Şahmatçımız “ilk onluq”da

Şahmatçımız “ilk onluq”da

Beynəlxalq Şahmat Federasiyası (FIDE) aprel ayı üçün reytinq siyahısını açıqlayıb. İlk onluqda Azərbaycanın bir təmsilçisi yer alıb. Qrossmeysterimiz Şəhriyar Məmmədyarov (2771 xal) 10-cu sırada qərarlaşıb. Digər şahmatçımız Teymur Rəcəbov (2753 xal) isə 13-cü sıradadır.
Kişi şahmatçılarımızdan ilk yüzlükdə iki təmsilçimiz var. Belə ki, Qədir Hüseynov (2661 xal) 76-cı, Rauf Məmmədov isə (2656 xal) 83-cü pillədə yer alıblar.
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2864 xal) başçılıq edir. İkinci pillədə Fransanı təmsil edən gənc istedad Alireza Firuzca (2804 xal), üçüncü yerdə isə çinli Liren Dinq (2799 xal) qərarlaşıblar.
Qadınların reytinq cədvəlində isə ilk yüzlükdə şahmatçılarımız Günay Məmmədzadə 2454 xalla 24-cü, Gülnar Məmmədova (2387 xal) 62-ci, Xanım Balacayeva (2376 xal) 71-ci pillədədirlər.
Çinli Hou Yifan (2650 xal) qadınların reytinq cədvəlinə başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina (2610 xal) və çinli Ju Venjun (2560 xal) sonrakı iki pillədə qərarlaşıblar.