan yeniyetmə yaşına çatanda tacir ömrünü oğluna tapşırıb bu dünyadan köçür. Bir gün Lələ tay-tuşları ilə oynayanda sözləri çəp gəlir, savaşırlar. Tay-tuşları ona "sən özünü adam hesab eləmə, daşdan yaranandan adam olmaz” deyə tənə edirlər. Lələ evə gəlib məsələni anasına danışır. Qadın oğluna bütün həqiqəti danışmağa məcbu olur. Bundan sonra Lələ sazını da götürərək evdən, el-obadan baş götürüb gedir.

 İllər keçir. Lələ uzaq ellərdə el şənliklərində saz çalıb oxumaqla özünə çörək pulu qazanır. Axşamlar isə elatdan uzaqda hündür bir təpəcikdə özünün tikdiyi komaya çəkilib tək gecələyər, heç kimlə kəlmə kəsməzdi. Lələnin əlində şəfa varmış. Belə ki, birinin başı ağrıyanda bircə dəfə əlini ağrıyan yerə çəkdisə, keçib gedərmiş. Zaman keçdikcə Lələ insanların ümid yerinə çevrilir. Onun yaşadığı təpəyə el arasında Lələ təpə adını verirlər. İnsanlar yavaş-yavaş o təpənin ətəklərində yurd etdikcə məkan Lələtəpə yurdu kimi tanınır. Bu minvalla zaman axıb gedir. Bir gün Lələtəpə elatı Lələnin komasından heç çıxmadığını görüb onu ziyarətə gedirlər və görürlər ki, Lələ sazı da əlində oturduğu yerdə dünyasını dəyişib. Ahıllar Lələni elə həmin təpədə öz komasının yanında dəfn etməyi məsləhət görürlər. El arasında ilahiləşən Lələnin dəfn olunduğu həmin yer sonradan ziyarətgaha çevrilir. Ətraf elatlardan, kənar ellərdən o təpəni ziyarətə gəlirlər.

İllər sonra Lələtəpə yurdu Cəbrayıl rayonu ərazisində yerləşən Cocuq Mərcanlı kəndinin məzarlığına çevrilir. İnsanlar öz əzizlərinin ruhuna hörmət əlaməti olaraq onları həmin ziyarətgahda dəfn edirlər. 1993-cü ilin avqust ayında erməni işğalçıları Qarabağ elatına hücum çəkib müqəddəs Lələtəpəni də işğal edirlər. O yurd uğrunda qanlı döyüşlər gedir, neçə-neçə igid Azərbaycan oğulları şəhid olur. 23 il işğalda inləyən Lələtəpə yurdunu, nəhayət ki, əsgərlərimiz 2016-cı ildə düşmən tapdağından azad edirlər. Bu gün Lələtəpədə bayrağımız dalğalanır. Aşıq Lələnin, orda uyuyan ata-babaların, uğrunda qurban gedən şəhidlərin ruhu o müqəddəs yerdə rahatlıqlarına qovuşublar. Elat geri, öz yurduna qayıdır... Ora elə-belə adi təpə deyil.

Mən də çürüyüb torpağına qarışmaq istəyirəm, Vətən. Qoynunda uyumaq cənnət olar mənə. Bağrına bas bizi, əlinlə tumar çək dərddən ağarmış saçlarımıza, məlhəm ol, köz bağlamış yaralarımıza. Azərbaycanın hər bir qarışı Vətəndir, amma doğulduğun, havasını ciyərlərinə çəkdiyin, qoxusu burnunda tütüyən el-oba bir ayrıdır. Çox şirindir və onun şirinliyini ayrı düşəndən sonra daha yaxşı anlayırsan.

Qaçqın kimi ölməyimdən daha qorxmuram

Daha yuxularıma gəlmir Lələtəpə, Lələ babam. Çünki bilir ki, qoynunda uyuyan ruhlar rahatlıq tapıb. Bilir ki, düşmənin burnu ovulub, geri oturdulub, elatımız mənfur düşməndən azad edilib. Qaçqın, məcburi köçkün olmağımızdan utanmışıq həmişə. Çünki başqaları bizə xor baxıblar. Bunu həzm edə bilərəm, amma qaçqın kimi ölməkdən çox qorxuram. Kəlbəcərli şairimiz Elməddin Nicatın dediyi kimi:
 
Yağı çəmənimi, çölümü sevir,
Yəqin ki, taleyim zülümü sevir.
Çoxu qaçqınlıqdan ölümü sevir,
Qaçqın ölməyimdən yaman qorxuram.

Amma daha qorxmuram. Nəinki mən, başqaları da. Ürəyi yurd həsrəti ilə çırpınan minlərlə insan artıq öz elinə-obasına qayıdır. 

Doğulub boya-başa çatdığım Cocuq Mərcanlı kəndi Cəbrayılın rayon mərkəzindəın 35 km cənub-şərqdə, Araz çayına yaxın düzənlikdə yerləşir. XIX əsrdə Cavadağa Cavanşirə məxsus ərazidə, Mərcanlı tayfasına mənsub ailə tərəfindən salınıb. Müharibənin ilk günlərindən qaynar döyüş məskəninə çevrilib. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən kənd ümummilli lider Heydər Əliyevin dövründə uğurlu Horadiz əməliyyatı nəticəsində 1994-cü ildə işğaldan azad edilib. Lakin ətraf yüksəkliklərin düşmən nəzarətində olmasına görə burada yaşamaq qeyri-mümkün olub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun aprel əməliyyatları nəticəsində strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad edilməsi ilə Cocuq Mərcanlı kəndi tamamilə Azərbaycanın nəzarətinə keçib. Vətən müqəddəsdir. Vətəni sevmək azdır, onun üçün düşmən qarşısında dayanmaq lazımdır. Ona sevgini bildirmək üçün düşməndən qorxmadığını sübut etmək gərəkdir. 

23 ildir ki, Cocuq Mərcanlı kəndini tərk etməyən bir ailə var. O, mənim ailəmdir. Mamam Minarə Hakıyeva (atamın bacısı) 7 nəfər ailə üzvü ilə birlikdə kəndimiz işğaldan azad edildikdən sonra doğma kəndi tərk etməyib. Bu ailənin 7 üzvündən 3-ü yeniyetmə və gəncdir. Onlar çoxlarına nümunədir. Yeri gəlmişkən, əmim Məhəmməd Hakıyev də 2010-cu ildə rəhmətə gedənə qədər kənddən çıxmayıb. Kəndin qərb sərhədindən 750 metr məsafədə düşmənlə üzbəüz, qorxmadan, çəkinmədən ölkə rəhbərinə güvənərək, ümidlə gözləyib bu ailə böyük qayıdış gününü. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun da dediyi kimi: "Bu ailə bütün məcburi köçkünlər üçün bir nümunədir, vətənpərvərlik göstəricisidir. 

Vətən doğulduğun torpaqdan başlayır”. Vətənpərvər olmaq üçün pafoslu çıxışlar etmək, alovlu nitq söyləmək lazım deyil. Vətənpərvər olmaq üçün ürək lazımdır, sevgi lazımdır və o ürək, o sevgi bizim caamatda var. Bu sevgi candan, qandan, gendən gəlir. Bu gün qocasından tutmuş gəncinə kimi o yurdun sakinləri könüllü ərizə yazaraq doğma kəndə qayıdırlar. Sevinirəm ki, ərizə verən həmin 192 nəfərin arasında mənim də adım var.

"Torğağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən, qorumağa dəyməz”

24 illik fasilədən sonra Qarabağ cəbhəsində aparılan uğurlu aprel hərbi əməliyyatlar nəticəsində qüvvələr nisbəti dəyişsə də, Azərbaycan qəti mövqeyini ortaya qoydu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi "Azərbaycan Ordusu Qarabağı işğaldan azad etməyə qadirdir və buna heç bir qüvvə mane ola bilməz” bəyanatı düşmən cəbhəsində bomba kimi partladı. Düşmən və onun havadarları anladılar ki, heç bir təzyiqlə Azərbaycan xalqının iradəsini qıra bilməyəcək, vətənpərvərlik hisslərini öldürə bilməyəcəklər. İlham Əliyevin iki ay öncə ordumuzun şücaət simvoluna çevrilmiş Lələtəpə zirvəsindən düşmənə qarşı verdiyi sərt bəyanatda bildirildi ki, Dağlıq Qarabağda elə bir hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək, azad edilmiş ərazilərə dərhal sakinlər köçürüləcək və onlar torpağı əkib-becərəcəklər! Bununla Ali Baş Komandan Dədə Qorqud öyüdünə sadiqliyini nümayiş etdirdi. Yəni "Torğağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən, qorumağa dəyməz”. Prezidentin Lələtəpəyə səfərindən sonra onun tapşırığı ilə Əli Həsənov Cocuq Mərcanlı kəndinə gedərək burada vəziyyətlə yaxından tanış olub. Ölkə rəhbərinin şəxsi nəzarəti altında aparılan prosesə əsasən, kənddə ilk mərhələdə həyata keçiriləcək bərpa-quruculuq işləri müəyyənləşib, sakinlərin kəndə qayıdışı üçün lazımı infrastrukturun yaradılması barədə müzakirələr aparılıb. Nəticə isə özünü çox gözlətmədi…

Bugünlərdə Azərbaycan Respublikası Prezidentinin "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” verdiyi Sərəncamı nigaran, vətən, el-oba həsrəti ilə alışıb-yanan ürəklərə su çilədi. Bu, "Böyük Qayıdış” planının ilk müqəddiməsidir. Bu, dünyaya mesajdır! Ardınca Ağdam, Xocalı, Şuşa var. Ardınca illər öncə Biləsuvar, İmişli, Bakıya üz tutan maşın karvanlarının, hüznlü köçlərin sevinclə geri qayıdışı var. Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi və müdrik siyasəti sayəsində illərdir onu incidən Qarabağ problemindən azad olacaq. Üçrəngli, müqəddəs bayrağımız Xankəndində, Şuşada, Cəbrayılda, Kərkicahanda dalğalanacaq! O zaman şəhidlərimin ruhu da şad olacaq!

Allah başda Ali Baş Komandan olmaqla ordumuzu, millətimizi, xalqımızı qorusun. Amin!

Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.

P.S. Sevinirəm ki, doğulduğum kənddən yazdığım bu yazı KİVDF-nin Novruz bayramına həsr edilmiş müsabiqəsində 1-ci yerə layiq görüldü. 

Dünən eşitdim ki, Cocuq Mərcanlıda ilk mərhələdə inşa ediləcək 50 mənzilin istifadəyə verilməsi 15 iyun -Qurtuluş gününə təsadüf edəcək. Azərbaycanın işğal altında olan bütün torpaqlarının Qurtuluş günü lap yaxındadır. AMİN  




Səadət Hakıyeva