“Dəmir yumruq” devizi altında idman festivalı təşkil olunub

“Dəmir yumruq” devizi altında idman festivalı təşkil olunub

“RM” idman klubu və Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının birgə təşkilatçılığı ilə "Dəmir yumruq" devizi altında Qarabağ zəfərinə həsr olunmuş açıq turnir çərçivəsində idman festivalı keçirilib. Festivalda Braziliya ciu-citsusu, kikboksinq və MMA idman növləri üzrə yarışlar təşkil edilib. Turnirə müxtəlif çəki dərəcələri və yaş kateqoriyaları üzrə 700-ə yaxın idmançı qatılıb. Yarışa başlamadan əvvəl şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış mərasimində çıxış edən federasiya prezidenti Aqil Acalov Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsi münasibətilə xalqımızı təbrik edib. O, "Dəmir yumruq" simvolu olan Ordumuzun artıq Laçında olduğunu sevinc hissi ilə bildirərək bu qalibiyyətə görə şəhidlərimizə, qazilərimizə, Milli Ordumuza və Müzəffər Ali Baş Komandanımıza borclu olduğumuzu vurğulayıb. A.Acalov qeyd edib ki, bu festival, həm də idman ictimaiyyətinin, qurumlararası həmrəyliyin bariz göstəricisidir. Ona görə də bu gün belə ruh yüksəkliyi və məmnuniyyətlə birlikdə yarış keçiririk.

Sonra çıxış edən "RM" idman klubunun icraçı direktoru Tural Cavadov iştirakçıları və bütün azərbaycanlıları Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsi münasibətilə təbrik edib. O, Vətən uğrunda canlarını qurban vermiş qəhrəman oğullarımızın xatirəsinin heç zaman unudulmayacağını bildirib. "Dəmir yumruq" devizi altında keçirilən idman turnirində iştirak etməyin böyük bir qürur hissi yaratdığını vurğulayan icraçı direktor bütün iştirakçılara uğurlar arzulayıb.

Turnirin açılışında iştirakçıları təbrik etmək üçün öz musiqi nömrələri ilə çıxış edən müğənnilər və rəqs qrupları tədbirə yüksək əhval-ruhiyyə qatıblar.

Qeyd edək ki, yarışlar iki gün davam edib. Yarışın birinci günündə həvəskar, növbəti gün isə peşəkar idmançılar güclərini sınayıblar. Qaliblər medal, diplom və digər mükafatlarla təltif olunublar.