Zəka sahibimiz yığma komandada yer alacaq

Zəka sahibimiz yığma komandada yer alacaq

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədovun rəhbərliyi ilə İcraiyyə Komitəsinin 2022-ci ildə növbəti iclası keçirilib.

Gündəliyə uyğun olaraq əvvəlcə 2022-ci ildə Azərbaycanda təşkil olunan yerli və beynəlxalq turnirlərin yekun nəticəsindən danışılıb. AŞF prezidenti Mahir Məmmədov 2022-ci ilin sentyabrında “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin təşkilatçılığında mühüm rol oynayan Gənclər və İdman Nazirliyinə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə və sponsorlara təşəkkürünü bildirib.

AŞF rəhbəri, həmçinin Naxçıvanda 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və bu işdə Naxçıvan Şahmat Federasiyasının böyük əməyini vurğulayıb.

İclasda Azərbaycan Şahmat Federasiyasının nəzdində fəaliyyət göstərən Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik, Regional İnkişaf, Sosial Layihələr komissiyalarının rəhbərləri cari ildə görülən işlər barədə məlumat verib, gələn il ilə bağlı təkliflərlə çıxış ediblər.

Görüşdə yığma komandaya seçim şərtləri, təqaüd alacaq şahmatçıların müəyyən olunma kriteriyaları, 2023-cü ilin büdcəsi və yeni ilin təqvimi müzakirə edilib.

2023-cü ildən etibarən Azərbaycan çempionatında birinci yeri tutacaq şahmatçının ölkənin əsas milli komandasına dəvət olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Yeni qaydaya əsasən, ölkə çempionu milli komandada ən aşağı reytinqə malik şahmatçını əvəz edəcək və il ərzində federasiyadan təqaüd alacaq.

Sonda müxtəlif məsələlərlə bağlı məhsuldar fikir mübadiləsi aparılıb.