Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr olunmuş iclas keçirilib

Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr olunmuş iclas keçirilib

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr olunan iclas keçirib. MOK və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşəbbüsü ilə təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin vits0e-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Gənclər və İdman Nazirliyinin müavini İsmayıl İsmayılov, AMADA-nın rəhbəri Şəfəq Hüseynli və bütün iştirakçı federasiyaların rəhbər, tibb və məşqçi heyətləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları salamlayaraq bu görüşün olimpiada ərəfəsində əhəmiyyətini diqqətə çatdırıb. ​ “Tokio-2020 Yay Olimpiya Oyunlarına bir aydan da az vaxt qalıb. Artıq komandamızın Olimpiadaya hazırlıq prosesi yekunlaşmaq üzrədir. Pandemiya şəraitində keçirilən Olimpiadanın öz xüsusiyyətləri və tələbləri var. Tokio-2020 digər olimpiadalardan fərqlənəcək. Bu gün olimpiadada koronavirus və dopinqlə bağlı məsələlər dünya gündəmindədir. Bunu nəzərə alaraq, burada iştirak edən federasiya nümayəndələrinə həm dopinq, həm də COVİD-19 barədə məlumatlar verəcəyik. Eyni zamanda idmançılara və onların məşqçilərinə olimpiada zamanı sosial mediadan istifadə qaydaları izah ediləcək. Bu, Beynəlxalq Olimpiya Komitəsində qəti şəkildə qoyulan məsələlərdən biridir. Biz işlərimizi elə qurmalıyıq ki, sonra hansısa idmançı deməsin ki, bu məsələdən xəbərimiz yox idi. Əlbəttə, bütün idmançıları və məşqçiləri pandemiya şəraitinə görə buraya toplamaq mümkün deyildi. Ona görə də, burada iştirak edən federasiya nümayəndələrindən xahiş edirəm ki, bu gün bu tədbirdə qeyd edilən məsələləri nəzərə alsınlar və idmançıları təlimatlandırsınlar. Elə etmək lazımdır ki, sabah Tokioda problemlərimiz olmasın”.

Sonra Olimpiya Oyunları zamanı dopinq nəzarəti, o cümlədən bu sahədəki yenilik və dəyişikliklərlə bağlı AMADA-nın xüsusi təqdimatı olub. AMADA-nın rəhbəri Şəfəq Hüseynli bildirib ki, Agentliyin Tokio-2020 Yay Olimpiya Oyunları zamanı Çağrı Mərkəzi fəaliyyət göstərəcək: “Bugünkü görüş Tokio Olimpiadasına yollanacaq şəxslər üçün çox əhəmiyyətlidir. Azərbaycan idman ölkəsidir. Prezident İlham Əliyev idmana böyük qayğı və dəstək göstərir. Pandemiya şəraitində bir çox məsələlər dəyişib. Rio-2016-da müşahidə edildi ki, təqribən 6-7 ay idmançılar testdən keçməyib. Bizdə isə yarış öncəsi dəfələrlər testlər aparılıb. İdmançılar təmiz mühitdə yarışacaqlar. Tokioda idmançılarımıza böyük və təmiz qələbələr arzulayıram. İdmançılar yarış zamanı hər hansı maddədən istifadə etdikdə diqqətli olmalıdırlar. Bundan əlavə, 18 yaşadək idmançıların dopinq-testi zamanı yanlarında mütləq nümayəndə olmalıdır. Bir xəbəri də diqqətinizə çatdırım ki, Tokio-2020 Yay Olimpiya Oyunları zamanı Çağrı Mərkəzi fəaliyyət göstərəcək. İyirmi dörd saat ərzində fasiləsiz fəaliyyət göstərəcək Çağrı Mərkəzində idmançılar və məşqçilərin dopinq nəzarəti ilə bağlı bütün sualları cavablandırılacaq. Çağrı Mərkəzi təmiz idmanın daha geniş yayılması və idmançıların məlumatlandırılmasına yönəlib”.

Tədbirdə çıxış edən AMADA-nın Təhsil şöbəsinin rəhbəri Lalə Hacıyeva antidopinqlə bağlı idmançıların hüquq və öhdəlikləri, o cümlədən terapevtik istisna icazəsi üçün müraciət və icazənin verilmə şərtləri, məkan məlumatı, “İynəyə yox” siyasəti və digər məsələlərlə bağlı ətraflı məlumatlandırıb.

Daha sonra MOK-un əməkdaşları COVID-19 və sosial mediadan istifadə qaydaları haqda təqdimatla çıxış ediblər.

MOK-un beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Anar Bağırov və şöbənin nümayəndəsi Ceyhun Rəhmanovun COVID-19 təqdimatında pandemiya şəraitində Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı qaydaları açıqlayıblar.

Komitənin marketinq şöbəsinin rəhbəri Mehman Kərimov və şöbənin əməkdaşı Səkinə Vəliyevanın təqdimatı isə Tokio-2020 Yay Olimpiya Oyunlarının sosial media və marketinq strategiyası və yığmanın bu istiqamətdə əməl etməli olduğu qaydalara həsr olunub.

Çıxışlardan sonra MOK-un vitse-prezidenti Tokio-2020-də Azərbaycan komandasının bayraqdarının adını açıqlayıb. Olimpiya Oyunlarında milli komandanın bayrağını daşımaq şərəfi cüdoçu Rüstəm Orucova həvalə olunub.

Tədbirin sonunda çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Tokio-2020-də iştirak edəcək idmançılara uğurlar arzulayaraq, komandamızın olimpiadadan medallarla qayıdacağını inandığını bildirib.