Tokio-2020: Çin liderliyini qorudu

Tokio-2020: Çin liderliyini qorudu

Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarının 14-cü gününə yekun vurulub. Bu gün Azərbaycanın iki idmançısı - sərbəst güləşçimiz Turan Bayramov (74 kq) və karateçimiz Firdovsi Fərzəliyev (67 kq) mübarizəyə başlayıb. Təəssüf ki, idmançılarımızdan heç biri mükafatçılar sırasına düşə bilməyiblər. Beləliklə, olimpiadaya 44 idmançı ilə yollanan idmançılarımızdan 33-ü çıxışını başa vurub. Atletlərimizdən yalnız 3-ü medal qazana bilib. Onlardan cüdoçumuz İrina Kindzerska (+78 kq), boksçumuz Alfonso Dominges (81 kq) və yunan-Roma güləşçimiz Rafiq Hüseynov (77 kq) bürünc medala sahib çıxıb. Komandamız bu nəticə ilə ümumi medal sıralamasında 77-ci sırada qərarlaşıb. Medalçıların siyahısına isə Çin komandası başçılıq edir. Onların aktivində 74 (34 qızıl, 24 gümüş, 16 bürünc) medal var. 91 (29 qızıl, 35 gümüş, 27 bürünc) medal qazanan ABŞ kəmiyyətcə 1-ci, keyfiyyətcə 2-ci sırada yer alıb. Medal əyarında 3-cü pillədə isə aktivində 22 qızıl, 10 gümüş və 14 bürünc medal olan ev sahibi Yaponiya komandası qərarlaşıb.