Dünya çempionu yenidən dəmir barmağlıqlar arxasında

Dünya çempionu yenidən dəmir barmağlıqlar arxasında

Boks üzrə dörd çəki dərəcəsində keçmiş dünya çempionu olan  31 yaşlı Edrian Broner həbs olunub. Klivlend məhkəməsi boksçunun hakimə etdiyi hörmətsizliyə görə onu həbsxanaya yerləşdirib. E.Broner onun əməllərinə görə əziyyət çəkən qadının vəkillərinə məhkəmə qərarı ilə təyin olunan 830 min dolları hansı səbəbdən ödəmədiyinin hesabatını verməyənə kimi həbsxanada qalacaq. Ötən ay boksçu məhkəməyə aylıq nəğd gəlirinin yalnız 13 dollar təşkil etməsi ilə bağlı müraciət ünvanlamışdı. Lakin hakim onun yaxın günlərdə instaqram sosial hesabında paylaşdığı videoda masanın üzərində xeyli pulun olduğunu bildirmişdi. İdmançı isə gələn ili yanvar ayında keçirəcəyi döyüşdən əldə etdiyi gəlir ilə zərərçəkmişə borcunu ödəyəcəyini deyib.
Xatırladaq ki, 2018-ci ilin noyabr ayında 35 yaşlı qadın gecə klubunda E.Broner tərəfindən zorakılığa məruz qalması səbəbi ilə onu məhkəməyə vermişdi. Edrian Broner cinayət məhkəməsində təqsirini etiraf edərək, iki il şərti olaraq cəza almışdı. Mülki məhkəmədə isə  boksçu vəkilsiz qalıb və məhkəmə idmançının zərərçəkmişə 830 min dollar təzminat təyin edib.