Meyezer Corc Floydun dəfn xərclərini öz üzərinə götürdü

Meyezer Corc Floydun dəfn xərclərini öz üzərinə götürdü

Boks üzrə keçmiş dünya çempionu, amerikalı Floyd Meyvezer Minneapolis (Minnesota ştatı) şəhərində polis tərəfindən tutulmadan sonra ölən Corc Floydun dəfn xərclərini ödəyəcək.
Bu barədə bazar ertəsi ESPN telekanalına Meyvezerin nümayəndəsi Leonard Ellerbi bildirib.
"O (Meyvezer - red), yəqin ki, bunu dediyimə görə qəzəblənəcək, amma o şübhəsiz ki, dəfn xərclərini ödəyəcək", - nümayəndə bildirib.
Onun sözlərinə görə, sabiq boksçu ölümü ABŞ-da kütləvi etiraz aksiyalara səbəb olmuş afroamerikalının ailəsi ilə əlaqə saxlayıb. Boksçu dəfn xərclərini ödəməklə bağlı təklifinə ailədən müsbət cavab alıb.
"Floyd (Meyvezer - red) 20 ildən çoxdur belə işlərlə məşğul olur", - Ellerbi deyib.
O, qeyd edib ki, boksçu bu hadisədə özünü tərifləməyə cəhd etmir və öz hərəkətini gizlətməyi üstün tutardı.
Meyvezerin 43 yaşı var. Onun peşəkar boks karyerasında 50 döyüş və 50 qələbəsi var.
Mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb.
Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.
Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.
Bütün bunlara baxmayaraq artıq bir neçə gündür ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə edilir.