Teymur Rəcəbov Levon Aronyana qalib gələrək “Airthings Masters” turnirinin qalibi oldu

Teymur Rəcəbov Levon Aronyana qalib gələrək “Airthings Masters” turnirinin qalibi oldu

Bu gün “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında qalib müəyyən olunub. Final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov ermənistanlı rəqibi Levon Aronyanla mübarizə aparıb.
Gərgin mübarizə şəraitində keçən partiyalardan sonra qrossmeysterimiz çempion adını qazanıb. Birinci final günündə rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən 33 yaşlı zəka sahibimiz bu dəfə də erməni şahmatçıya şans verməyib. İlk partiyada heç-heçə edən T.Rəcəbov ikinci görüşdə rəqibinə qalib gəlib. Qələbə sayəsində böyük üstünlük əldə edən şahmatçımız üçüncü partiyada rəqibi ilə heç-heçə edib. Beləliklə Teymur Rəcəbov qələbəni vaxtından əvvəl təmin edərək “Airthings Masters” turnirinin çempionu olub. Qrossmeysterimiz görüşdən sonra sevinc gözyaşlarına hakim ola bilməyib. 
Qeyd edək ki, ümumi mükafat fondu 200 min ABŞ dolları olan turnirdə qalib gələn şahmatçımız 60 min dollar məbləğində mükafata sahibi olub.

Teymur Rəcəbov Levon Aronyana qalib gələrək “Airthings Masters” turnirinin qalibi oldu