"İdmançılarımız IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə hazırlaşırlar. Onlardan yüksək nəticələr gözləyirik”
Bunu "olimpnews.az” saytına açıqlamasında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.
Nazir müavini bildirib ki, müxtəlif idman növləri üzrə komandalarımız IV İslam Həmrəyliyi Oyunlarına yüksək hazırlıq prosesi keçirlər.
O deyib: "Ölkəmizdə hər bir idman növü üzrə yüksək uğurlar əldə olunur. Atletlərimiz mötəbər yarışlarda uğurla çıxış edərək ölkəmizin idman şərəfini layəqətlə qoruyurlar. Təbii ki, bu illərlə çəkilən əziyyətin nəticəsidir. Ötən ilin yekununa əsasən, idmançılarımız müxtəlif növlər üzrə 800-ə yaxın müxtəlif əyarlı medallar əldə ediblər.
Bu göstərici atletlərimizin hazırlıq səviyyəsinin yüksək olmasından xəbər verir. Son Olimpiya oyunlarında qazanılan 18 medal Azərbaycanın idman ölkəsi olduğunu bir daha nümayiş etdirdi. İnanıram ki, Olimpiya və I Avropa Oyunlarında olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarında da idmançılarımız onlara göstərilən etimadı doğruldacaqlar.
Təkmübarizlik idman növlərindən daha çox medal gözləyirik. Məsələn, Azərbaycan güləşi dünyada tanınır. Əcnəbi ölkə komandaları bizim idmançılarımızla birgə təlim-məşqlər keçməyə maraq göstərirlər.İslam Həmrəyliyi Oyunlarında boks, ağırlıqqaldırma, cüdo, karate, sambo kimi idman növlərindən də medal gözləyirik.Azərbaycan idman sahəsində də İslam ölkələri arasında liderlər sırasındadır. Komandamızın IV İslam Həmrəyliyi Oyunlarında birinci olacağına inanıram”.