Boksçularımız Karaqanda rinqə çıxacaqlar

Boksçularımız Karaqanda rinqə çıxacaqlar

Sabah Qazaxıstanın Karaqanda şəhərində boks üzrə beynəlxalq turnirə start veriləcək. 6 gün davam edəcək yarışda azərbaycanlı dəri əlcək ustaları da iştirak edcəklər. Ölkəmiz yarışda kişi boksçularla təmsil olunacaqlar.

Baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında 15 idmançı rinqə çıxacaq. Çalışdırıcılar Karaqandada Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi 51 kq), Ruslan Qədirov (54 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov, Cəlal Qurbanov (hər ikisi 63,5 kq), Nəbi İsgəndərov, İlqar Salahov (hər ikisi 67 kq), Rəşid Həsənov, Sərxan Əliyev (hər ikisi 71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcəklər.

Turnirdə ölkəmizi Rövşən Qədirov hakim kimi təmsil edəcək.

Qeyd edək ki, boksçularımız dekabrın 22-də Vətənə qayıdacaqlar.