Zəka sahiblərimiz onlayn beynəlxalq turnirdə yarışacaqlar

Zəka sahiblərimiz onlayn beynəlxalq turnirdə yarışacaqlar

Mayın 7-8-də “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş ikinci beynəlxalq onlayn “Təhsil” kuboku keçiriləcək.

Yarışda 17 yaşadək şahmatçılar iştirak edəcəklər. Turnir seçmə və final mərhələsindən ibarət olacaq.

Seçmə mərhələnin nəticələrinə görə, ilk 30 yeri tutmuş şahmatçılar final mərhələsinə vəsiqə qazanacaqlar. Beynəlxalq reytinqi 2300-dən yuxarı olan şahmatçılar birbaşa final mərhələsində iştirak etmək hüququna sahibdirlər.

Dəvət olunmuş ölkələrin hər birindən 10-dək şahmatçı yarışa buraxılır. Azərbaycan şahmatçıları üçün limit nəzərdə tutulmur. Belə ki, dünya və Avropa birinciliklərinin, Azərbaycan birinciliklərinin medalçıları və beynəlxalq reytinqi 1700-dən yuxarı olan şahmatçılar turnirdə iştirak edə bilərlər.

Yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, karantin dövründə məktəblilərin asudə vaxtının səmərəli təşkili və müasir texnologiyalardan istifadə etməklə şahmatçıların oyun təcrübələrinin artırılmasından ibarətdir.

Qaliblər “Təhsil” RİM-in diplomları və pul mükafatı ilə mükafatlandırılacaqlar.