İki boksçumuz dünya çempionatında növbəti mərhələyə vəsiqə qazandı

İki boksçumuz dünya çempionatında növbəti mərhələyə vəsiqə qazandı

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatı keçirilir. Çempionatın ilk günündə Azərbaycan milli komandasının 2 üzvü uğurla çıxış edərək növbəti mərhələyə yüksəlib. 
Mübarizəyə 1/32 finaldan başlayan boksçumuz Sənan Hətəmov (67 kq) ilk görüşdə boliviyalı dəri əlcək sahibi Neri Kanaviri üz-üzə gəlib. Rəqibinə tam üstünlüklə qalib gələn boksçumuz növbəti döyüşündə ilk mərhələdən azad olan kanadalı Yakub Blaislə qarşılaşacaq. 
Qadın boksçularımızdan Mehparə Məmmədova (48 kq) ilk döyüşünü qələbə ilə başa vurub. Mübarizəyə 1/16 finaldan başlayan təmsilçimiz növbəti mərhələyə vəsiqə uğrunda bolqarıstanlı idmançı Lyuba Atanasova ilə döyüşüb. Boksçumuz rəqibinin üçüncü raundda diskvalifikasiya olunması səbəbindən növbəti görüşə vəsiqə əldə edib. M.Məmmədova ikinci cəhdində monqolustanlı Saruul Batsayxanla qüvvəsini sınayacaq.
Onlardan fərqli, Tural Sarıyev (48 kq) Titivat Flonqauraiyə (Tayland), Rza Rzazadə (75 kq) Antonio Leyvaya (Argentina) məğlub olaraq mübarizəni dayandırıblar.
Qeyd edək ki, dünya çempionatında bu gün daha 2 boksçumuz mübarizəyə başlayacaq. Təmsilçilərimizdən Kamil Babayev (54 kq) Riçard Erazo Çaçanı (Ekvador), Aysu Dərvişova (57 kq) Quadalupe Peresi (ABŞ) sınağa çəkəcək.