İdman və musiqinin vəhdəti

İdman və musiqinin vəhdəti



Musiqi insanı həyata bağlayan, onu düşünməyə vadar edən, sevindirən, əyləndirən bir vasitədir. Hər birimiz sevincli və kədərli anlarımızda ruhumuza uyğun musiqini dinləməkdən böyük zövq alırıq. Janrından asılı olmayaraq (klassik, lirik, instrumental və s.), bütün musiqi əsərləri bəşəriyyətə, insanlığa xidmət edir. O, incəsənətin insanın hisslərinin, həyəcanı notlarda ifadə edən bir növüdür. İdman da insanlar üçün bir əyləncə vasitəsi olduğuna görə hər iki sahəni bir-birinə qırılmaz tellər bağlayır.
İdman və Olimpiya mədəniyyətinin tarixi bizə idman və incəsənətin sıx, qarşılıqlı əlaqədə olduğunu bir daha sübut edir. Bu ənənə antik Olimpiya oyunlarından başlamış bu günlərə qədər davam edir. Yarış meydançalarında, turnirlərdə, dünyanın möhtəşəm Olimpiya oyunlarında səslənən əzəmətli musiqi sədaları altında idmançılar təmsil etdikləri dövlətin, xalqın başını uca etmək üçün yüksək əzm və ruh yüksəkliyi ilə mübarizə aparırlar.
İdmanın güləş, boks, avarçəkmə, atletika, voleybol, basketbol kimi növləri üzrə təlim-məşqlərdə musiqidən geniş şəkildə istifadə olunur. İdman məşğələlərində musiqidən funksional istifadə edilməsi idmançılarda əhval-ruhiyyənin yüksəltmək və dözümlülüyü artırmaqla bərabər, əzələlərin qüvvətlənməsi, cəldlik, çeviklik kimi keyfiyyətlərin formalaşmasında böyük rol oynayır. İstənilən nəticələrə nail olmaq, müəyyən uğurlar əldə etmək üçün daim irəliyə, gələcəyə baxmaq, həyatda baş verən yeniliklərə müsbət münasibət göstərmək və mütləq müasir dövrün tələbləri ilə uyğunlaşmaq lazım gəlir.
Tarixin dərslərindən və təcrübəsindən ibrət götürməyə dəyər. Müasir bilik və bacarıqlarımızı keçmişin intellektual səviyyəsi ilə birləşdirmək, idman və musiqinin ittifaqı zəminində idmanın, fiziki tərbiyənin nəzəri və təcrübi əsaslarını inkişaf etdirmək məqsədəyğundur.


 

Kubertenin fikirləri maraqlıdır
 

İdman və incəsənət arasında əlaqənin möhkəmləndirilməsində Kuberten Olimpiya oyunlarının rolunu çox yüksək qiymətləndirirdi. O "Olimpiya memuarları"nda yazırdı: "Çox təəssüf ki, çoxları hələ də başa düşmürlər ki, Olimpiya oyunları, sadəcə, yalnız beynəlxalq çempionatlar demək deyil, bu, 4 ildən bir dünyanın bütün gənclərini bir araya gətirən bayramdır, bu, "bəşəriyyətin baharıdır", gənclik isə musiqidir, həyatdır, gələcəkdir". Olimpiyaçıların şəxsiyyəti məsələsinə də toxunan baron Pyer de Kuberten idmanla incəsənətin sıx, qarşılıqlı əlaqəsinə böyük dəyər verirdi: "İncəsənət idmanla çox yaxın olmalıdır və idmana incəsənətin əsası kimi baxmaq lazımdır".


 

Tarix nəyi sübut edir?
 

Tarixə nəzər salsaq, görərik ki, qədimdə tərbiyə və idmanda musiqinin tətbiqinə ilk müraciət edən ölkə Sparta olub. Bizim eradan əvvəl hələ 688-ci ildə Spartada gekzamen ritmində ifa olunan "gipnopediya" və "pirrixiy" nəğmələrinin melodiyası altında gimnastik hərəkətlər, güləş və yumruq döyüşü yerinə yetirilirdi. Qədim yunan tarixçisi Ateneyin qeydlərinə görə, atletlər dipnopediya mahnısının ritmləri və sədaları altında fiziki tərbiyə və idman məktəblərində (palestrlərdə) qrup halında rəqs edirdilər.
Digər yunan tarixçisi Aristoks palestrdə aparılan təlim-məşq prosesini belə təsvir edir: "Burada bütün gənclər çılpaq rəqs edir, əlləri, ayaqları ilə ritmik hərəkətləri yerinə yetirir və müxtəlif obrazlar yaradırlar". Sparta dövləti yüksək fiziki tərbiyə mədəniyyəti ilə digər antik yunan dövlətlərindən fərqlənir. Bizim günlərə qədər gəlib çatan antik məlumatlara görə, antik Olimpiya oyunlarının qalibləri arasında spartalılar üstünlük təşkil edirdilər. Onların təcrübəsindən nümunə götürən digər yunan dövlətləri bu üsuldan istifadə etməyə başladılar.


 

Əbəbi əsərlərdə qalibləri
tərənnüm edirdilər

 

B.e.ə. VII əsrdə qədim yunan şairi Arxolox əsası zəhmətkeş xalq mahnılarından götürülmüş yamb və xoreya vasitəsilə musiqini idman ritmləri ilə zənginləşdirdi. Beləliklə, idman mahnılarının yeni forması, epinikiyalar yarandı. Olimpiya oyunlarına həsr olunmuş, qalibləri tərənnüm edən xüsusi ədəbi əsərlərin - epinikiyaların müəllifləri Arxilox, Simonid, Pindar güclü və məşhur atletlərin idman uğurlarını əks etdirmək üçün öz aralarında kəskin rəqabət aparırdılar.
Məşhur yunan şairi Pindar (b.e.ə 518-446) antik dövrün müxtəlif idman yarışlarını və Olimpiya oyunlarını özünəməxsus bənzərsiz ustalıq və incə yumor hissi ilə təsvir edirdi. Antik Olimpiya, Pifiya, İstmiya, Nemeya və digər idman yarışlarını vəsf edən şair, burada iştirak edən atletlər barədə də geniş məlumat verirdi. Dövrünun atletləri haqqında yazmaqla onları şöhrət zirvəsinə qaldıran Pindar təsvir etdiyi hadisələri qeyri-adi ustalıq və məharətlə məşhur mifoloji süjetlər və müdrik xalq məsəlləri ilə əlaqələndirirdi. Böyük şair idmançını tərənnüm edə-edə qalibə özünü şöhrətdən itirməməyi, hər zaman sadə olmağı, vətəninə, təmsil etdiyi şəhərə layiqli vətəndaş olmağı tövsiyə edirdi.
Müasir Olimpiya oyunlarının yaranma və inkişaf tarixində antik olimpiada idealı mühüm rol oynayır. Ellin tayfalarının təsəvvürünə görə mifoloji hesab edilən Olimpiya oyunlarında epifaniya, yəni ilahiləşdirmə, allahların şərəfinə qurbanlar verilməsi, yarışlar təşkil edilməsi prosesi formalaşırdı. Allahların şərəfinə təşkil edilən yarışlarda ancaq qaçış, qoşqu, güləş və digər idman növlərində qələbə çalanlar deyil, ümumiyyətlə, allahlar tərəfindən seçilənlər ən yaxşı atletlər elan edilirdilər. Antik Olimpiya oyunlarında qələbə ellinlər üçün çox müqəddəs idi və ən böyük xoşbəxtlik sayılırdı. Olimpiya qəhrəmanlarının - olimpionklərin şərəfinə abidələr ucaldılır, təntənəli mərasimlər təşkil olunurdu.
Olimpiya oyunları və onların qaliblərinin Pindarın epinikiyalarında vəsf edilməsini klassik qaloqati, yəni ruhun və bədənin harmonik inkişafının ən yaxşı nümunəsi kimi qiymətləndirmək olar. Yumrüq döyüşü, qoşqu yarışı, disk və digər yarışların qalibi qədim yunanlara görə kaloqatini, yəni mənəvi və fiziki cəhətdən gözəl insanı tərənnüm edirdi. Buna nümunə olaraq b.e.ə. 476-cı ildə keçirilən Olimpiya oyunlarında qoşqu yarışlarının qalibi Giron Sirakuzskiyə həsr olunmuş nəğməni misal göstərmək olar. Bundan başqa, Pindar Olimpiya oyunlarının qalibləri Feron Akraqantskiyə 2 və 3, qoşqu qaçışı və qatır yarışının qalibi Psalviy Kamarinskiyə 4 və 5, qatır yarışlarının qalibi Aqesiy Sirakuzskiyə 5, yumruq döyüşünün qalibi Diaqor Rodosskiyə 7, oğlanlar arasında güləş yarışının qalibi Alkemedon Eginskiyə 8, beşnövçü Ksenfont Korinfskiyə 13 epinikiya həsr edib.
Antik oyunların qalibləri, adətən, əzab-əziyyətə qatlaşmağı bacaran mətin və cəsur ovçular, ya çobanlar olardı. Olimpiya prinsiplərinə uyğun olaraq uduzan çıxır, qələbə çalan isə son nəfəsinə, yəni axıra qədər mübarizəni davam etdirirdi. Başqa sözlə, yarışa girmisənsə, deməli axıra qədər də mübarizə aparmalısan.


 

Pifaqor musiqiçi idi?
 

B.e.ə.IV əsrdən başlayaraq idman fəaliyyətində musiqidən geniş istifadə edilməsində Pifaqor məktəbinin və onların ardıcıllarının böyük rolu olmuşdur. Böyük riyaziyyatçı alim, filosof, yumruq döyüşü üzrə antik Olimpiya oyunlarının çempionu Pifaqor müasirlərini bədən tərbiyəsi və idman sahəsində musiqidən elmi əsaslar üzərində istifadə etməyə çağırırdı. Dahi riyaziyyatçı insanın idman və iş fəaliyyətində musiqinin təsirini artırmaq məqsədilə b.e.ə VI əsrdə musiqi intervallarını riyazi cəhətdən dəqiq ölçülərdə ifa etmək üçün harmonik kanonu (monokard) icad etmişdi. Musiqi sahəsi ilə məşğul olanlar yaxşı bilirlər ki, musiqidə ölçü açarın yanındakı riyazi rəqəmlərlə ifadə olunur. Məsələn, dörddə iki, dörddə üç, dörddə dörd, səkkizdə altı.
Pifaqorçular oktava 1 : 2, kvinta 2 : 3, kvarta 3 : 4 kimi musiqi harmoniyalarının nəzəri cəhətdən həqiqiliyini sübut etməyə müvəffəq oldular. Onlar konkret tədqiqatlar vasitəsilə müəyyən edə bildilər ki, musiqinin tonu, hərəkətin tezliyi, və titrəmələrin sayı, dissonans və konsonans qanunuyğunluqları arasında obyektiv əlaqə mövcuddur. Bu, musiqidə tonikadan-tonikaya səslərin yuxarı və aşağı istiqamətdə sıra ilə düzülməsi, yəni qamma adlanır. Bu məktəbin nümayəndələri olan Gippas və Arxit musiqidə akustikanın əsasını qoydular.



 

Musiqi ilə tərbiyə
 

Erkən pifaqorçuluq məktəbinin yetirməsi, "Pifaqorun həyatı haqqında" məşhur traktatın müəllifi, b.e.ə VI əsrdə yaşamış filosof Yamblix yazırdı: "Pifaqor müxtəlif melodiya və ritmlərin müşayiəti altında insan xarakterinin və hisslərinin yarandığını mənəvi hisslərin formalaşmasını musiqi vasitəsilə tərbiyə edirdi". O, öz tanışlarına və dostlarına diatonik, xromatik və enharmonik melodiyaların qarışığını əks etdirən musiqi melodiyaları və ritmlərini məsləhət görürdü. İnsan bu melodiyaların köməyi ilə kədər, qıcıqlanma, yazıqlıq, yersiz qısqanclıq və qorxu, hiss və həyəcan, qəzəb, fikir dağınıqlığı, kimi mənfi emosiyalardan xilas olur və mənəvi sakitlik və ruh yüksəkliyi əldə edirdi.
Pifaqor tələbələrinə gündüzün sarsıntı və yorğunluğundan, səs-küyündən azad olmaq və onların rahat yuxu yatmaq üçün ecazkar musiqi sədalarından istifadə etməyi məsləhət görürdü. Səhər yerlərindən duranda isə tələbələri yuxudan tez ayıltmaq üçün xüsusi nəğmə və melodiyalara müraciət edirdi. Pifaqor musiqinin insan sağlamlığında böyük rolu olduğunu vurğulayırdı və bunun üçün musiqidən lazımi səviyyədə istifadə olunmasını məsləhət görürdü. Məşhur filosov öz təcrübəsində insanları depressiyadan qurtara və mənəvi yaraları sağalda bilən melodliyalara müraciət edirdi.

 

Musiqinin səsi gənci qatil
olmaqdan xilas etdi


İnsanın həyatında musiqinin rolu barədə danışarkən bir hadisəni xatırlamamaq mümkün deyil. Deyirlər, bir dəfə Pifaqor fleytada ifa olunan melodiyanın köməyi ilə bir sərxoş gənci qatil olmaqdan xilas edib. Belə ki, spirtli içki qəbul edən aşiq gənc, təsadüfən öz sevgilisini rəqibi ilə bir yerdə görür. Dəli olmaq dərəcəsinə çatan oğlan sevgilisini və rəqibini yandıraraq öldürmək istəyir. Təsadüfən buradan keçən Pifaqor hadisənin şahidi olur və fleyta çalan musiqiçiyə melodiyanı dəyişməyi məsləhət görür. Tez özünə gələn gənc sakitləşərək, evinə doğru yollanır".

 

Güləşçi musiqi sədaları
altında məşq edirdi


Musiqi janrından güləş idman növündə ilk dəfə istifadə edən şəxs Pifaqorun şagirdi, filosof-alim, antik dövrün güləşçisi Milon Krotonski olub. Krotonski b.e.ə. 540-516-cı illər ərzində dörd ildən bir keçirilən Olimpiya oyunlarında altı dəfə qalib adını qazanıb. Bundan başqa, Milon antik və müasir dövrdə analoqu olmayan dövlətlərarası idman yarışlarında - Pifiya, İstmiya və Nemeya oyunlarının da qalibi idi. Pifaqor cəmiyyətinin fəal üzvlərindən olan Milon Krotonski musiqinin müşayiəti ilə məşq edirdi. Dünya şöhrətli Platon və Aristotel dövlət təhsili və tərbiyəsinin musiqi ilə stimullaşması ilə sıx əlaqələndirirdilər. Qədim yunanlar fiziki və əqli tərbiyəni musiqisiz təsvir etmirdilər. Son nəticədə yunanlar musiqiyə əxlaqi və intellektual gimnastika kimi baxırdılar.
Maraqlıdır, bu müqəddəs ənənə indi də davam edir. Təsadüfi deyil ki, güləşçilərimiz tatami üzərinə milli musiqimiz olan cənginin sədaları altında çıxırlar.


 

Güclü, hazırlıqlı, əxlaqi və mənəvi cəhətdən təmiz


Aristotel özünün məşhur "Siyasət" adlı traktatında qeyd edirdi: "Yunanlar üçün təhsilin əsas predmetləri qrammatika, gimnastika, musiqi və rəssamlıqdır. Əcdadlarımız musiqini ona görə ümumtərbiyə predmetlərinin siyahısına daxil ediblər ki, təbiət bizim fəaliyyətimizə imkan yaratmaqla bərabər, həm də vaxtımızı səmərəli və ahəngdar keçirməyimiz üçün hər cür şərait yaradıb".
O dövrün musiqisi vətənpərvərliyi, xəlqiliyi, şərəf və ədalətliliyi ilə seçilirdi. Musiqidən alınan estetik zövq insanlarda gözəl ideyaların və amalların formalaşmasına imkan verirdi və ağıllı yunan pedaqoqları da bundan əlverişli istifadə edirdilər.
Musiqi qədim yunanlar üçün idman da daxil olmaqla bəzi sahələrdə stimul rol oynayırdı. Sonralar müasir dövrdə olduğu kimi, musiqi gözəl istirahət və əyləncə vasitəsinə çevrilib. Fiziki tərbiyənin sistematik musiqi ilə stimullaşdırılmasını təbliğ edən Platon təsdiq edirdi ki, musiqisiz gimnastika insanları son dərəcə kobud və ürəksiz edir. Məşhur filosof musiqi və gimnastikanın vəhdətinin mənəvi və fiziki kamilliyi özündə birləşdirən ideal insanların tərbiyə edilməsində böyük və əvəzsiz rol oynadığını bildirirdi.

 

Güləşə çox üstünlük verirdilər


İdeal dövlətin qanunlarını hazırlayan Platon gözəl hərəkətlər etmək, tez-tez mahnılara qulaq asmaq kimi keyfiyyətlərin gənc insanlarda vərdiş halına keçməsini tövsiyə edirdi. Filosof instrumental musiqinin üstünlüklərindən onun fiziki tapşırıqların yerinə yetirlməsində tətbiqi əməyi yüngülləşdirdiyini qeyd edirdi. O, sürətli yeriş və qaçış idman növləri üçün bu musiqinin çox münasib olduğunu qeyd edirdi.
Qədim yunanlar idman növlərindən güləşə daha çox üstünlük verirdilər. Güləş məşqləri və yarışları musiqinin sədaları altında həyata keçirilirdi. Yunanlar güləş və musiqinin insanın harmonik inkişafında əsas tərbiyə vasitəsi kimi rolunu yüksək qiymətləndirirdilər. Ümumiyyətlə, qədim yunan gimnastikasında (yunanlar "gimnastika" məfhumu altında fiziki tərbiyənin bütün elementlərini - ağır və yüngül atletika, oyunlar, üzgüçülük, rəqslər və s. başa düşürdülər) güləş bütün gimnastika məktəblərində (palestrlərdə) 7 yaşından başlayaraq uşaqların tərbiyəsində əsas amil kimi götürülürdü. Təhsil palestrdə böyüyən nəsil üçün çox vacib sayılırdı. Yunanlar artıq gənc yaşlarında kamil və mübariz əsgər kimi hərbi döyüşlərdə iştirak etmək qabiliyyətinə malik olurdular.
Kamil insanın tərbiyəsində güləş və musiqinin vəhdətinə böyük üstünlük verən dahi Platon bu məsələ ilə bağlı yazırdı: "Burada başını, əllərini, ayaqlarını rəqibin əlindən azad etməyə çalışan insan sağlamlığı və gücünün hesabına qalib gəlir. Bu döyüş növü bütün münasibətlərdə çox faydalıdır. Ancaq güləş fəndlərini xor mahnılarının sədaları altında yerinə yetirmək daha da faydalıdır".

 

"Musiqi insanda xoş hisslər yaradır"


Platon öz fikirlərini növbəti dəlilllərlə təsdiq edirdi: "Ritm və harmoniya zövqdə öz həllini tapır. Bu hissin köməyi ilə biz bir-birimizlə mahnılar və rəqslər vasitəsilə tanış olur, əlaqələr yaradırıq. Xor dərnəklərinə getməyənlər tərbiyədən kənarda qalıblar, əksinə, gedənlər mədəni və tərbiyəlidirlər". Platonun "Qanunlar" əsəri insanlara elmi əyləncəli vasitələrlə öyrətməyi tövsiyyə edirdi. Bunun üçün qədim Yunanıstanda çox məşhur olan deyim də var idi: "Əyləndirərək öyrətmək". Bu sistemin ardıcıllarından biri də Aristotel idi. Pisxikanın inkişafında yaş xüsusiyyətlərini və gənc insanların zəif cəhətlərini gözəl bilən alim deyirdi: "İnsanlar gənc yaşlarında xoş məramlara meyilli olmurlar. Amma musiqi elə bir sahədir ki, gənclər onu sevirlər. Çünki musiqi insanda xoş hisslər yaradır".
Yunanlar idman məşqlərindən başqa, idman yarışlarından əvvəl də musiqidən məharətlə istifadə edirdilər. Platon yazırdı: "Musiqi harmoniyası bizim ürəyimizin səsi ilə bir vəhdət təşkil edir. O, əcdadlarımız tərəfindən ürək fəaliyyətimizi dissonansdan qurtarmaq üçün bizə köməkçi verilib. Elə ritm, hərəkətlərin manerası da bu səbəbdən insanlığa xidmət edir".
Musiqinin üstünlüklərindən danışarkən Aristotel tələb olunan effekti almaq üçün konkret şəraiti qiymətləndirməyin çox vacib olduğunu göstərirdi: "Səsdən necə istifadə edildiyini bilmək son dərəcə vacibdir. Məsələn, nə vaxt bərk, yavaş, orta səslə danışmağı, hansı intonasiyalardan (kəskin, kar və orta) və hansı ritmlərdən istifadə etməyi bilmək mütləqdir".
Qədim yunan məşqçiləri atletlərin idman əhval-ruhiyyəsini və iş qabiliyyətini artırmaq üçün güclü melodiyalardan - friqiya və doriyadan istifadə edirdilər. Əksinə, çətin və yorucu məşqlərdən və yarışlardan sonra idmançının gücünü və qüvvəsini bərpa etmək üçün zəif ioniya və eoliya melodiyalarına üçtünlük verirdilər.


Fleyta və idman


Antik dövrün musiqiçiləri atletlərin intensiv hərəkət fəaliyyətini stimullaşdırmaq üçün asan başa düşülən və dəqiq ritmik keçidlərlə zəngin olan musiqi əsərlərindən istifadə edirdilər. Bu mövqedən antik musiqi muasir Avropa musiqisindən kəskin fərqlənir. Müasir musiqi əsərləri mücərrədliyi və səs-küylülüyü ilə heç də hamı tərəfindən qəbul edilmir və ya da başa düşülmür. Məsələn, müasir gənclər üçün maraqlı olan bu musiqi yaşlı insanlar üçün baş ağrısına çevrilir. Müasir dövrdə peşəkar musiqiçilər və bəstəkarlar idman mövzusuna kifayət qədər ciddi yanaşmırlar. Əksinə, antik dövrdə idman və fiziki tərbiyənin musiqi ilə stimullaşdırılmasında mövcud cəmiyyətin ən yaxşı mütəfəkkirləri böyük ruh yüksəkliyi ilə məşğul olurdular.
B.e.ə.VII əsrin əvvəllərindən başlayaraq musiqi Olimpiya, Pifiya, Nemeya, İstmiya oyun və antik dünyanın digər iri yarışlarının proqramında mühüm yer tuturdu. Plutarx "Musiqi haqqında" traktatında yazırdı ki, Danayın şərəfinə təşkil edilən Sfeniya oyunlarında həzin müsiqi aləti olan fleytadan geniş istifadə edilirdi. İdmanın musiqi ilə stimullaşdırılmasının ən gözəl nümunəsi antik dünyanın məşhur Olimpiya oyunlarında özünü göstərmişdir. Belə ki, olimpiada başlanan ilk gündən son günə kimi canlı musiqi ifa edilirdi. Olimpiya oyunlarının açılış mərasimi təntənəli musiqi sədaları altında keçirilirdi. Ənənəvi Olimpiya ritualına uyğun olaraq paradın önündə carçı və trubaçılar gedirdilər. Onları qırmızı paltar geyinmiş hakimlər, sonra isə hakim dairələrin nümayəndələri, əllərində bahalı hədiyyələr tutan səfirlər müşayiət edirdilər. Dəstənin sonunda at və qoşqu arabaları irəliləyirdi.
Qədim Yunanıstanda keçirilən Olimpiya oyunlarında böyüklər arasında təşkil edilən qaçış, uzunluğa tullanma, disk tullama, nizə tullama, güləş yarışları fleytanın müşayiəti ilə keçirilirdi. Maraqlıdır ki, antik dövrdə keçirilən gürz tullama yarışlarında atletlərin göstərdikləri ən yüksək nəticələr 4-9 fut arasında olurdu. Məsələn, b.e.ə 664-cü ildə təşkil edilən olimpiadada atlet Xionis uzunluğa tullanma yarışlarında 52 fut nəticə göstərmişdi. Bu, müasir ölçülərə əsasən, 16,66 m-ə barəbərdir. B.e.ə. 500-cü ildə Pifiya oyunlarında digər atlet, Krotonlu Fayllos isə 55 fut (16,28 m) nəticəyə imza atmışdı. Qeyd edək ki, Xionis və Fayllosun nəticələri dəqiq mənbələrdən götürülüb. Maraqlıdır, uzunluğa tullanma yarışlarında indiki dünya rekordu 8,95 m-ə bərabərdir. Fakt göz qabağındadır: elm və texniki tərəqqinin inkişaf etdiyi, insan imkanlarının sonsuz olduğu XXI əsr və dünya sivilizasiyasının erkən inkişaf etməyə başladığı antik dövr. İzahata ehtiyac yoxdur. Sadalanan faktlar müasir insanın heysiyyatına toxunsa da, fakt faktlığında qalır.
Müasir Olimpiya Hərəkatının qısa (1986-1990) dövrü ərzində uzunluğa tullanma yarışlarında müəyyən edilən dünya rekordu (6, 35 m) çox cüzi dərəcədə (8,95 m) artıb. Amma antik dövrə nəzər salsaq, görərik ki, 1169 il (b.e.ə. 776 - b.e. 393) ərzində idmançılar bizim yuxuda belə görə bilmədiyimiz nailiyyətlərə imza atmaqla böyük potensiala malik olduqlarını sübut ediblər. Deyilənlər göstərir ki, elm və texnikanın yüksək sürətlə inkişaf etdiyi, insan beyninin yaratdığı kəşflərlə zəngin olan XXI əsr bu baxımdan antik dövrdən çox geri qalır. Yerindən, məkanından, zamanından asılı olmayaraq, savadlı, istedadlı, güclü və cəsur insanlar hər bir dövrdə olub və olacaqlar. Ən əsası odur ki onların istedadını üzrə çıxarmaq, güclərini müəyyən etmək və böyük potensiala malik olanları irəli çəkmək üçün lazımi şərait və ictimai təkan olmalıdır.


 

Pentatlon yarışlarında musiqi əsərlərindən istifadə olunub


Antik dövrün tarixçisi Pavsani Olimpiya oyunlarının pentatlon yarışlarında fleytada virtioz ifasına görə sikianlı Pifokritin şərəfinə memorial xatirə lövhəsi düzəldilməsi barədə yazırdı. Qeyd edək ki, pentatlon yarışlarında müxtəlif musiqi əsərlərindən istifadə olunurdu. Məsələn, qaçış yarışlarında ifa olunan musiqiyə güləşdə müraciət edilmirdi. Sokrat yazırdı: "Qaçış üçün bənzərsiz olan musiqi güləş üçün yararsızdır və əksinə, güləşdə istifadə edilən yüksək səviyyəli musiqini qaçışda ifa etmək ağılsızlıqdır". Qədim yunanlar bu nəzəriyyədən idman və musiqinin vəhdəti təcrübəsində səmərəli istifadə edirdilər. Antik Olimpiya oyunlarında gənclər arasında tullanma yarışları oğlanlardan ibarət xor qrupunun müşayiəti ilə təşkil edilirdi. Qoşqu arabalarının idman mübarizəsində trubaçılara müraciət edilirdi.
Olipmiya oyunlarının qalibləri bağlanış mərasimindən sonra müqəddəs Zevsin tax-tacına yaxınlaşır və onların başına dəfnə yarpağından əklil qoyulurdu. Bu zaman təntənəli manhının sədaları altında carçı çempionunun adını, soyadını, doğulduğu şəhərin adını açıqlayırdı. Müasir dövrdə bu mərasimi Olimpiya oyunlarında, iri beynəlxalq yarışlarda qalib idmançının şərəfinə dövlət himninin səsləndirilməsi əvəz edir.


 

İdmanın və musiqinin
harmoniyası


Antik Olimpiya oyunları "kalokaqati" (ruhun və bədənin ahəngdar inkişafı) idealına xidmət edirdi. Buna görə də idmanla incəsənətin bir vəhdət halında inkişafı antik Olimpiya, Pifiya, İstmiya, Nemeya oyunlarının tərkib hissəsinə çevrilmişdi. Antik dövrün məşhur elm və incəsənət xadimləri öz həyat və yaradıcılıqlarını bu oyunlardan kənarda təsəvvür etmirdilər. "Tarixin atası" Herodot, məşhur riyaziyyatçı Pifoqor, filosof Sokrat, şair Pindar, natiq Demosfen, yazıçı Lukian, Esxil, Sofokl, Evripid və başqalarının adı antik Yunanıstanın Olimpiya və idman tarixində önəmli yer alıb. Olimpiya oyunlarında tamaşaçılarda emosional təsir oyadan musiqi və poeziyaya əsas yer verilirdi. Şairlər musiqinin muşayiəti ilə öz şerlərini oxuyurdular. O dövrdə Olimpiya oyunlarının proqramında instrumental musiqi müsabiqələrinə geniş yer verilmişdi. Proqrama ilk dəfə daxil edilən musiqi alətləri lira və fleyta olub. Truba musiqi aləti isə bundan bir qədər sonraya təsadüf edir. Truba mahnı musabiqəsinin ilk qalibi 96-cı Olimpiadanın iştirakçısı Timey idi. Bu estafeti davam etdirən ikinci trubaçı Arxiay, üçüncü isə 10 il dalbadal Olimpiya oyunlarının proqramında truba musabiqəsinin qalibi Herodot idi. Müasirləri bu insana yarımallah kimi baxırdılar. Onun çox hündür boyu, gözəl qədd qaməti, enli sinəsi var idi. Trubanı üfürmək üçün güclü ciyərləri var idi. Pindar və Plutarx o dövrün ən məşhur fleytaçısı kimi Sakadın adını çəkirlər. Maraqlı faktdır ki, Olimpiya oyunlarının lira ifaçılarının qalibləri siyahısında Roma imperatoru Neronun da adına rast gəlinir.
Turin-2006 Qış Olimpiya Oyunlarının fiqurlu konkisürmə yarışları öz orijinallığı ilə milyonlarla tamaşaçının yaddaşına əbədilik həkk olundu. Dünyanın məşhur skripka ustası Edvar Martin nümunəvi final yarışlarında idmançıları müşayiət etdi. Fiqurlu konkisürənlər ecazkar musiqinin sədaları altında fiziki güclərini musiqi notlarında kökləyərək inamlı çıxışlar nümayiş etdirdilər.

Olimpiya himnləri


İdman və musiqinin harmoniyasını özündə əks etdirən amillərdən biri də Olimpiya oyunlarının himnidir. Olimpiya himni ilk dəfə 1896-cı ildə Afinada yaranıb. Onun sözlərini yunan şairi Kostis Palama, musiqisini isə Spirou Samara yazıb. 1958-ci ildə müasir Olimpiya oyunlarının rəsmi himni kimi qəbul edilib.1896-cı ildən 1960-cı ilə kimi hər Olimpiya oyunlarının himnini yazmaq üçün komissiya yaradılıb.
Olimpiya oyunlarında milli dövlət himnlərinin ifa edilməsi əhəmiyyətli rol oynayır. 1924-cü ildən başlayaraq qaliblərin şərəfinə onların təmsil etdikləri ölkənin dövlətlərin himninin səsləndirilməsi bir ənənə halını alıb. Olimpiya Xartiyasına muvafiq olaraq milli himnin oxunmasının müddəti 80 saniyədən çox olmamalıdır. Olimpiya himninin səslənməsi isə bir neçə dəqiqə çəkir. 1992-ci ildə keçmiş sovet respublikaları Alverbil-1992 Olimpiadasında Avropa himninə ("Sevinc nəğməsi") müraciət ediblər. 1980-ci ildə isə Moskvada bəzi sosialist ölkələri Olimpiya himnindən istifadə etmişdilər. Çinlə hərbi münaqişə vəziyyətində olan Tayvan olimpiadalarda öz himnindən istifadə edir.
Azərbaycan Respublikasının Olimpiya himninin sözləri İkram Əliyevə, musiqisi isə Eldar Mansurova aiddir. Bu himni Azərbaycanın görkəmli estrada müğənniləri Faiq Ağayev, Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva və başqaları ifa edirlər.
Pekin-2008 Yay Olimpiya Oyunlarının santrekini "Oskar" mükafatının laureatı, çin əsilli amerikalı bəstəkar Tan Din bəstələyib. Öz musiqisində milli koloritə üstünlük verən bəstəkar maraqlı əsər yaratmağa müvəffəq olub. Pekin-2008-in qaliblərinə medallar çin zənglərinin və nefrit musiqi daşının birgə yaratdığı sehrli musiqinin sədaları altında təqdim olunub.
Vankuver-2010 XXI Qış Olimpiya Oyunlarının himni "Mən inanıram" ("İ believe") adlanır və yarışların təntənəli açılış mərasimində 16 yaşlı gənc caz ulduzu Nikki Yanovski tərəfindən ifa edilib. Mahnı Vankuver-2010 Qış Olimpiya Oyunlarının hit-paradına çevrilib.
Soçi-2014 Qış Olimpiya Oyunlarının himni artıq hazırdır və diskə köçürülüb. Bu himni məşhur müğənniləri Sofiya Rotaru, Filipp Kirkorov, Dima Bilan, Valeriya, Yuliya Soviçeva, Maks Pokrovsik, Timati, Ratmir Şişkov və Vladimir Presnyakov ifa edirlər.


Türkay Niftəliyeva