OCEP çərçivəsində Azərbaycan-Çin mədəniyyət festivalı keçirilib

OCEP çərçivəsində Azərbaycan-Çin mədəniyyət festivalı keçirilib

 “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində yanvarın 28-də paytaxtın Nizami rayonundakı şəhid Namiq Həmzəyev adına 238 saylı tam orta məktəbdə Azərbaycan-Çin mədəniyyət festivalı keçirilib.
Mədəniyyət festivalının iştirakçıları - MOK-un Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Pekin-2022” XXIV Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar Bağırov, Çinin Azərbaycandakı səfirliyinin nümayəndəsi baş konsulu Ding Tau şəhid Namiq Həmzəyevin məktəbin həyətindəki abidəsi önünə gül dəstələri qoyub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsini dərin ehtiramla yad ediblər.
Şəhidlərin əziz xatirəsinin anılmasından sonra OCEP çərçivəsində reallaşdırılan festivala start verilib.
Bu tədbirin qəhrəmanlarının uşaqlar olması MOK-un Olimpiya fəlsəfəsini uşaq və yeniyetmələr arasında təbliğinə əhəmiyyət verməsinin göstəricisidir.
Qonaqları Azərbaycan və Çin dillərində salamlayan şagirdlər hər iki xalqın mədəni irsini özündə ehtiva edən xüsusi kompozisiyalar nümayiş etdiriblər.
Çinin Azərbaycandakı səfirliyinin baş konsulu Ding Tau çıxış edərək tədbirin təşkilindən və gələcəyimiz olan uşaqların idmana böyük maraq göstərmələrindən məmnunluğunu bildirib.
Azərbaycan məktəbinin Çində əməkdaşlıq etdiyi təhsil ocağı isə öz növbəsində məktəblərin səmərəli işbirliyi sayəsində ölkəmizin milli mədəniyyətini təbliğ edəcək və festival çərçivəsində Azərbaycanı təmsil edəcək. Bu isə mədəni əlaqələr, həmçinin məktəblilər arasında dostluq münasibətlərinin gücləndirilməsi ilə yanaşı, Olimpiya hərəkatının təbliğinin və təşviqinin daha yaradıcı formatda həyata keçirilməsinə mühüm töhfə verir. Məktəbin uğurlu idmançı şagirdlərinin təqdimatı, Çin mətbəxinin ləziz təamları ilə tanışlıq, “Xarıbülbül” barədə məlumat, “Yallı” rəqsi, eləcə də çin rəqsləri, məktəblilərin ifasında səslənən mahnılar qonaqların böyük marağına səbəb olub.