Velosipedçimiz “Tour of Albania” yarışında ikinci oldu

Velosipedçimiz “Tour of Albania” yarışında ikinci oldu

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Azərbaycanın elit/U-23 yığma komandasının kapitanı Elçin Əsədov 109 kilometrlik məsafədə yarışda uğurlu nəticə göstərərək mərhələni ikinci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib.

Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb. E.Əsədov bu nəticə ilə ümumi təsnifatda 5-ci pillədə yer alıb və bununla da ölkə reytinqimizə daha 15 xal qazandırıb. Millimizin kapitanı, həmçinin ən yaxşı sprinterlərin mübarizəsində 77 xalla 3-cü olub.

Qeyd edək ki, E.Əsədov yarışın birinci, ikinci və üçüncü mərhələlərini ilk onluqda tamamlayıb.

Sonuncu mərhələdə finiş xəttini 12-ci keçən yığma komandamızın digər üzvü Musa Mikayılzadə ümumi təsnifatda 12-ci nəticə göstərib.

Xatırladaq ki, mötəbər yarışda ölkəmizi baş məşqçi Asif Həsənovun rəhbərliyi altında elit/U-23 yığma komandamızın üzvləri Elçin Əsədov, Elgün Əlizadə, Musa Mikayılzadə, Əli Qurbanov, Şahin Eyvazov və Yusif İsmayılov təmsil edib.