İyunun 18-də Yardımlı rayonunda idman kompleksinin açılışı olub. Açılış mərasimində nazir Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin deputatı Musa Qasımlı, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və digər şəxslər iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan Yardımlı İdman Kompleksi Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikilib. 2013-cü ilin iyunundan tikintisinə başlanan kompleksdə mini futbol, voleybol-basketbol meydançası, açıq meydançalara xidmət edən soyunub-geyinmə, duş otaqlarından ibarət bina, içməli və yanğın su anbarları yaradılıb.
Ümumilikdə 1,23 hektar ərazidə inşa edilən kompleksin tikintialtı sahəsi 3919 kvadratmetrdir. Dörd blokdan ibarət
kompleksin əsas korpusunda 560 tamaşaçı tutumuna malik universal idman, eləcə də güləş, boks və trenajor zalları, VIP tribuna, soyunma-geyinmə, duş, hakim və məşqçi otaqları, nəzarət, texniki və xidməti kabinetlər var. Burada, həmçinin kafe-restoran, mətbəx, 21 nömrədən ibarət 43 yerlik mehmanxana da fəaliyyət göstərir.
Kompleksə ayrıca qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri çəkilib, generator quraşdırılıb. Ərazidə geniş yaşıllıqlar salınıb, piyada yolları və asfalt-beton yollar çəkilib, binalar müasir idman avadanlıqla təchiz edilib, müasir havalandırma, yanğın siqnalizasiya, hidrant sistemləri, internet və televiziya şəbəkəsi, müşahidə kameraları və digər zəruri qurğular quraşdırılıb. Fiziki imkanları məhdud tamaşaçıların və idmançıların kompleksdən istifadə etmələri üçün zəruri şərait yaradılıb.
Yardımlı İdman Kompleksinin açılışı olub